“Düşünürəm ki, Kazandakı BRICS 2024 sammitindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalamaqla bağlı əməli tədbirlərə qısa zamanda əl atmayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloq Kazanda keçirilən BRICS 2024 sammiti çərçivəsində baş tutan geniştərkibli Əliyev-Paşinyan görüşü ilə bağlı fikirlərini bölüşüb.
S.Zahidovun fikrincə, Paşinyandan əvvəl də bu barədə açıqlamalar olub ki, Ermənistan sülh sazişinə hazırdır, maddələr razılaşdırılıb, amma 3 maddəni yekun versiyadan çıxararaq, Azərbaycan tərəfinin İrəvanın istədiyi maddələrlə razılaşmasını istəyib:
“Bu, bir daha Ermənistanın sülh prosesini bilərəkdən yubatmasının göstəricisidir. Hazırda Ermənistanın xarici siyasəti daha çox bəzən Şərqə, bəzən isə Qərbə dönən bir flügeri xatırladır. Yəni Paşinyan Kazanda başqa cür açıqlama versə də, Parisə gedəndən sonra tamam fərqli açıqlama verəcək. Bu isə bir daha Ermənistanda vahid xarici siyasət mövqeyinin olmadığının göstəricisidir”
“Ermənistan elə bir ölkədir ki, fərqli-fərqli hamilərinin göstərişlərini nəzərə alır və onların dedikləri, instruksiyaları ilə hərəkət edir. Bu baxımdan, həmin ölkələrin də regionda sülh istəmədiklərini nəzərə alsaq, İrəvanın qısa zamanda sülh sazişi ilə bağlı əməli tədbirə əl atacağını inandırıcı saymıram”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslmüov