!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəbinlə ikinci arvad almaq olarmı? - Çoxarvadlılığın dini və hüquqi yolları

!Reklam – Yazi

Qədim dövrlərdə çoxarvadlılıq, şərqdə çox kənizlilik yalnız zəngin, yüksək mövqeli insanlara əlçatan idi, qanunlar da onların istəyinə görə tənzimlənirdi.

Kişiyə ikinci arvad almaq, yalnız birinci sonsuz və çox xəstə olarsa icazə verilirdi.

Çox arvadlılıq şumerlərdə də olub. İlk yazılı sivilizasiya olan şumerlərdə yazılı qanunlara görə, kişiyə ikinci arvad almaq yalnız birinci sonsuz və çox xəstə olarsa icazə verilirdi.

Orta əsrlərdə Çin, Hindistan, Osmanlı imperiyası, hətta Amerikada çox arvadlılıq uzun illər davam edən müharibələrə görə dövrün demoqrafik tələbi idi. Müharibələrdə kişilər ölür, daha çox qadın dul qalır. Onların həyatının ailə şəraitində davam etməsi və bir kişi tərəfindən təmin olunması üçün ikinci nikahdan başqa yol yox idi.

Hər üç dində çoxarvadlılıq olub

Yəhudilərin Tövratında poliqamiya barədə yazılıb. Hələ qədim Misirdə və sonradan xristianlıq yayılan ərazilərdə yəhudilər arasında çoxarvadlılıq var idi. İbrahim peyğəmbər övladı olmadığı üçün ikinci arvad alır və ondan oğlu dünyaya gəlir. Lakin Qerş tərəfindən çoxarvadlılığa 1000 illik qadağa qoyuldu. Bu qadağanın bir səbəbi yəhudi tacirlərin öz arvadlarını evdə qoyub, səfər etdikləri ölkədə evlənmələri, sonra o arvadları Avropaya gətirmələri idi. Bununla yəhudi qadınları təkliyə məhkum olurdu. Müasir İsraildə çoxnikahlılıq qəbul edilmir.

Xristianlıq gəldikdən sonra çoxarvadlılıq dini baxımdan günah hesab edildi. Kilsə bunu belə əsaslandırır ki, Adəmin bir arvadı olub və kişinin qabırğasından bir qadın yaradılıb.

Əgər Allah lazım bilsəydi, Adəmdən qabırğasından iki qadın çıxarardı və onun çox arvadı olardı.

Yeganə dindir ki, müqəddəs atalar, yepiskoplar ümumiyyətlə evlənmir. Bu da xristianların əsas peyğəmbəri İsanın subay olması ilə əlaqələndirilir.

Xristianlıqda kişinin bir neçə dəfə evlənməsinə qadağa yoxdur. O boşansa, ya dul qalsa evlənə bilər. Amma bununla belə Tanrı dərgahında birinci nikah müqəddəs hesab edilir.

Lakin kilsənin də qanunlarına qarşı çıxanlar olub. XIII əsrdə alman qrafı Lambert fon Qleyxen türk sultanının qızını qaçıraraq, onu ikinci arvadı elan edir. Roma Papası məcbur qalaraq, qrafın birinci arvaddan boşanmadan türk qızı ilə də evlənməsinə icazə verdi. 1650-ci ildə 30 illik müharibədən sonra katolik kilsəsinin torpaqlarında kişi itkisi çox olduğu üçün balansı tənzimləmək məqsədilə 10 il ərzində ikiarvadlılığa icazə verilir.

İslam kişilərin ürəyindən xəbər verdi

İslam dini və Qurana görə müsəlman kişiyə eyni vaxtda 4 arvad almaq icazəsi var. Amma kişi ömür boyu bir arvadla da yaşaya bilər. Orta əsrtlərdə kənizlər rəsmi arvad hesab edilmirdi. Osmanlı sultanlarının 100-ə yaxın kənizi olurdu, amma onların rəsmən 1-2 arvadı olub.

Məhəmməd peyğəmbər 25 yaşında ikən ilk dəfə özündən 15 yaş böyük qadınla rəsmən evlənir və 45 yaşına kimi eyni qadınla evli qalır və başqa arvad almaq fikrinə də düşməyib. Yalnız ilk arvadı öldükdən sonra bir müddət tənha qalan peyğəmbərə ikinci arvad barədə tövsiyələr edilir. Sonradan müəyyən səbəblərdən eyni vaxtda 2 arvadla nikahda olub.

