!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Keçmişin bəzi fobiyalarını aradan qaldırmaq hamının xeyrinə olacaq" - Avtandil Məmmədov

!Reklam – Yazi

“Keçmişin bəzi fobiyalarını aradan qaldırmaq, Sovetlər İttifaqının və sovet imperiyasının dirçəldilməsi ilə bağlı qorxuları dəf etmək, eyni zamanda qüvvələri birləşdirməyin hamının xeyrinə olduğunu anlamaq qaçılmazdır”.

Rusiya prezidenti Vladimir Putinin ötən ilin oktyabrında bu sözləri dediyi görüntünü «Россия 1» telekanalı 2020-ci il aprelin 19-da yayımladı.

Mənə elə gəlir, prezident Putin keçmiş Sovet İttifaqı respublikalarının suverenliyinin əsas hissəsinin hansısa qaydada Moskvadakı mərkəzə verilməsinə işarə etsə də, Sovetlər Birliyinin dirçəlməsini nəzərdə tutmur. Öncə, onu vurğulayım ki, Sovetlər Birliyində hər şey “qara” deyildi, təhsil sistemini, elmin maliyyələşdirilməsini, müəyyən mənada sosial ədaləti, kadr siyasətini müsbət tendensiyalar kimi qeyd etmək olar. Bununla belə, sistem yalnız xarici dünyadan həm iqtisadi, həm ideoloji, həm də sırf sosial mənada təcrid olunduqda çalışa bilirdi. Ancaq bütün müsbət adlandırılacaq məqamları ilə belə, bu gün Sovet İttifaqının vahid dövlət kimi bərpası mümkünsüz, bu haqda diskussiyalar mənasızdır.
Ancaq keçmiş İttifaqda respublikalarının iqtisadi inteqrasiyası üçün nəinki geniş imkanlar var, həm də bu inteqrasiya olduqca vacibdir. İqtisadi münasibətlərin dərinləşməsi təşəbbüsləri bir zamanlar var olan dövlət haqqında xatirələr yox, yeni iqtisadi imkanlar ortaya çıxara bilər.

Sovet İttifaqı ilə bağlı “şirin xatirələr” daha çox 9 May ərəfəsində “bir vaxtlar bərabər döyüşmüşük” kimi növbətçi cümlələrlə ortaya çıxır və təəssüf ki, bu, rus dilində “birləşən” ortaq keçmiş xiffəti çəkənlərin gələcəyə addımlamaq yox, ortaq tarix və mədəniyyət söhbətləri ilə keçmişdə qalmaq arzusunu ifadə edir.

İqtisadi münasibətlər kontekstində Azərbaycanla Rusiya arasındakı əlaqələri gözdən keçirək. Sirr deyil ki, Putinin dünya düzəni haqqında təsəvvürləri bir sıra paradiqmalardan qaynaqlanır. Bunlardan biri hərbi sənayenin inkişafına dayanmaqdır. Effektiv silah yaradılması ilə nəticələnərsə, bu təşəbbüslər müəyyən zamanlarda müsbət effekt verir.

Rusiyada istehsal olunub, üstün taktiki, texniki göstəricilərinə görə xarici ölkələrdə yüksək tələb görən silahlarından biri müxtəlif modifikasiyalarda hazırlanan T-90 əsas döyüş tanklarıdır. Mütəxəssislər bu tankı çox bəyənirlər – o, əsas topdan idarə olunan raketlərə atəş açır, yüksək dinamik müdafiəyə sahidbir. Ancaq çatışmazlıqları da var – mexaniki transmissiyası geriyə istiqamətdə tankın aşağı sürətli olmasını törədir, bu da yaxın məsafəli döyüşlər üçün əlverişli deyil. Hindistanla bağlanın müqavilələr və günün reallıqlarından əldə olunan nəticə üzrə deyə bilərik ki, 1 tankın satış qiyməti 3,2-3,5 milyon USD-dir. Sursatsız, əlbəttə ki…

