“Nəhayət DTX-ya həqiqi peşəkar rəhbər gətirildi”
Yenicag.az-a bu sözləri Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyində baş verən dəyişkiliyi şərh edərkən keçmiş kəşfiyyatçı İlham İsmayıl deyib.
İlham İsmayıl bildirib ki, faktiki olaraq xüsusi xidmət orqanlarına bugünə qədər polis işçiləri rəhbərlik edirdi:
“Eldar Mahmudov da, Mədət Quliyev də polisdən gəlmiş adamlar idi. Əli Nağıyev isə xüsusi xidmət orqanlarında əməliyyatçıdan general rütbəsinə qədər uzun yol keçib. O, istər sovet, istərsə də müstəqillik dövründə bu sistemdə işləyib. Əli Nağıyev bu sahə üzrə peşəkar kadrdır. Eldar Mahmudov həbs ediləndə bildirmişdim ki, iqtidar o vəzifəyə Əli Nağıyevi təyin edəcək. Üzdə olan və ən bacarıqlı şəxs odur. Hesab edirəm ki, hakimiyyətin bu seçimi düzgündür. Bu təyinatı alqışlayıram və inanıram ki, Əli Nağıyev xüsusi xidmət orqanına uyğun olan bütün fəaliyyətləri həyata keçirəcək. Həm bəzi şeyləri yenidən canlandıracaq, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsini artıracaq”.
DİN-də baş verən dəyişiklik və Mədət Quliyevin Müdafiə Sənayesi Nazirliyinə gətirilməsi ilə bağlı isə İlham İsmayıl bunları deyib:
“Hesab edirəm ki, DİN-də xüsusi bir dəyişiklik olmadı. Vilayət Eyvazov uzun zaman idi ki, Ramil Usubovun müavini idi. Ramil Usubov isə uzun zaman idi ki, nazir postunu tuturdu. DİN-də xüsusi bir dəyişiklik yoxdur, yalnız kadr dəyişikliyi oldu. DTX ilə müqayisədə DİN-dəki dəyişiklik nazirliyin işində bir o qədər də fərq yaratmayacaq. Zatən Vilayət Eyvazov DİN-in əsas işini görən şəxslərdən biri idi”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev imzaladığı sərəncamlar ilə güc strukturlarının rəhbərlərinin vəzifə yerlərini dəyişmişdi. Sərəncamlara əsasən, DTX rəisi Mədət Quliyev vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin edilib, onun yerinə isə Əli Nağıyev gətirilib. DİN rəhbəri Ramil Usubov isə tutduğu vəzifədən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib, onun yerinə isə müavini Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə gətirilib.
Səxavət Məmməd