Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keçmiş Bakıya atlı tramvay ilə səyahət - FOTO

Müasir şəhər həyatının getdikcə sürətlənməsini artıran əsas amillərin küçələrdə şütüyən müasir brend maşınlar və demək olar ki, uşaqdan böyüklərə kimi hər kəsin əlində olan mobil telefon aparatları olduğunu hamılıqla artıq çoxdan qəbul etmişik.

Doğma paytaxt küçələrində gəzərkən şəhərin qədim tarixi binaları ilə bugünkü çağdaş göydələnlərin bir-birini tamamlamasına fəxrlə baxırıq. Hər səmti öz hekayəsi, yaranma əhvalatları ilə zəngindir – şəhristan Bakımızın. İnsan dayanacaqlardakı sərnişinlərin avtobuslara tələskən əyləşərək ünvanlarına yol almasını, parklarda adamların bəzən ərkyana yüksək səslə telefonda danışmalarını seyr etdikcə…həqiqətən də su kimi axan zamanın əllə saxlanmasının mümkün olmadığı hisslərinə bürünür.., lakin bir tərəfdən də həmin anın mobil aparatlarla yaddaşlara həkk olunması təsəllisi adamı tilsimləməməyə bilmir. Düşünürsən, görəsən keçmiş Bakı sakinləri o qədər də uzaq olmayan gələcəkdə fortepiano uzunluğunda olan telefon cihazlarının nəinki hər kəsin cibinə sığar ölçüdə kiçiləcəyini və hətta eyni anda həm də şəkil çəkə biləcəyini heç təsəvvür edərdilərmi ki?!.. Bu sualları özlüyümdə keçmiş binalara baxaraq sorğularkən, anidən daha bir sual məni düşündürür: bəs biz Vətənimizdə ilk kütləvi daşıma nəqliyyat vasitəsinin və ya telefonun tarixçəsini bilirikmi? Axı bu modern-sürətli yaşam tərzi – illərlə yavaş surət alaraq gündəlik rəqəmsal həyatımızın bir parçası olmuşdur. Hələ bunların nə vaxtsa dəbdən düşə biləcəyini ağlımızdan belə keçirmədiyimizi demirəm.

Biz bu şəhərdə yaşayırıq, amma sanki, olub keçənlərə biganəyik. Dünənimizi sorğulamırıq, öyrənmirik, onunla daha yaxından tanış olmaq istəmirik. Elə isə gəlin bir anlıq indiki iri prospektli küçələrdən keçərək keçmiş Bakıya səyahət edək. Bəli, elə olduğumuz işıqforlu, yeni bəyaz piyada keçidli yolun digər tərəfinə keçək və özümüzü atlı konkaya minmək üçün çatdıraq…

Bakı aprel,1889-cu il…Şəhərdə ilk dəfə dəmir relslər üzərində atların qoşqu kimi çəkdiyi tramvay nəqliyyat vasitəsi xalqın istifadəsinə verilir. Bu ölkə tarixində indiki anlayışla avtobusların atası sayılır. Daha əvvəllər bir yerdən digər məntəqəyə getmək üçün əsasən, faytonlardan istifadə edən əhali bundan sonra daha mütəşəkkil, əsrinin qabaqcıl nəqliyyatı ilə tanış olur. Bakıda bu kütləvi daşımacılıq vasitəsinə Rusiyadakı kimi “atlarla” mənasına gələn – konka adı verilir. Şəhər əhalisinin böyük coşqu və rəğbətlə qarşıladığı bu xeyirxahlığın təşəbbüspərəst öncüsü də məhz Hacı Zeynalabdin Tağıyev olub. Bu səbəbdən hətta onun rəhbərlik etiyi Atlı-Dəmiryol Səhmdar Cəmiyyəti də təsis edilib. Konka yay aylarında pəncərəsiz, qış aylarında isə pəncərələrlə qapadılmış nəqliyyat vasitəsi olub. Gediş haqqı dövrünün məbləği ilə 5 qəpiq idi. Yay aylarında bəzi cavanmərdlər konkanın damına çıxar, beləcə onlar üçün gediş haqqı 3 qəpiqdən hesablanarmış. Belə nəql olunur ki, şəhərin bəzi gənc dəliqanlı bəyləri faytonu sürətli idarə edərmiş və bu da faytonlarla konka nəqliyyatının qəzasına da səbəb olardı…Bəzən hövsələsi çatmayan tələskənlər dayanacağa çatmadan öz məhəllələrində konkadan atlayar, belələrinin arasında yıxılanlara da az rast gəlinməzmiş.

