Keçmiş deputatın oğlu aylıq qazancını AÇIQLADI: Villa, bağ, bahalı avtomobil… – VİDEO

Bir neçə gün öncə, tanınmış reper Anar Nağılbaz feysbuk profilini yalnız paylaşımlar üçün istifadə edəcəyini, heç kimlə ünsiyyət qurmayacağını bəyan edib.

Yenicag.az-a müsahibə verən “Repin atası” bunun səbəbini izah edib. Nağılbaz keçmiş uğurları və bir ayda qazandığı pullardan da danışıb:

– Status yazdınız ki, sizi heç kim narahat etməsin, axtarmasın. Amma səbəbini izah etmədiniz. Nə baş verir?

– Hərdən adam bezir, sakitliyə çəkilmək istəyir.

– Bəs indi nə işlə məşğulsunuz?

– Yaradıcılıqla məşğul oluram.

– “Repin atası” sayılan Anar Nağılbaz şou gündəmini dəyişmək fikrində deyil?

– Xalq artisti Brilliant Dadaşova ilə birgə yeni mahnılar üzərində işləyirik. Yeni mövsümdə tamaşaçılar həmin mahnıları eşidəcək.

– Bir vaxtlar ən “bərkgedən” və daha çox pul qazanan reper idiniz. Repdən böyük məbləğdə qazanc əldə etdiyiniz dövr hansı illərə təsadüf edir?

-1993-1998 və 2000-2004-cü illər. 1993-1998-ci illərdə aylıq qazancıma bahalı avtomobil almaq olurdu. 2000-2004-ci illərdə isə aylıq qazancıma şəhərin yaxşı yerlərində 20 sot torpaq almaq olardı.

28 may Respublika Günü münasibəti ilə keçirdiyimiz “Aypara” rep festivalında 1-ci yerə çıxan qalibə 28 qram qızıldan hazırlanmış aypara hədiyyə verirdik. “Qaydasız döyüş” rep çempionatında isə qalibləri 12-15 qramlıq qızıl medallarla təltif edirdik.

– Bəs layihələriniz haradan maliyyələşirdi?

– Müxtəlif təşkilat və sponsorlarla birgə çalışırdıq. Əsas təşkilatçı mənim rəhbərlik etdiyim “Azəri İmic Servisi” adlı şirkət idi. Həmin layihələrin münsiflər heyətində adlı-sanlı sənətçilər təmsil olunurdu.
Mənim rəhbərlik etdiyim həmin təşkilat Qafqazın indiyə qədər də ən böyük prodüser mərkəzi hesab edilir. «8-ci» mikrorayonda 12 sotun içində 2 mərtəbəli binamız da var idi.

– Şirkətinizin sonrakı aqibəti necə oldu?

– 2004-cü ilin sonlarında fəaliyyəti dayandırıldı.

– Səbəb nə oldu bəs?

– Həmin vaxt İctimai televiziyada Telefilm departamentinə direktor müavini təyin edildim və şirkətin fəaliyyətinə xitam verdim.

– O qazancdan özünüz də bəhrələnə bildinizmi – villa, bağ, bahalı avtomobil…

– Xeyir. Qazancımızı gənc həmkarlarımızın tanıtımına, kliplərə, filmlərə, verilişlərə və bir yerdə səyahətlərə xərcləyirdik. Ona görə də gənc həmkarlarım məni çox istəyirlər.

– Hərdən keçmişi bu günlə müqayisə edəndə repi seçdiyinizə görə peşmanlıq hissləri yaşayırsınız?

– Repə hobbi kimi yanaşıb, başqa bir işin qulpundan yapışsaydım, ən azından stajım olardı. Yaşlananda təqaüd almaq üçün staj lazımdı.

– Deputat oğlu olmağınız necə, qapıları üzünüzə taybatay açıb?

– Mən heç vaxt atamın adından istifadə etməmişəm. Özümə görə hörmətim olub. Sadəcə yaxşı bir kişinin oğlu olmaq mənə qürur və adıma da sanbal verib.

– Şöhrətdən başınızın gicəlləndiyi vaxtlar olub?

– Ad insanı yox, insan öz adını uca edir. Mənim üçün şöhrət, var-dövlət, pul, maşın heç vaxt önəm daşımayıb. Xüsusi heç bir dəyişiklik olmayıb. Gözəl tanışlıqlar olub.

– Həyatınızda elə səhvləriniz olub ki, bugün xatırlayanda əzab çəkirsiniz?

– Səhvsiz insan yoxdur və ola da bilməz. Uşaq da yıxıla-yıxıla böyüyür. Əsas odur ki, həmin səhvləri günahlara çevirməyək.

Cəvahir
Yenicag.az

COP29