“Kərimə” dövləti qurmaq istəyənlərin tükənməyən “PLAN”LARI: “İran Azərbaycanda bunu birbaşa edə bilmir” – ŞƏRH
“İran Azərbaycanda birbaşa təxribat törədə bilmir”.
Bunu İranın Azərbaycana qarşı bitməyən təxribatlarının səbəbi haqda fikirlərini bölüşən politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, İranın Azərbaycana qarşı istər təbliğat, istərsə də terror təxribatı hər zaman olub:
“Tehranda səfirliyimizə qarşı terror təxribatı planlanan kimi getmədi. İranın əsas məqsədi qətliam törətmək idi. Əlavə olaraq, Azərbaycanla sərhəddə hərbi təlim keçərək bizi qorxutmaq planı da istədikləri nəticəni vermədi.
İranın Qərb basqısı altında Azərbaycana qarşı təxribatlarının bir neçə məqsədi var. İlk olaraq, Türkiyənin Azərbaycan vasitəsilə Orta Asiyaya çıxışına maneə yaradaraq “Böyük Turan”ın yaranmasını əngəlləməkdir. Digər plan, Qərbin Cənubi Qafqaza qoyduğu sərmayeni, yəni Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə qarşı təxribat törədərək, Avropanın enerji ehtiyatını dağıtmaqdır. Bununla Qərb və ABŞ-yə “mənə qarşı hər hansı müdaxilə olarsa, Qərbin Azərbaycana qoyulan sərmayəsinə zərbə endirə bilərəm” mesajını verirlər. Son olaraq isə, Azərbaycanı parçalamaqdır. Hətta “Kərimə” adlı dövlət yaratmaq uğrunda addımlar belə atıblar.
İran birbaşa Azərbaycanda təxribat törədə bilmir. Çünki Azərbaycana qarşı hər hansı addım atdığı təqdirdə bütün Qərbin, Azərbaycanı sevməyən ölkələrin belə bizim ətrafımızda toplaşacağını və İrana qarşı mübarizə aparacaqlarını bilir. Bu səbəbdən Ermənistanı Azərbaycanla münasibətlərdə gərginləşdirməyə çalışa bilər”.
Nəsimi Ələsgərli