MDB ölkələrindən Azərbaycan, Qazaxıstan, Türkmənistan T-90 alıb, Ermənistana isə Rusiya 1 ədədini hədiyyə edib. ​MDB ölkələrinin heç birində «Уралвагонзавод»un istehsal etdiyi tank və zirehli maşınların təmiri üçün lisenziyalı zavod yoxdur. Əgər “Уралвагонзавод» Latviyada artıq iflas etmiş “UVZ Baltij” layihəsinin yerinə Azərbaycanda ehtiyat hissələrinin hazırlanması, zirehli maşınların təmiri üçün istehsal sahəsi yaratsaydı, coğrafi imkanlarına görə həmin zavod, Azərbaycanda, Türkmənistanda, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsində istifadə olunan “Уралвагонзавод”un zirehli maşınları üçün tapıntı olardı. Beləliklə də, Sovet İttifaqı haqqında xam xəyallar yox, real hərbi-sənaye kompleksi yaranardı. Şəkər zavodunun ərazisində qurulmalı olan “UVZ Baltij” yoxdur… “Уралвагонзавод”un oraya sərf etdiyi 20 milyon avro da havaya sovrulub. Ortada yenə də 9 May ərəfəsində danışılan növbətçi cümlələr var.

Rusiyanın istehsal etdiyi daha bir tələb olunan silah SU-27-nin ciddi şəkildə modernləşdirilmiş variantı olan dördüncü nəsil çoxməqsədli Su-35 qırıcısıdır. Qırıcı Rusiya Silahlı Qüvvələrinin AESA-lı RLS-na (radiolokasiya stansiyası) malik yeganə qırıcısıdır. Müqayisə üçün deyim ki, sadə RLS-lə AESA (Active electronically scanned array) -lı RLS-in fərqi təxminən sadə, düyməli telefonla 6 nüvəli prosessora sahib 8Gb yaddaşı olan smartfonun fərqi qədərdir. MDB-nin digər respublikalarında qırıcının heç bir detalı da hazırlanmır. Təkərdən idarəetmə panelinə qədər hər şey Rusiya istehsalıdır.

Dördüncü nəsil digər qırıcı F-16-dır. Qırıcı ABŞ-ın “General Dynamics” şirkətində hazırlanıb. Onun istehsalı üzrə “Konsorsiuma Kongsberg” (Norveç), “Philip i Fokker” (Hollandiya), “SABCA i Fabrique Nationale” (Belçika), “Per Udsen i DISA” (Danimarka), “Fairey” (Böyük Britaniya, Belçikada da filiallarıi daxildir. Avropadan olan sifarişçilər üçün qırıcılar Hollandiyadakı “Fokker” və Belçikadakı “Fairey” şirkətlərində yığılır. Konsorsiuma daxil olmayan daha iki ölkə – Türkiyə və Güney Koreya da lisenziya üzrə F-16 istehsal edir. Ortaqlıq həm də uğurun təminatçısıdır. Bu gün 4500 F-16 qırıcısı dünyanın 29 ölkəsinin hərbi qüdrətini artırır. Müqayisə üçün deyək ki, Su-27 və Su 35-lərin ümumi sayı 950 ədəddir.

2001-ci ildə 5-ci nəsil çoxməqsədli qırıcı F-35-in hazırlanması üzrə proqram dövriyyəyə girdi. Bu dəfə də konsorsium yaradıldı və bu konsorsiumda say F-16-nı hazırlayanlardan daha çox oldu. ABŞ və Böyük Britaniya 2,5 milyard, İtaliya 1 milyard, Hollandiya 800 milyon, Kanada 440 milyon, Türkiyə 175 milyon, Avstraliya 144 milyon, Norveç 122 milyon, Danimarka 110 milyon USD sərmayə ilə konsorsiuma üzv oldu. Konsorsiuma daxil olmayan İsrail də qırıcının bəzi detallarını, o sıradan qanadlarını hazırlayır. Türkiyə isə 2019-cu ildə C-400 məsələsinə görə konsorsiumdan uzaqlaşdırılıb. ABŞ-dan uzaqda – İtaliyanın Novara şəhərində İtaliya və Hollandiyanın F-35 ehtiyacları üçün zavod fəaliyyət göstərir.

F-35-in sınağı 2006-cı ildə baş tutub, 2012-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələri qırıcını istismar edir. Bu cür unikal imkanları ilan qırıcının istehsalı bir daha göstərir ki, çağdaş hərbi sənayedə ortaqlıqlar yaratmaq nə qədər önəmlidir. Hələlik cəmi 500 F-35 istehsal olunub, sifarişçilərin sayı isə çoxdur. Türkiyə konsorsiumdan çıxarılan kimi Polşa və Belçika bu yerə iddia irəli sürüb. Digər tərəfdən də Yaponiya artıq proqramın üzvüdür və qırıcı üçün komplektlər hazırlayacaq.

Başqa bir misal… 2001-ci ildə Rusiyada beşinci nəsil T-50 qırıcıları üzrə proqram işə salındı. 2010-cu ildə ilk T-50 istehsal edildi və sonradan Su-57 adlandırıldı. 2010-2018-ci illərdə cəmi 10 ədəd Su-57 istehsal edilib. 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələrinə verilmək üçün ilk seriya nüsxəsi nəhayət ki, istehsal olundu. 2019-cu il dekbarın 24-də Xabarov vilayətində ilk seriya nüsxəsi “qəzaya düşdü”. İndiki maliyyə və digər çətinlikləri nəzərə alaraq Rusiya HHQ-nin ilk Su-57-yə nə zaman sahib olacağını söyləmək çətindir.

Yəni, real mənzərə belədir – ABŞ F-35-in istehsalçısı “Lockheed Martin”-in timsalında mürəkkəb qırıcının hazırlanmasını transmilli şirkətlər vasitəsilə qloballaşdıra biliblər.

Rusiya hakimiyyəti isə Azərbaycanın, Qazaxıstanın, Belorusun, Özbəkistanın və digər ölkələrin konsorsiuma qoşularaq qırıcının bəzi detallarını istehsal etməsi fikrini belə yaxın qoymur. Nəticə – yetərincə konstruktiv çatışmazlıqları olan beşinci nəsil qırıcılarını xatırladan təyyarə var və ən maraqlısı da yüzlərlə saytda rusdilli istifadəçilər açıq döyüşdə Su-35-in yüzlərlə F-35-ə üstün gələcəyi haqqında nağıllar uydururlar. Unudurlar ki, Su-57 hələ yoxdur, olacaq və ya olmayacaq məsələsi isə şübhəlidir, F-35-dən isə artıq 500 ədəd istehsal olunub, 2020-ci ildə isə “Lockheed Martin” daha 141 qırıcı istehsal edəcək.

Tarix “bəlkə belə olsaydı”ları sevmir, ancaq dünya təcrübəsi göstərir ki, 2001-ci ildə Rusiya Azərbaycan da daxil MDB-nin iqtisadi imkanları məqbul ölkələrinə konsorsium yaratmaq təklif etsəydi, hər ölkə qırıcının fərqli detallarını hazırlasaydı, bugünkü mənzərə tamamilə fərqli olacaqdı.

Hərbi gəmi istehsalında da durum eynidir. Rusiya istehsalı olan kiçik raket gəmiləri (KRG) Rusiyadan başqa Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda istismar edilir, eləcə də bu gəmilərin Misirdə, Malayziyada, İndoneziyada yaxşı perspektivləri var.

KRG seriyasından “Karakurt”, “Aleksandrit”, “Buyan-M” gəmilərinin hər biri 1, 2, hətta 3 ilə istehsal olunur. Ona görə ki, onların heç biri üçün dizel mühərrikləri yoxdur. Uzun illər Sankt-Peterburqun “Звезда” zavodu dizel mühərrikləri istehsal edə bilmədi. 2018-ci ildə “Звезда”nı “Группа Синара AŞ”aldı. Qısa zamanda köklü dəyişikliklər baş verdi – hərbi gəmilər üçün mühərrik istehsalı bərpa olundu, Avstriyanın “AVL List Gmb” şirkəti ilə bərabər Пульсар” ailəsindən yeni, MTU və Cummins şirkətinin mühərrikləri ilə rəqabət gücündə olan yeni mühərriklər istehsal etməyə başladılar.

Hər hansı ölkə ilə ortaqlıq yaratmaq istəyi olmadığı üçün “Karakurt”, “Aleksandrit”, “Buyan-M”-in istehsalı üzrə layihələr yerində sayır. Rusiyanın bu gəmiləri davamlı hazırlamaq üçün istehsal gücü yoxdur.

Göründüyü kimi, Sovet İttifaqının xiffətini çəkənlər 9 May ərəfəsində nə zamansa var olan “böyük Vətən”in tarixi, mədəniyyəti haqqında nostalji hisslərinə qapılarkən “Amerika-Avropa Respublikaları Birliyi” qurulub və çox əla fəaliyyət göstərir. “Bu cür həssas texnolojilərin hazırlanması zamanı dövlət sirri necə qorunur” sualı ətrafında düşünənlərə demək istəyirəm ki, qloballaşma və transmilliləşdirmə yolu ilə elə mükəmməl mühəndislik məhsulları yaranıb ki, bu texnologiyaları nəinki kəşfiyyat yolu ilə, heç “reverse-engineering” vasitəsilə təkrarlayıb istehsal etmək mümkün deyil. Həm də bilirsinizmi niyə? Bəziləri “suveren internet”lə baş qatanda, “dərin millət” haqqında cəfəngiyat traktatları yazanda, digərləri F-35 kimi indiyə qədər görünməyən üstün ağıl texnologiyaları yaradırlar və dayanmadan yeni miqyaslı layihələr üzərində işləyirlər.

Elə, Sovet İttifaqı üçün nostalji də bu kontekstdə ola bilərdi, daha 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyasının 6-cı maddəsi üçün yox.
Yəni bu gün MDB ölkələrinin qloballaşmanı və transmilliləşməni birmənalı inkar etməsinin kökündə məhz həmin 6-cı maddə təfəkkürü dayanır. Bu cür nastolji potogendir və Sovetlər Birliyindəki insan, cəmiyyət, dövlət arasındakı qarşılıqlı münasibətlərin “gözəlliklərini” təkrarlamaq üçün hüquqi atavizm yarada bilir.

Yeri gəlmişkən, söhbəti Sovet İttifaqı üçün nostaljini tamamlamaq üçün SSRİ Konstitusiyasının 6-cı maddəsini göstərərək tamlayıram:
“Sovet cəmiyyətinin istiqamətverici qüvvəsini, onun siyasi sisteminin, dövlətin və ictimai təşkilatlarının əsasını Sovetlər Birliyinin Kommunist Partiyası təşkil edir. SBKP xalq üçün yaşayır və xalqa xidmət edir. Marksist-leninçi düşüncə ilə silahlanan Kommunist Partiyası cəmiyyətin əsas inkişaf perspektivini, Sovetlər Birliyinin daxili və xarici siyasətini müəyyən edir, sovet xalqının yaradıcı fəaliyyətini təşkil edir, onun kommunizm uğrunda qələbəsinə planlı elmi əsaslandırılmış xarakter verir. Bütün partiya təşkilatları SSRİ Konstitusiyası çərçivəsində fəaliyyət göstərir”.

Avtandil Məmmədov

www.yenicag.az

1495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv