Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə hazırlıq iclası keçirilib.
Yenicag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məlum oldu ki, zərərçəkən Kənd Təsərrufati Nazirliyinin nümayəndəsi iştirak etmir.
Sonra təqsirləndirilən şəxsin vəkilləri müvəkkilləri barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verdilər. Dövlət ittihamçısı hazırkı mərhələdə qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etdi. Vəkil Şaiq Mirzəyev verdiyi vəsatəti belə əsaslandırıb: “Verilmiş ittiham özü saxtadır, qondarmadır. Bu araşdırma başlayanda Arzu Əliyev daim çağırışlara gəlib. Daimi yaşayış yeri var, ailə başçısıdır, cəmiyyətdə tanınmış bir şəxsdir. Ürək-damar sistemindən əziyyət çəkir, sağlamlığı yerində deyil”.
Digər vəkil Elxan Azadəliyev çıxış edərək bildirdi ki, Arzu Əliyev ibtidai istintaq dövründə heç bir zərərçəkən və yaxud şahidlərə təsir göstərməyib. Prosessual məcəllənin müvafiq bəndləri ilə onun hazırkı mərhələdə həbsdə qalmasına heç bir lüzum yoxdur. Onun həbsdə qalması qanunvericiliyin tələblərinə uyğun gəlmir. Onun hər hansı ağır cinayət törətməsi ehtimalı qalmaya-qalmaya Arzu Əliyevi həbsdə saxlayırlar”.
Təqsirləndirilən şəxs Arzu Əliyev vəkilləri ilə razı olduğunu və özünü təqsirli bilmədiyini söylədi.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hazırlıq iclası və həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərarı elan etdilər. Qərara əsasən cinayət işinin ilkin baxış iclası 28 dekabr tarixinə təyin edildi, həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanıldı.
İttiham aktına görə, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.
İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Əliyev Arzu Təvəkgül oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./unikal