Keçmiş səfirin fikirlərinə daha bir REAKSİYA: “Jirinovskinin günahını ümumi rus xalqına şamil etmək…” – Tofiq Zülfüqarov

“Baxın, ermənilərin Jirinovski vasitəsilə sifariş etdikləri təxribat öz mənfi nəticələrini verdi”.

Bu fikirləri keçmiş diplomat İsfəndiyar Vahabzadənin rusiyalı siyasətçi Vladimir Jirinovskinin məlum fikirlərinə sərt cavabını dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, təcrübəli diplomat olan İsfəndiyar Vahabzadə bu məsələdə daha korrekt davranmalı idi:

“Bilirsiniz, diqqət etmişdinizsə, Jirinovski xeyli müddətdir, əsasən, ermənilərin əleyhinə çıxışlar edirdi. Açıq deyək, bunun da səbəbi o idi ki, Rusiyadakı Azərbaycan diasporu Jirinovski ilə bu və ya digər şəkildə əlaqələr quraraq müəyyən məsələlərdə ondan istifadə edirdilər. Belə görünür ki, indi ermənilər Jirinovskini təzədən ələ alıblar.

O baxımdan, Jirinovskinin Azərbaycan əleyhinə bəyanatları birmənalı təxribat xarakteri daşıyır. Yəni bizim ictimaiyyəti qıcıqlandırmaq üçün bu cür sərsəm bəyanatlar verir. Mən hesab edirəm ki, biz Jirinovskinin vacibliyini və imicini qaldırmamaq üçün onun dediklərinə çox nisbi reaksiya verməliydik.

Ancaq təəssüf ki, hansısa qüvvələr bu reaksiyanın daha geniş olmasına çalışıblar. Burada elə bil hansısa oyunun silsiləsi var. Bir tərəfdən təxribatçı bəyanatlar verilir və burada da məqsəd ona adekvat cavab almaqdır.

Yenə təəssüflə qeyd edirəm ki, təcrübəli həmkarım İsfəndiyar müəllim o bəyanata etirazını məqbul şəkildə qurmayıb. Fikrimcə, onun etirazı Jirinovskinin özünə aid olmalı idi. Konkret desək, siyasi nöqteyi-nəzərdən Jirinovskinin günahını ümumi rus xalqına şamil etmək doğru deyil.

Əvvəla, ona görə ki, Jirinovski və ermənipərəst Solovyov heç də rus deyillər. İkincisi isə hər hansı insanın günahını, yaxud da cinayətini bütöv xalqla əlaqələndirmək düzgün yanaşma sayıla bilməz.

Baxın, ermənilərin Jirinovski vasitəsilə sifariş etdikləri təxribat öz mənfi nəticələrini verdi. Yəni İsfəndiyar müəllimin cavabı ermənilərin təsiri altında olan telekanallarda, mediada geniş surətdə tirajlanır. O da təsadüfi deyil ki, bu məsələ ilə birbaşa Solovyovun özü məşğuldur. Onun Azərbaycana qarşı münasibətini hamımız bilirik.

Qeyd olunanları əsas gətirərək demək istəyirəm ki, İsfəndiyar müəllim gərək onlara belə bir əsas verməyəydi. Bəli, o da həmin bəyanata cavab verərək konkret Jirinovskiyə aid kəskin fikirlər söyləyə bilərdi, amma düşmənlərimizə bizim əleyhimizə istifadə edə biləcəkləri əsas verməməliydi. Mən belə başa düşürəm”.

A.Zeynalov

COP29