!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kəndlilərin pay torpaqlarını satması təhlükəlidir" - İqtisadçıdan HƏYACAN TƏBİLİ

!Reklam – Yazi

“Əgər kəndlilərə dövlət dəstəyi olmasa, pay torpaqlarının satılması və kəndlilərin şəhərlərə köç prosesi daha da sürətlənəcək”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz artıb. Bu isə o deməkdir ki, kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda bu il həmin xərc 30 manata başa gəlib. Həmçinin kəndlilər biçilən otu toplamaq üçün ötən illə müqayisədə 15 manat deyil, 20 manat, presləmək üçün 1 kipə görə 20 qəpik deyil, 30 qəpik ödəmək məcburiyyətindədirlər. Bununla yanaşı, bazarda alıcılıq qabliyyətinin aşağı olması fonunda istehsal etdiyi məhsulu maya dəyərindən də ucuz satan əksər kəndlilərin kritik durumdan çıxmaq üçün pay torpaqlarını satmaları ilə bağlı məlumatlar yayılır.

Mövcud vəziyyətlə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, kəndlilərin pay torpaqlarını sataraq şəhərlərə köçməsi iqtisadi inkişafa mənfi təsir edir:

“İnkişaf etmiş ölkələrdə rayon və kənd əhalisinin bölgüsü 15 faiz civarındadır. Azərbaycanda isə bu bölgü təxminən yarıbayarıdır.

Urbanizasiyanın hələ tam bitməməsi fonunda pay torpaqlarının satılması müşahidə olunursa, burada bir neçə səbəblər var. Bəzi kəndlilər həqiqətən şəhərə köçmək istəyir, bəzilərinin isə pay torpaqlarında işləmək üçün mayası çatmır. Ona görə də pay torpaqlarının satılmasında əsas problem təkcə ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı deyil.

Kəndlilərin pay torpaqlarını satması əsasən Bakı və Abşeron yarımadasına köçü sürətləndirə bilər və bu, təhlükəlidir. Çünki Bakı şəhərində infrastruktur olaraq 2-2.5 milyon nəfər yaşaya bilər. Hazırda bu göstərici 4 milyona yaxınlaşır və buna görə də paytaxtda bir sıra problemlər yaşanır.

Pay torpaqlarının satılmasınının qarşısını almaq üçün dövlət tərəfindən müxtəlif təşviq proqramları qəbul olunmalıdır. Çünki vətəndaşların yerli kooperativlər yaratmasına ehtiyac var. Böyük torpaq sahələrində kollektiv fəaliyyətin olması yeni iş yerlərinin yaradılması ilə yanaşı, regionun iqtisadi imkanlarını artırır. Eyni zamanda yerli kənd təsərrüfatı məhsullarının istehsalı bolluğa səbəb olur. Hesab edirəm ki, əhalinin paytaxta üz tutmaması və regionlarda iqtisadi inkişafı təmin etmək üçün kəndlilərə dəstək verilməsi vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv