“Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir” – İlham Əliyev

Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir.

Yenicag.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən deyib.

Azərbaycan Prezidenti vurğulayıb:

“Ödənişli ictimai iş yerlərinin yaradılması artıq bir neçə ildir ki, təmin edilir və biz bu kateqoriyaya aid olan insanların sayını ildən-ilə artırırıq. Biz 30 mindən başlamışıq. Bu il mənim göstərişimlə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu istiqamətdə artıq nəticələr vardır. Ancaq əfsuslar olsun ki, bəzi icra başçılarının cinayətkar əməllərinə görə, bu sahə də ən korrupsiyalaşmış və ən çirkin sahəyə çevrilib. O işlərə cəlb edilən insanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir. Ona görə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, onlar ümumi nəzarət və eyni zamanda, monitorinq aparsınlar. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bu işləri ciddi təhlil edin, görün nə qədər insan cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edilib. Biz bu ədaləti bərpa etməliyik.

Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”.