“Neoliberalizm” adı altında Qərb dəyərləri bir çox ölkələrə yeridilir. Lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır. Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər.
Yenicag.az xəbər verir ki, bu sözləri fəal Kemi Seba Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.
O deyib: “Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik.
Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır”.
Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bildiklərini vurğulayan K.Seba qeyd edib:
“Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibəti ilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır”, – deyə fəal vurğulayıb./Azertag/