Kənd təsərrüfatı məhsullarında kəskin qiymət artımının səbəbləri – Ekspert şərh edir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artım olub.

Ənənəvi olaraq bayram ərəfəsində qalxan qiymətlər bu dəfə ötən illərə nisbətən daha çox artıb.

Yenicag.az xəbər verir ki, ən çox qiymət artımı soğanda olub. Bazarlarda və marketlərdə soğanın 1 kiloqramının qiyməti 1.30-1.50 manata bərabərdir.

Kənd təsərrüfatı məhsulları satılan mağazalarda bildirilib ki, qiymət artımı son 10 gündə olub. Satıcıların sözlərinə görə, 10 gün əvvəl kiloqramı 0.70 manata olan soğan hazırda 1.50 manatadır.

Kənd təsərrüfatı məhsullarında qiymət artımı ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mövsümlə bağlı qiymət artımı həmişə olur:

“Yerli kənd təsərrüfatı məhsulları azaldıqca, yeniləri çıxana qədər qiymət artımı olur. Bir də Azərbaycanda “ənənəvi” qiymət artımı olur. Novruz bayramından öncə qiymətlərdə artım olur və yeni məhsullar çıxana qədər də qiymət artımı davam edir. Azərbaycanda uzun illərdir ki çox pis ənənə yaranıb: bayramqabağı kənd təsərrüfatı və ərzaq məshullarında qiymət artır. Bu il də çox təəssüf ki, hər şey o “ənənə”yə uyğun baş verdi. Öncədən də bildirmişik ki, yeni infrastruktur yaradılmayınca, ölkədə istehsalın həcmi artmayınca bu davam edəcək. Yerli istehsalın həcmi çox aşağıdır. Kənd təsərrüfatı məhsullarının ixracatı artdıqca, yerli bazarlara çıxış imkanları azalır. Bu da ondan irəli gəlir ki, ölkədə istehsal artmır. Çox təəssüf ki, bu baş vermir. Son vaxtlar kənd təsərrüfatı məhsullarının ixracatında artım hiss olunur, onun əvəzində isə daxili bazarda çatışmazlıq müşahidə olunur. Bu da qiymətlərin artmasına səbəb olur”.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda soğan istehsalı istehlakdan daha çoxdur. Kənd Təsərrüfatı Nazirliyi də qiymətlərin aşağı olacağı ilə bağlı proqnoz verib. Bütün bunları dəyərləndirən Natiq Cəfərli bildirib ki, statistik rəqəmlərdə ciddi qüsurlar var:

“Əslində statistik rəqəmlərə inanmıram. Azərbaycanın özü-özünü təmin edəcək qədər kənd təsərrüfatı məhsulları istehsal etməsi o qədər də inandırıcı görünmür. İxracatın artması daxili bazarda öz təsirini göstərir. Rusiyaya pomidor və xiyar ixracatının artacağı gözlənilir. Əgər bu baş verərsə, dərhal daxili bazarda qiymətlərə təsir edəcək. Yerli istehsal öz ehtiyaclarımızı ödəmir. Statistik rəqəmlərdə ciddi qüsurların olduğu aydın olur”.

Səxavət Məmməd