Kasıblıq elegiyası və yaxud kasıb ədəbiyyatı – Rəfi Müslümov yazır

Azərbaycanlılar niyə kasıb olmaqdan zövq alırlar? Niyə hər varlıya rüşvətxor, şərəfsiz, hər kasıba isə namuslu, qeyrətli deyirik?

Neçə gündür, bu sual beynimi yaman qurcalayır. Çünki sosial şəbəkələrin Azərbaycan seqmentində kasıblığı ilə fəxr edən kütləni görəndə, özümdən asılı olmayaraq, əsəbiləşirəm. Mən özüm də kasıbam, hətta orta statistik bir azərbaycanlı kimi yaşayıram, amma heç vaxt kasıblığımla fəxr etməmişəm. Ümumiyyətlə, belə ucuz şoular mənə görə çox ət tökən və mənasızdır.

Kasıblığın elegiyasını yazan, yaxud da kasıb ədəbiyyatı və jarqonu ilə özünü qürurlu və mərd göstərməyə çalışan beyinlər həqiqətən də inkişafdan geri qalırlar. Bir ata övladının istədiyini ala bilmirsə, sırf kasıbdırsa, bunun harası ilə qürur duymalıyıq? Bütün varlıları şərəfsiz elan etməklə əlimizə nə keçir?

Azərbaycan elə bir ölkədir ki, burada istisnalar belə reallaşır. Bəli, bizdə ağlına gəlməyən bütün hadisələrin baş verməsi mümkündür. Cəmiyyət olaraq hər şeyə adi baxmağı sevirik. Məsələn, sosial proqrama çıxanların çoxu kasıb təbəqədir. Problemləri də nədir? Dolana bilməmək. Gedib evini çəkəndə görürsən ki, başının üstündə damı belə yoxdur, amma doğub-töküb, indi də and-aman edir ki, yardım edin. Tamam, dövlət bütün vətəndaşlarına yardım etməlidir, amma bir də məsələnin digər tərəfini görün də. Baxa bilməyəcəyin övladı dünyaya gətirəndə nə olur? O uşağa yazıq deyil? Yoxsa, ona da kasıblıq jarqonunu “kaçatlamağı” düşünürsünüz?

Və ya məsələyə bir az başqa cür yanaşım. Yaşı 35-i keçib evlənməyən kişilər ölkəmizdə çoxluq təşkil edir. Bəziləri bunu maddiyyat məsələsinə bağlasa da, bir çoxları burada əks-cinsi hədəfə alırlar. Nə imiş? Qızlar pullu oğlan sevirmiş və s. və ilaxır. Sən 35 yaşa qədər bir iş, bir şərait özünə qura bilməmisənsə, bütün günü küçədə ondan-bundan “ştuçnı” siqaret dilənirsənsə, kim sənə qızını verər? Saf sevgi ilə qarın doymur, ay qardaş. “İki könül bir olsa, samanlıq seyran olar” sözü də gopalogiyadan başqa bir şey deyil. Özünüaldatmağın ən axırıncı yolu budur. Camaatın qızı 4 il universitet oxusun, özünə karyera qursun, sonra da gəlsin, səninlə evlənsin? Xeyirdir? Yox, axı sən saf sevgini qəlbində təcəssüm etdirən, sənə yox deyən qızları “pul ovçusu” adlandıran yaxşı qaqaşsan, sən həmişə “prav”san.

Müxtəsər, kasıb doğulmaq bizim günahımız deyil, amma kasıb olmaq bizim günahımızdır. Ona görə də yaşadığımız ölkənin standartları çərçivəsində özümüzə bir gün ağlamalıyıq. “Kasıblıq belə gəldi”, “mərdlik belə getdi”, deyə-deyə başımızı bu işlərlə aldatsaq, heç vaxt düzələsi deyilik.

Rafi Müslümov