!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd təsərrüfatında sığorta əngəli: “Bu risklər aradan qaldırılmasa...” - VİDEO

!Reklam – Yazi

“Mövcud şəraitdə sığorta məsələsi həm şirkətlər, həm də fermerlər üçün risklidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında kənd təsərrüfatında sığorta probleminin həll yollarını dəyərləndirən ekspert Vahid Məhərrəmov deyib. Adətən, uğurlu fermer fəaliyyəti daha çox hava şəraitindən asılı olur. Belə ki, fermerin əkdiyi sahədən bol məhsul götürüb-götürməməsində hava şəraiti mühüm rol oynayır.

Əsasən, əlverişsiz hava ucbatından zərərlə üzləşən fermerin vəziyyətdən çıxış yollarından biri kənd təsərrüfatında işlək sığorta sisteminin tətbiq edilməsidir. Lakin Azərbaycanda kənd təsərrüfatı üzrə sığorta bazarı heç də böyük deyil. Əslində, bu bazarın böyüməsində sanki sığorta şirkətlərinin özləri də maraqlı deyil. Hətta dövlət bir neçə dəfə bu məsələ ilə bağlı sığorta şirkətlərinə müəyyən güzəştlər etsə də, gözlənilən nəticə əldə olunmayıb.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov açıqlamasında bildirib ki, aqrar sektorda sığorta fəaliyyəti bahalı olduğu qədər də risklidir. Ona görə də sığorta şirkətləri hazırda bu məsələyə ciddi yanaşmırlar:

“Kənd təsərrüfatında istehsal göstəriciləri hələ də aşağıdır. Hava şəraitinin kəskin dəyişməsi məhsuldarlığa daha tez təsir edir. Bunun bir səbəbi də sahibkarlar və fermerlərin aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl etməmələridir. Digər tərəfdən, bu sahədə mövcud olan çoxsaylı problemlər uzun müddətdir ki, öz həllini tapmır. Məsələn, ölkəyə gətirilən gübrənin keyfiyyəti, istehsal vasitələri və maliyyə resurslarının əldə olunması ilə bağlı məhdudiyyətlər, suvarma suyu kimi problemlərin həlli hökumətin üzərindədir. Bu problemlər istehsalın və məhsuldarlığın artırılmasında ciddi maneədir. Ona görə də kənd təsərrüfatı riskli sığorta üçün hələ də riskli sahə sayılır”.

Ekspert hesab edir ki, mövcud problemlər öz həllini tapdıqdan sonra şirkətlər kənd təsərrüfatının sığortalanmasına ciddi maraq göstərəcəklər:

“Bu fonda sığorta şirkətlərinin özləri bölgələrdə fermerlərə təkliflər irəli sürəcəklər. Lakin indiki halda sığorta məsələsi həm şirkətlər, həm də fermerlər üçün risklidir. Son zamanlar bu sahənin inkişafı ilə bağlı müəyyən addımlar atılsa da, onların nəticəsi olmayacaq. Çünki qəbul olunan qayda və qanunların reallıqda yerinə yetiriləcəyi sual altındadır”.

Ayan Ağayeva

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv