Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib.
Bu barədə Fond məlumat yayıb.
Qərara əsasən, heyvanların bazatəminatlı və geniştəminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.
Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb.
Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.
Aqrar sığorta ilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir. Fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.
Prezident İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanları – mal-qara və xırdabuynuzlu heyvanları da sığorta edir. Aqrar sığorta vasitəsilə südlük və ətlik inək-camışları, qoyun və keçi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq mümkündür. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni onların əvəzinə dövlət ödəyir.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər və sığorta haqları ilə fondun rəsmi internet səhifəsindəki (asf.gov.az) “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə tanış olmaq mümkündür.