“15 iyul dövlət çevrilişinə uğursuz cəhddən sonra Türkiyə iqtisadiyyatı hədəfə götürülüb”.
- Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyə və Rusiyada cərəyan edən neqativ maliyyə proseslərini dəyərləndirən siyasi və iqtisadi məsələlər üzrə Ukraynalı ekspert Vsevolod Stepanyuk deyib.
- Ekspertin sözlərinə görə, ABŞ-ın hazırda əsas rəqiblərinə qarşı həyata keçirdiyi siyasətin kökündə mövcud dünya düzənini dəyişmək dayanır:
“Dünyada baş verən məlum prosesləri, o cümlədən, Türkiyədə cərəyan edən son tendensiyaları dərindən başa düşmək üçün geoiqtisadi vəziyyəti düzgün anlamaq və qiymətləndirmək lazımdır. Klassiklərdən birinin dediyi kimi, siyasət – iqtisadi maraqların ifadəsidir. Ona görə də ABŞ hazırda dünyanın mövcud düzənini öz maraqlarına uyğun şəkildə dəyişməyə çalışır. Çünki dünyanın yeni iqtisadi qaydalarının hökm sürdüyü indiki şəraitdə ABŞ qlobal liderliyini sürətlə itirir. - Məsələn, ABŞ və Çin iqtisadiyyatını müqayisə etsək görərik ki, iqtisadi quruluş və qiymətlər arasındakı paritet Çin sənayesinin ABŞ sənayesindən iki dəfə böyük olduğunu təsdiqləyir. Konkret desək, ABŞ-da real istehsalın həcmi cəmi 22 faiz olduğu halda, Çində bu göstərici 41 faizdir.
Sözsüz ki, Rusiya iqtisadiyyatı öz həcminə görə ABŞ-dan kiçik olsa da, iqtisadiyyatın strukturlaşmasına görə daha yaxşı vəziyyətdədir. Çin və Rusiya ABŞ dollarından asılılığı azaltmaq üçün xüsusilə, Yamayka sazişinin qəbulundan sonra ardıcıl və təsirli addımlar atıblar.
Bu, ABŞ qiymətli kağızlarından imtina edərək, hesablaşmada qızıldan istifadəyə keçiddə özünü qabarıq göstərir. Eyni zamanda, bu ölkələr özlərinin müstəqil ödəniş sistemlərini də formalaşdırıblar.
Aydındır ki, hazırda ABŞ-ın əsas rəqibləri Çin, Rusiya və Avropa İttifaqıdır. ABŞ-ın əsas hədəfi məhz bu ölkələrin siyasi-iqtisadi sistemlərində qeyri-sabitliyin yaradılmasıdır. Bu da səbəbsiz deyil. Avropa İttifaqı Çin məhsullarının ən böyük istehlak bazarıdır.
O baxımdan, Avropa İttifaqı ölkələrində problemlərin yaradılması avtomatik olaraq, Çini də müəyyən çətinliklərlə üz-üzə qoyacaq. Həmçinin Rusiyaya yaradılan problem bu ölkədən iri həcmdə enerji daşıyıcıları idxal edən Çinin vəziyyətini xeyli mürəkkəbləşdirəcək. Yəni qeyd olunan siyasət nəticə etibarilə buna hesablanıb”.
Stepanyuk əminliklə bildirib ki, Türkiyə lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsi birbaşa xarici təsirlərlə əlaqəlidir:
“Türkiyənin indi üzləşdiyi problemlərin bəlkə də əsas səbəbi onun geosiyasi və coğrafi mövqeyidir. Türkiyədə 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən sonra onun iqtisadiyyatında sabitliyin pozulmasına yönəlik cəhdlər intensivləşdi.
Kimlərsə Türkiyədə avantürist monetar siyasətin aparıldığını iddia etsə də, əminliklə deyə bilərik ki, kənar təsirlər olmasaydı, lirə belə tezliklə ucuzlaşmazdı.
Mövcud reallıqda Türkiyənin Cənubi Avropaya qaz nəqlində əsas tranzit ölkəyə çevrilmək niyyəti ABŞ-ın maraqlarına cavab vermir. Çünki Vaşinqton Avropanı özünü sıxılmış qaz bazarına çevirmək istəyir.
Türkiyənin NATO-dan çıxmaq ehtimalına gəldikdə isə deyə bilərik ki, hazırda belə bir zərurət yoxdur. Ancaq gələcəkdə Avropada paralel təhlükəsizlik strukturları yaradılarsa, Türkiyə də Ukrayna kimi həmin qurumların mühüm üzvü ola bilər”