Bəsit sükanı varmış qədim atlı tramvayın. Belə ki, onu sürənin bir əli atların cilovunda, digər əli isə əyləc mexanizmasını idarə edən cihazın üstündə olarmış. Bu nəqliyyat vasitəsində adətən bir də kanduktor olardı. Bakının bəzi küçələri enişli olduğundan atlar oranı çətin qalxarmış, bəzən isə ilişib yerində qalardı. Elə həmin andaca yerli uşaqlar konkaya yaxınlaşar və onu azacıq itələyərək kömək edərdilər. Hə bir də xüsusən qeyd edək ki, Bakı konkası keçmiş çarlıq ərazilərində yeganə marşrut vasitəsi olub ki, orada sərnişinlərə siqaret çəkmək qadağan edilmişdi. Baxmayaraq ki, vaqonlar iki kupeli idi. Düşünürəm ki, bu qadağa olmasa idi belə azərbaycanlılar əsla qadınların və azyaşlıların olduğu yerdə tütündən istifadəni özlərinə rəva bilməzdilər. Adətən də şərqlilərə məxsus qayda üsulu ilə qadınlar və kişilər ayrı kupelərdə gedərdi.

Bir az da konkanın yol marşrutlarını nəql edim. Əminəm, çoxlarımız hələ də həmin yollarda bu gün də gedib-gəlməkdədir. Müasir küçələrlə əsas istiqamətlər: 1) Vağzal, Telefonnaya (indiki 28 may), Fəvvarələr meydanı, Neftçilər Prospekti-Bayıl, 2) Vağzal, Balaxanskaya (indiki Füzuli küçəsi, Nizami,-Şamaxinka, 3)Vağzal, 28 May, Nobel qardaşları,- Ağ şəhər. Adı keçən marşrutların əks istiqamətlərinin olduğunu da unutmayaq. Daha sonraları isə dəmir yolu stansiyalarına gedən xətlər də istifadəyə verilmişdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Bakı konka kütləvi daşımacılığı azərbaycanlı imkanlıların ianəsi ilə ərsəyə gəlib. İstifadə vaqonları İsveçrə və Rusiya istehsalı olub. İş saatları səhər saat 07:00 dan axşam 21:00-dək olan nəqliyyat vasitəsinin öz qarajları və atların saxlandığı yerləri olub. Atlı- Dəmiryolu Səhmdar Cəmiyyəti bütün işçilərin qeydinə qalma məqsədilə onların maaşlarını və tibbi xərclərini vaxtında təmin edərmiş. Bakı küçələrində son atlı konka 1923-cü ildə görünüb…onu daha müasir elektrikli tramvay əvəz edib.

Atlı tramvayın şəhər marşrutunu qeyd edərkən orada indiki 28 May küçəsinin keçmiş adının Telefonnaya olduğunu təsadüfən yazmadım. Həmin küçə də ölkəmizin tarixi kimi çox keçməkeşli illər, tale yaşayıb. Gəlin oradan da keçək…Belə ki, 1883-cü ildə Bakı Dəmiryolu Vağzalı istifadəyə verildikdən sonra həmin ərazi bir müddət “Vağzalnaya” adlanıb. Daha sonra Azərbaycan tarixində böyük texniki nəaliyyətlərdən sayılan Bakıda ilk telefon stansiyası və xətləri 1886-cı ildən burada istismara verildiyi üçün küçənin adı həmin ildən telefonlar məhləsi şərəfinə Telefonnaya adını daşımağa başlayıb. Düzdür, şəhərdə ilk telefon xətləri 1881-ci ildən çəkilməyə başlayıb. İlk başlarda da bu xətlər əsasən, “Qafqaz və Merkuri” Gəmi Cəmiyyəti ilə Bakı limanında olan “Kaspi” Neft Cəmiyyətini əlaqələndirirdi. Həmin ildən isə məşhur Nobel qardaşları cəmiyyəti – şirkətin baş mühəndisləri ilə təcili əlaqənin yaranması üçün öz binaları ilə mühəndislərin evlərinə telefon xətti çəkdirmişlər. Bu haqda daha ətraflı başqa qaynaqlarda da rast gəlmək mümkündür.

Bizə maraqlı gələcək məqamlardan biri isə tez zamanda telefonun ölkə əhalisinin ayrılmaz, vazkeçilməz bir parçasına çevrilməsidir. Azərbaycan rabitəsi mərhələ adlayaraq Bakı-Dərbənd-Petrovsk (1903), Bakı-Salyan (1903), Bakı-Gəncə-Tbilisi (1911), Bakı-Tbilisi (1913), Bakı-Tehran (1913) və Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə artıq qonşu Rusiya, Gürcüstan və İranla birbaşa telefon xətləri istifadəyə verilib. Daha sonralar isə milyonçu Musa Nağıyevin təşəbbüsü və hökumətə müraciəti əsasında 1911-ci ildən şəhərin bəzi yerlərində telefon taksafonları quraşdırılıb. Xüsusi olaraq əlavə etmək istərdim ki, 1927-ci ildə Avropanın ən uzun telefon xətti (uzunluğu 3268 km olub) məhz Bakı-Leninqrad (indiki Sankt-Peterburq) şəhərləri arasında çəkilib.

Burada haşiyəyə çıxaraq bildirək ki, dövrünün ölkə tarixində rabitə intibahı yaşanarkən burada fəaliyyət göstərən insanları da özənlə seçərdilər. Xüsusi dərs və təcrübə proqramı keçən əməkdaşlar sınaqla seçildikdən sonra işə qəbul edilərdi. Burada işləyən xanımlar mütləq 18-30 yaşlar arası və ən azı 1.65 sm boy hündürlüyünə malik olmalı idilər. Səbəb? Bir anlıq telefon stansiya mərkəzlərini təsəvvür edin. Yazının ilk abzasında da yazdığım kimi, Erikson firmasından olan telefonlar indiki fortepiano uzunluğunda idi. Əyləşən xanım işçilər oturaq vəziyyətdə zəng naqillərini birləşdirmək üçün buna mütləq əlləri çatmalı idi. Həmin qızlar ailə qurmuş insanlardan seçilməzdi. Buna səbəb isə o idi ki, ailə/uşaq işlərinə dair fikirlər onların yalnışlığa yol verməsinə səbəb ola bilərdi. Ailə quran xanımlar işdən azad olunardı, lakin yerli poçt, telefon idarəsinin personalından biri ilə nikah olduğu təqdirdə – işdə saxlanma icazəsi verilərmiş. Ümumiyyətlə, telefon xətləri işlərində çalışan bütün əməkdaşlar peşəkar və bir neçə əcnəbi dildə danışa biləcək insanlardan seçilərdi.

Gəlin qayıdaq vağzaldakı Telefonnaya küçəsinə – 1913-cü ildə Çar Romanovlar sülaləsinin 300 illik hakimiyyət yubileyi münasibətilə küçənin adı Romanovski adlanır. Milli Cühmuriyyətimiz qurulan dövrdə, yəni 1918-ci ildən həmin küçəyə Ser Uilyam Hirleyn Lindleyin adı verilir. Hansı ki o, Bakıya Xudatın Şollar kəndindən içməli şirin su kanalını çəkən məşhur ingilis mühəndis idi. Əfsuslar olsun ki, xalqımızın böyük dostu olmuş bu adamın adına hal-hazırda ölkəmizdə nə küçə adı, nə xatirə lövhəsi, nə də bir büst mövcuddur…Ancaq Avropanın bir sıra şəhərlərində onun adı müxtəlif şəkillərdə əbədiləşdirilib. Heç olmasa sima olaraq onu tanıyaq deyə, vəfa borcumuz olaraq yazımda Ser Lindleyin foto şəklini paylaşıram.

Son dəfə Bakıda onun adını daşıyan küçə 1923-cü ildə kommunistlər tərəfindən 28 Aprel olaraq dəyişdirilir. Müasir dövrdə isə həmin küçə hər birimizin iftixarla səsləndirdiyimiz – Respublika günü şərəfinə verilən 28 May adlanır.

Məncə, bizi keçmiş Bakıda gəzdirən atlı konkadan düşüb artıq müasir Bakıya qayıtmağın vaxtıdır. Düşünürəm ki, nə qədər gündəlik işlərimiz çox olsa da, bəzən Özümüzə qayıdaraq bu günlərə necə gəldiyimizi axtarmalıyıq. Bu, hər birimizin borcudur. Haradan gəldiyimizi unutsaq, gələcək nəsillər bunu bizə bağışlamaz.

Əbülfəz ŞEYDABƏYOV

Loading...

www.yenicag.az

3070
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100