Azərbaycanda dədə-baba adəti

Azərbaycan uzun müddət Rusiya İmperiyasının tərkibində olduğu üçün Rusiyanın qəbul etdiyi qanunlarla tənzimlənirdi. Daha sonra Sovetlər İttifaqının tərkibində eyni hüquqi normativlər keçərli idi. Rusiya imperiyasında rəsmi olaraq çox arvadlılıq qadağan idi. Lakin qeyri-qanuni və qeyri-leqal olaraq zəngin tacirlər, varlılar səfər etdikləri digər şəhərlərdə qadın saxlayırdılar. Daha sonra sənəddə, pasportda ailə vəziyyəti barədə qrafa açıldıqdan sonra, bunun da qarşısı alındı.

Ötən əsrin 20-ci illərində Çar Rusiyası, daha sonra Sovet hökuməti Qafqaz və Orta Asiyada – qazaxlar, türkmənlər, qırğızlar arasında çoxarvadlılığa qarşı təbliğat apararaq, müsəlman regionlarında qədimdən qalan bu adətin sonuna çıxmağa çalışıblar. Amma tarixi məlumatlara görə, Azərbaycan və Orta Asiyada II Dünya Müharibəsi dövrünə kimi ikinci arvad almaq var idi və məhz bu illərdə kişilər ikinci arvadı dini kəbinlə almaq yolunu daha çox seçirdilər. Eləcə də ailədə əgər evli qardaş ölərdisə, onun arvadını digər qardaşa almaq adəti var idi.

Bəzi cəza, cərimələrin işə yaramadığını görən SSRİ-də 1960-cı ildən Cinayət Məcəlləsində çox arvadlılığa görə 1 illik həbs cəzası əlavə edir. Lakin bu da kişilərin ikinci arvad istəyinə sədd çəkə bilmir. 1960-cı ildən 1988-ci ilə kimi SSRİ-nin müxtəlif dövlətlərində iki arvad alan, saxlayan və rəsmi sənədlərlə maxinasiya edən onlarla fakt üzrə məhkəmə işləri olub.

SSRİ-dövründə yüksək rütbəli insanlar, zəngin adamlar və ya sadəcə arvadbazlar nə rəsmi nikah, nə də kəbin lazım olmadan, məşuqə saxlamaq dəbi yaradırlar. Bir çox rayon katibləri, partiya sədrləri, hətta Kreml rəsmilərinin qeyri-qanuni arvadları olub və çox zaman bu qadınlar onların katibələri qismində çalışırdı.

Kişi birinci arvadın xəbəri olmadan gizli kəbinlə ikinci arvad ala bilərmi?

Hazırda Azərbaycan qanunlarına görə kişi bir dəfə rəsmi evləndikdə onun adı Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) idarəsində sistemə düşür və bir kişinin eyni vaxtda digər qadınla rəsmi nikahı mümkünsüz olur. Elə bu səbəbdən kişilər ulu babalarının gizli metoduna üz tutmağa başlayır: din icazə verir, deməli, kəbinlə daha 2-3 arvad ala bilərəm. Bir çox hallarda məscidlərdə kişidən rəsmi nikah sənədi istənilmədən, eləcə də kəbinin digər şərtlərinə əməl olunmadan sadəcə qadın və kişinin iştirakı ilə kəbin kəsilirdi. Bu zaman cütlüklər kəbinin toydan və ZAQS-dan öncə bağlandığını bəhanə gətirirdilər. Azərbaycanın bölgələrində hələ də ZAQS olmadan sadəcə toy və kəbinlə qurulan ailələr var. Bu ailələrdə nikahın rəsmiləşdirilməsi ancaq uşaq doğulandan sonra yada düşür. İslamşünas Elşad Miri birinci arvadın icazəsi və xəbəri olmadan ikinci qadınla açıq və ya gizli evlənmək haram olduğu deyir. “Hazırda bəziləri din xadiminin yanına gedir, 2 nəfər də şahidi olur və kəbini kəsilir. Birinci arvadının isə bundan əsla xəbəri olmur. Qadının haqqını tapdalayan, birinci arvada qarşı belə biabırçı hərəkətlər edənləri dinimiz qəbul etmir. Bu dindən öz məqsədləri üçün istifadə edənlərin və ya dindən xəbəri olmayan insanların elədiklərinin nəticəsidir”.

İslama görə kəbinin şərtləri necə olmalıdır?

Vəli və 2 etibarlı şahid olmadan kəsilən kəbin batildir. Burda vəli – ata, baba, qardaşlar, əmilər və s. nəzərdə tutulur. Onlardan biri mütləq kəbin zamanı razılığını verməlidir. Vəli xüsusilə qadınlar üçün vacibdir. İslama görə kəbin – nikah əqdidir.

Bu, tərəflərin razılığı, birbaşa iştirakı ilə olur. Hər iki yetkin insan ailə qurub, həyatlarını birləşdirdiklərini açıq elan edirlər. Bu zaman mütləq mehriyyə olmalıdır. Mehriyyə kişnin mal və pulundan qadına verilən əqd payıdır. Bu indiki halda qızıl hesab edilir.

Qadının və kişinin xəbəri olmadan, ata-ana, böyüklər və mollanın işbirliyi nəticəsində kəsilmiş kəbin qeyri-qanuni və haram sayılır. Kəbin qadın-kişi boşanma qərarı verdikdə yenidən dini idarə və ya axunda müraciət olunaraq geri oxunur və ləğv edilir. Rəsmi nikahdan boşanan insanlar mütləq kəbini də pozmalıdır. Kəbin zamanı verilən mehriyyə qadında qalır və geri tələb oluna bilməz.

İlahiyyatçı Hacı Şahin qeyd edir ki, “Bilərəkdən kəbin kəsilmədən qurulan müsəlman ailədə doğulan uşaq halalzadə hesab olunmur. Bundan xəbəri olmadan qurulan ailələr qanuni ailə sayılır. Lakin dini kəbinsiz ailədə doğulan körpə zinadan olan körpələr sayılmır. Zina məqsədli və qeyri-qanuni cinsi münasibətdir. Kəbin legitim münasibətdir, o gizli ola bilməz. Kəbin zina və nəfsə, günah münasibətə pərdə ola bilməz. Savadı, şəxsiyyəti, düşüncəsi olan şəxs rəsmi nikahla yanaşı kəbini də seçir”.

Kəbin kağızının heç bir hüquqi əsası yoxdur

Azərbaycan nikah qanunvericiliyinə görə, molla və axund tərəfindən verilmiş kəbin kağızı, hətta kəbin zamanı şahidlərin olması, video-foto görüntünün olması da heç bir etibarlılıq daşımır, məhkəmədə sübut predmeti deyil. Hazırda məhkəmələrdə vərəsəlik, ev bölgüsü, boşanma üzrə məhkəmə işlərində dövlət qeydiyyatı olmadan evlənən vətəndaşlar problemlərlə üzləşir.

Vəkil Samir Cəfərov deyir ki, paytaxtda yox, bölgələrdə kəbinlə evlənmək məsələsi hakim və vəkillərin işini çətinləşdirir. “Oğlan-qız evlənib, 2 ildən sonra boşanırlar, amma uşağın hələ sənədi yoxdur. Aliment məsələsində qız və ailəsi toy kaseti, kəbin kağızını əsas gətirir. Amma bütün bunlar rəsmi nikah əvəzi sayılmır. İstənilən halda, kəbinli və ya kəbinsiz dünyaya gələn uşağın atasını qadın bilirsə, onun atalığının təyin edilməsi barədə müraciət edib, bunu təyin edib, aliment ala bilər. Amma kişi-qadın və ailədəki uşaqların müqəddəratını yalnız rəsmi nikah, yəni el dilində ZAQS həll edir”

Bəs birinci arvad ərinin gizli, başqa qadınla kəbinlə münasibətdə olduğunu bildikdə və bunu sübut edərsə, qanun kimin tərəfində olur?

“Qanun yalnız kişi hansısa saxta yollarla, sənədlə birinci nikahı pozulmadan, rəsmi nikah bagladıqda cəza nəzərdə tutur. Əgər kişinin kənarda başqa qadınla kəbinli münasibəti üzə çıxarsa, qanuni həyat yoldaşı sadəcə məhkəməyə boşanma üçün müraciət edə bilər. Məhkəmədə gətirdiyi gizli kəbin arqumenti isə kişiyə heç bir əlavə cəza vermir. Bu, insanların vicdan, əxlaq, ailə dəyərləri məsələsidir.

Çoxarvadlılıq cana faydalıdır

2009-2011-ci illər arası antropoloq alimlər qrupu çoxarvadlılığın kişi sağlamlığı və o ailədə doğulan uşaqlara təsirini araşdıran elmi tədqiqat aparıblar. Tanzaniyada 3584 ailə araşdırılıb, burda uşaqların yaşı 5 yaşa qədər idi.

Tədqiqat çoxarvadlılığın ailədə uşaqların sağlamlığı və qidalanmasına, eləcə də tərbiyəsinə mənfi təsir göstərməsi barədə yayılan fikirləri alt üst etdi. Əksinə çoxarvadlı olan kişilər daha sağlam idilər, psixoloji vəziyyətləri stabil idi, o ailələrdə olan uşaqların sağlamlığı təknikahlı ailələrdən daha yaxşı idi.

2008-ci ildə ekoloqlar Virpi Lummanın apardığı araşdırma da göstərdi ki, çoxarvadlılıq icazə verilən ölkələrdə kişilərin ömrü təkarvadlılıq olan ölkələrdən daha çoxdur./gent.az/

www.yenicag.az

2280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv