!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kazanın işğalından ötən 466 il: Tatarlar nə itirdi, nə qazandı?

!Reklam – Yazi

“1438-ci ildə Kazan Xanlığının əsasını qoyan Uluq Məhəmmədin Kazan şəhərində heykəli yoxdur”.

1552-ci il oktyabrın 2-də uzunmüddətli mühasirədən sonra Kazan Xanlığının paytaxtı İvan Qroznının şəxsən rəhbərlik etdiyi rus qoşunları tərəfindən işğal edilib.

Tatarıstanlı ekspert, “TatPolit” Konseptual Meydança layihəsinin rəhbəri Ruslan Aysin Yenicag.ru-ya müsahibəsində tatar dövlətçiliyinin tarixindən və müasir Russiyada tatar etnosunun vəziyyətindən danışıb.

– Əsrlər boyunca Avrasiya coğrafiyasında çox geniş əraziləri idarə etmiş tatar xanlıqlarının süqutu hansı amillərlə bağlı olub?

– Qızıl Ordanın Moskva knyazlığı ilə qarşıdurmada məğlubiyyətinin əsas səbəblərindən biri kimi Türk dünyasındakı pərakəndəliyi göstərmək mümkündür. O dövrdə Moskva tam əksinə davranaraq, parçalanmış rus knyazlıqlarını birləşdirməklə məşğul idi. Obyektiv tarixçilərə istinad etsək, deyə bilərik ki, Moskoviyannın birləşdirilməsi Qızıl Ordanın təzyiqlərinə görə yox, məhz Ordanın dözümlü siyasəti sayəsində baş tutdu.

Saray rus knyazlıqlarının daxili işlərinə qarışmadı, onları zəiflətmədi, əksinə, ruslara öz uluslarından biri kimi yanaşdı. Yəni Moskoviya Qızıl Ordanın əyalətlərindən biri olaraq mövcud idi. Ancaq Ordadakı saraydaxili çəkişmələr, hökmdarların zəifliyi və başqa səbəblər mərkəzi hakimiyyətin təsir imkanlarının azalması, siyasi təşəbbüsün itirilməsi və imperiyada separatçı meyllərin artması ilə nəticələndi.
1552-ci ildə Kazan Xanlığının süqutu İvan Qroznıya Volqanın şərqindəki regionları da işğal etməyə şərait yaratdı. 1556-cı ildə Həştərxan, 1582-ci ildə isə türk Yermak tərəfindən Sibir xanlıqları işğal olunaraq Moskvaya tabe etdirildi. Bununla da Moskva üçün Böyük Sibir və Uzaq Şərqin işğal yolu açıldı.

Rezüme olaraq deyim ki, Türk xanlıqları öz zəiflikləri, pərakəndəlikləri, siyasi sadəlövhlükləri və xarici təsirlərdən qoruna bilmədiklərinə görə süqut etdilər.

– Müasir və rəsmi Rusiya tarixşünaslığında tatar xalqının tarixi necə təqdim olunur? SSRİ-nin süqutundan sonra Rusiyada tarix fənninin tədris metodikasında nə dəyişib?

– Karamzindən başlayaraq, Rusiyanın rəsmi tarixşünaslığı Qızıl Orda dövrünü çox mənfi planda göstərməyə çalışıb. Nəticədə belə alınıb ki, Rusiya sanki iki fərqli tarixə malikdir: biri Kiyev Rus Dövləti-Moskva knyazlığı-Pyotr imperiyası, digəri isə Hunlar-Monqol imperiyası-Qızıl Orda. Burada isə Qızıl Orda “parlaq tarix”in əksi və qaranlıq tərəfi kimi göstərilir.

Rusiyada XVIII əsrdən etibarən, öz hakimiyyətini möhkəmləndirən alman elitasına tatarların vəhşi köçərilər qismində təqdim olunduğu Avropasayağı ölkənin tarixi lazım idi. Eyni zamanda, alman elitasına taxt-tac hüququnu təsbit edən yeni tarixi yanaşma tələb olunurdu. Oradan isə “savadlı monarx” və “qaranlıq tatar irsi” ideyası yarandı. Guya imperator ölkəni “tatar irsi”ndən xilas edərək, mədəni Avropaya çıxarmalıdlır.

