!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kənar investorlar çoxalsa, gəlirlər xaricə axacaq” - Natiq Cəfərli

!Reklam – Yazi

“Ölkəmizdə fəaliyyət göstərən xarici investor və şirkətlər böyük üstünlük təşkil etsə, gələcəkdə qazancın əksər hissəsi ölkədən çıxacaq. Bu da ölkə iqtisadiyyatı və onun valyuta ehtiyatları üçün problemlər yarada bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xarici investorların ölkəyə cəlb edilməsinin xeyri və ziyanları barədə məsələyə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Xarici investor və şirkətlərin ölkəmizə cəlb edilməsi gələcəkdə müəyyən problemlər yaşada bilər. Ona görə də bu istiqamətdə xaricilər üçün müəyyən məhdudlaşdırıcı addımlar olmalıdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Başqa ölkədə qeydiyyatdan keçib, ölkəmizdə torpaq alıb sonra ondan başqa məqsədlərlə istifadə edə biləcək şirkətlərin mövcud olduğunu da istisna etmək olmaz. Ona görə də təhlükəsizlik məsələsi həmişə diqqətdə saxlanılmalıdı. Məhz bu səbəbdən, xarici şirkətlərin, əsasən də, sərhədyanı zonalarda, münaqişə bölgələrinə yaxın regionlarda investisiya qoymaq istəyərkən təhlükəsizlik nöqteyi-nəzərindən problem var. Dubayda belə bir qayda var ki, xarici investorlara mütləq yerli vətəndaş və ya yerli şirkət şərik olmalıdır. Buna bənzər addımların Azərbaycanda da atılması mümkündür”.

N. Cəfərlinin fikrincə, qlobal mənada götürəndə, xarici şirkət və investorların ölkəmizə gəlişi pozitiv və xeyirli addımdır:
“Xarici şirkət və investorların cəlb edilməsi yeni iş yerləri və yeni vergi öhdəliklərinin yaranmasına səbəb olur ki, bu da həm dövlət büdcəsinə, həm də vətəndaşa xeyirdir. Ona görə də qlobal mənada hər bir ölkə istəyir ki, daha çox xarici investor cəlb etsin. Çünki xarici investorların cəlb olunması əlavə pul vəsaiti və yeni texnologiyaların ölkəyə daxil olmasına səbəb olur. Axı investorlar daha müasir texnologiya və daha müasir yanaşma üsullarını ölkəyə gətirməyə çalışır. Bu da əlavə iş yerlərinin açılması, vətəndaşların gəlirlərinin artmasına gətirib çıxarır. Bu nöqteyi-nəzərdən xarici investor və şirkətlərin istənilən halda ölkəyə gətirilməsi iqtisadiyyat üçün vacib elementdir.

Amma bu həm də cəlb olunan investisiyanın keyfiyyətindən, hansı sahədə çalışmalarından da asılıdır. Azərbaycana investisiya əsasən enerji sahəsinə yatırılır. Lakin ölkəmiz çalışmalıdır ki, digər sahələrə də dünyada tanınan böyük investorların cəlb olunmasına nail olsun. Bu, yeni istehsal sahələrinin yaranmasına səbəb olar. Bu fonda həm də çalışmalıyıq ki, yeni texnologiyalar da tətbiq olunsun. Ancaq bəzi hallarda görürük ki, xarici investor təmir-tikinti işlərində çalışır.

Bəzi hallarda da həmin şirkətlər xaricdə qeydiyyatdan keçməsinə baxmayaraq, onların azərbaycanlı iş adamları, yaxud da yerli hər hansı bir məmurla bağlı olduğu üzə çıxır. Belə faktlarla dəfələrlə rastlaşmışıq. Həmin məqamlar yerli və dünya mətbuatında işıqlandırılıb”.

Həmsöhbətimiz xaricdən gələn investorların gəlirə ortaq olmasında hər hansı bir problem görmədiyini də qeyd edib: “Xarici şirkətlər gəlirə də şərik olmalıdır. Başqa halda o işləməz. Hər hansı bir ölkəyə gedən istənilən investor gördüyü işdən qazanc götürməyəcəksə, ora heç bir halda getməz. Axı biznesin öz məntiqi dünyagörüşü, yanaşma qaydaları var. Xarici şirkət ilk növbədə risk amilini üzərinə alaraq vəsait yatırdığından gəlirə də şərik olur. Sadəcə ölkəmizdə elə bir şərait yaratmaq lazımdır ki, xarici investorlar həm də gələcəyə yönəlik, yəni yeni texnologiyaların yaranması, elm və tərəqqiyə xidmət edəcək layihələrə pul qoysun. Bu zaman həmin şirkət gəlirə də şərik ola bilər. Burada problem yoxdur, gələcəkdə də olmayacaq”.

ELÇİN

www.yenicag.az

1912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv