Ölkənin keçmiş müdafiə naziri Rəhim Qazıyevə Binəqədi rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 10 sutka həbs cəzası verilməsinin qanunauyğunluğu mübahisə doğurub.
Yenicag.az xəbər verir ki, keçmiş nazirin həbsi ətrafında davam edən müzakirələrdə onun barəsində verilmiş 10 sutkalıq həbs cəzasının İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə zidd olduğu bildirilir.
Həmin maddəyə əsasən, müəyyən kateqoriyaya aid vətəndaşlar barəsində inzibati qaydada həbs cəzası verilə bilməz. Bu məhdudlaşdırıcı qayda sözügedən maddənin aşağıdakı müddəalarında açıq göstərilib:
“30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.
30.2. Hamilə qadınlar və ya himayəsində 14 yaşınadək uşağı olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, I və ya II qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin, hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidməti başa vurmuş hərbi qulluqçular və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz.
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir”.
O baxımdan, Rəhim Qazıyevlə bağlı seçilmiş inzibati həbs qərarının qanunvericiliyə uyğunluğu məsələsinin aydınlaşdırılmasına zərurət yaranır.
Bu barədə Yenicag.az-a danışan millət vəkili, hüquqşünas Çingiz Qənizadə hələ eyni komandada (AXC iqtidarı – red.) işlədikləri vaxtdan keçmiş nazirlə münasibətləri olmadığı üçün deyilən məsələyə dair mövqe bildirmək istəmədi:
“Açığı, Rəhim Qazıyevlə bağlı heç bir məsələ məni maraqlandırmır. O adam bir insan olaraq, mənim üçün yoxdur. İşlədiyimiz dövrdə də bizim münasibətlərimiz elə bu formada olub.
Onun həbs olunduğunu mətbuatdan öyrəndim. Ancaq niyə və hansı müddətə saxlanıldığı məni maraqlandırmadığı üçün o yazıları heç axıra qədər oxumadım da… Dediklərimi belə də yaza bilərsiz.
Siz o maddədən danışırsız, ancaq biz bütün Məcəllələri əzbərdən bilmərik axı.. 30-cu maddəyə də baxmaq lazımdır ki, orada nə yazılıb. Ancaq hətta həmin maddəni oxusam belə, o adamla bağlı fikrimi bildirməyəcəm”.
Başqa bir hüquqşünas millət vəkili Fazil Mustafa isə Yenicag.az-a açıqlamasında bildirdi ki, Rəhim Qazıyev həbsinin qanunvericiliyə zidd olduğunu düşünürsə, məhkəmə instansiyasına müraciət edə bilər:
“Əgər bu məsələdə qanunvericiliklə ziddiyyət varsa, o halda problemin həlli üçün məhkəməyə şikayət verilə bilər, onun daha yuxarı məhkəmə instansiyalarına da müraciət etmək hüququ var.
İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsi təbii ki, qüvvədədir. Ancaq o şəxsin həbsində qanuni əsasın olub-olmadığını söyləmək çətindir. Çünki ola bilsin ki, o həbs hansısa başqa motivlə (xuliqanlıq və ya başqa hərəkətə görə) həyata keçirilib. Ancaq bütün hallarda məsələyə aydınlıq gətirilməsi üçün məhkəməyə müraciət oluna bilər”.
A. Zeynalov