Ancaq XIX əsrdə formalaşmağa başlayan yeni mühafizəkar ziyalılar tərəfindən fərqli yanaşmanın əsası qoyuldu və onlar Moskva ilə Sarayın qarşı-qarşıya qoyulmasının əleyhinə çıxırdılar. Bu təbəqə Rusiyanı iki hissəyə bölməkdənsə, ona bütöv halda baxmağı doğru hesab edirdilər. Onları Avrasiyaçılar adlandırırdılar və həmin dairəyə mənsub tarixçilərin əsərlərində Qızıl Ordadan Moskva knyazlığına tədrici keçid öz əksini tapıb.

Bununla belə, Stalin 1944-cü ildə Qızıl Orda tarixinin öyrənilməsini qadağan etdi və Ordaya böyük Avrasiya layihəsinin davami yox, yad ideologiyanın daşıyıcısı olan düşmən kimi yanaşılmağa başlandı. Yeri gəlmişkən, Qızıl Orda tarixini israrla araşdırdığı üçün Lev Qumilyovu – Nikolay Qumilyovla Anna Axmatovanın oğlu – iki dəfə həbs düşərgəsinə salıblar. Qumilyovun bu fədakarlığı sayəsində ötən əsrin 80-ci illərində Qızıl Orda tarixinə böyük maraq yarandı.

SSRİ-nin süqutundan sonra ideoloji-totalitar qadağalar xeyli zəiflədi və nəticədə Qızıl Ordaya dair tarixi həqiqətləri yazmaq imkanı əldə edildi. Tatarıstan, Başqırdıstan və başqa respublikalar bu imkandan yararlanaraq tarixi ədalətin bərpasına cəhd göstərdilər.

Lakin son 10-15 ildə “tarixin təkərləri” yenidən geri döndərildi və dövlət yenə də ideoloji boltları sıxmağa başladı. Artıq Rusiya tarixi qərəzli şəkildə, birtərəfli qaydada təqdim olunur, Moskvanın imperialist siyasətinə haqq qazandırılır və qeyri-rus xalqların sıxışdırılması “əsaslandırılmağa” çalışılır. Orta məktəblərdə tarix fənninin tədrisi tam klerikallaşıb. Bu isə Moskvanın Rusiya xalqlarının dil hüquqlarını pozmasının bariz sübutudur.

– Hazırda tarix dərsliklərində tatar xanlarının, qəhrəmanlarının reabilitasiyasına nail olunub? Çünki Sovet dövründə İvan Qroznının adı ətrafında kult yaradılmışdı, şəhər və kəndlərə rus dvoryanlarının adları verilirdi və sair…

– Çox təəssüf ki, tatar xalqının qəhrəmanları hələ də faktik ideoloji qadağa altındadırlar. Təsəvvür edin ki, 1438-ci ildə Kazan Xanlığının əsasını qoyan Uluq Məhəmmədin Kazan şəhərində heykəli yoxdur. Kazanın qəhrəman müdafiəçilərinə də heç bir xatirə abidəsi qoyulmayıb. Buna baxmayaraq, Kazanın işğalı zamanı həlak olan rus əsgərlərinə şəhərdə abidə ucaldılıb.

Dərsliklərlə bağlı da vəziyyət eynidir – orada yalnız rus xalqının, pravoslavlığın və monarxların tarixi yazılıb. Tatarlara, yakutlara, fin-uqorlara, Qafqaz xalqlarına heç bir yer verilməyib. Son olaraq isə xalqların ana dilinin məcburi tədrisini ləğv etdilər.

– Tatarlar vaxtilə say çoxluğuna malik olduqları məlum regionlarda 500 il sonra milli azlıqlara çevriliblər. Bunun səbəbi nədir?

– Səbəblər çoxdur. Maraqlıdır ki, Kazan Xanlığı işğal olunanda türklərlə slavyanların say nisbəti təqribən eyni idi – hər iki tərəfdən 7 milyon nəfər. Üstündən 450 il keçəndən sonra rusların sayı dəfələrlə artsa da, tatarların sayı elə o qədər qalıb. Əlbəttə, burada tatarların fiziki məhvi, miqrasiya və assimlyasiya proseslərinin ciddi təsiri olub. Bununla belə, tatarlar həm regionda, həm də bütövlükdə Rusiyada sayca ikinci ən böyük etnos kimi qalmaqdadırlar.

Qafqaz Ömərov

www.yenicag.az

1692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv