Kərkük Türk dünyasını köməyə çağırır: Bizə sahib çıxın!

İraq türkmanların 12 may seçkilərində üzləşdikləri ədalətsizliyin aradan qaldırılması üçün geniş etiraz dalğası yaradıblar.

Yenicag.az xəbər verir ki, İraqda mayın 12-də keçirilmiş seçkilərdə türkmanların qazandıqları səslərin digər etnik qruplara, xüsusilə də, kürdlərə “yazılması” Kərkükdə ümumxalq etirazına səbəb olub.

Kərkükdən gələn xəbərlərə görə, seçki saxtakarlğından qəzəblənən yerli türkmanlar artıq neçə gündür, etiraz aksiyalarına başlayıblar və nümayişçilərin əsas tələbi səslərin yenidən sayılmasıdır.

12 may seçkilərindən sonra Kərkükdə yaranmış vəziyyəti Yenicag.az-a şərh edən Türkiyədə fəaliyyət göstərən Kərkük Kültür Dərnəyinin rəhbəri, şair-jurnalist Şəmsəddin Kuzəçi türkmanların böyük haqsızlığa məruz qaldıqlarını bildirib:

“İraqda 12 mayda keçirilmiş seçkilərdə kürdlər Kərkükdə baş tutan səsvermənin nəticələrini saxtalaşdırıblar. Orada səslər elektron qaydada hesablanır və kürdlər öncədən tətbiq etdikləri proqram sayəsində hard-diskləri öz maraqlarına uyğun şəkildə ayarlayaraq, nəticələri dəyişdiriblər.

Qeyd edim ki, Kərkükdəki seçki komissiyalarında yerlərin əksəriyyəti kürdlərə məxsusdur və onlar da bu amildən sui-istifadə etdilər.

Təsəvvür edin ki, məsələn, ərəblərin məskunlaşdığı bir bölgədə 200 seçici var və onların 199-u səslərini ərəblərə veriblər. Ancaq nəticədə həmin 200 səsin 197-si kürdlərə yazılıb. Bu, əlbəttə ki, nəticələrlə bağlı şübhə yaratdı və araşdırmalara başlanıldı.

Aydın oldu ki, Kərkük, Havica, Dakuk və başqa bölgələrdə – xüsusilə, kürdlərin Tələbani tərəfdarı olan ərazilərdə səsvermənin nəticələri saxtalaşdırılıb. Ondan sonra şikayətlər hazırlandı və Bağdada göndərildi.
Kərkükdəki türkmanlar öz səslərinə sahib olmaq üşün artıq beşinci gündür, seçki komissiyasının binası qarşısında etiraz aksiyalarını davam etdirirlər və Bağdaddan gələcək xüsusi komissiyanı gözləyirlər. Əsas tələb oradakı bülletenlərin aşkarlıq şəraitində əllə sayılması və bundan sonra nəticələrin açıqlanmasıdır.
Hazırda türkmanlara hesablanmış səslərin sayı təqribən 73 min civarındadır. Halbuki türkmanların qazandıqları səslər 150 min həddindədir”.

Kuzəcinin sözlərinə görə, Bərzani tərəfdarı olan kürdlər ötən il şəhəri tərk etsələr də, Tələbani klanına bağlı kürdlər şəhərdə qalıblar və onlar Kərkükün inzibati idarəçiliyində həlledici mövqelərə malikdirlər:

“Kərkükdəki kürdlər iki qrupa ayrılır: Bərzani və Tələbani tərəfdarları. Şəhəri tərk edənlər Bərzani tərəfdarları idilər. Tələbaninin adamlarından isə yalnız müəyyən siyasi çəkisi olanlar Kərkükdən getdilər. Eyni zamanda, silahlı kürdlər də şəhəri tərk ediblər.

Ancaq Kərkükdəki Tələbani tərəfdarı olan kürdlər Bağdad hökuməti ilə anlaşaraq, öz mövqelərini qorudular və gücləndirdilər. Yəni Kərkükün inzibati idarəçiliyində kürdlər yenə də üstünlüklərini saxlaya bildilər. Məsələn, şəhərin 52 dövlət idarəsinin 46-da rəhbərlik kürdlərdədir. Nəticədə onlar bu mövqelərindən istifadə etdilər”.

Həmsöhbətimiz İraqın mərkəzi hökumətinin bu məsələdə tutduğu mövqenin birmənalı olmadığını deyir:
“İraqın baş naziri Heydər Ebadi dünən açıqlama verib ki, bəs seçki komissiyası elektron səshesablama cihazını tənzimləmək üçün heç bir şirkətlə anlaşmayıb. Əslində isə biz seçki komissiyasına bunun üçün səlahiyyət və hətta pul da vermişdik. Ancaq nəzərdə tutlan işlər görülmədi.

Ona görə də indi əsas tələbimiz Kərkük üzrə səslərin əllə sayılmasının təmin edilməsidir. Mərkəzi hökumət bu məsələdə bizim tərəfimizdədir. Dediyim kimi, Bağdaddan müvafiq komissiyasının gəlişini gözləyirik”.

Kuzəcinin sözlərinə görə, bu məsələlərdə nə Türkiyə, nə də Azərbaycandan rəsmi səviyyədə hər hansı dəstək almayıblar:

“Rəsmi qurumlardan olmasa da, Türkiyə ilə Azərbaycanın qeyri-hökumət təşkilatları səviyyəsində dəstək görürük. Ancaq hökumətlər səviyyəsində heç bir mövqe bildirilməyib.

İraq türkmanları vaxtilə Heydər Əliyevin dediyi kimi, böyük Azərbaycanın önəmli bir parçasıdırlar. Yəni Azərbaycanın İraq türkmanlarına sahib çıxması lazımdır. Azərbaycanın rəsmi qurumları olmasa da, ictimai təşkilatlar və media İraqdakı türkmanların üzləşdikləri haqsızlıqlara qarşı öz səslərini ucaltmalıdırlar.

Biz buradan “Qarabağ” deyə hayqırdığımız kimi, Azərbaycanda da “Kərkük” deyə səslənmələri lazımdır. Bu dəstəyi birinci şəxsin, İlham Əliyevin dilindən eşitmək bizim üçün çox arzuolunandır. Bir zamanlar Heydər Əliyev və İhsan Doğramacı görüşəndə, Kərkük adı onların dilindən düşməzdi. İndi də bu dəstəyi İlham Əliyevdən görməyi çox arzulayırıq”.

İraq türkmanlarının liderlərindən biri, parlamentin sabiq deputatı Fevzi Əkrəm Tərzioğlu da Yenicag.az-a açıqlamasında Kərkükdə seçki saxtakarlığının aradan qaldırılmasına yönəlik etiraz dalğasının başladığını bildirib:

“Kərkükdə vəziyyət çox gərgindir və bunun da əsas səbəbi 12 may seçkilərində türkmanların qazandığı səslərin kürd qruplarına yazılmasıdır. Artıq beşinci gündür ki, Kərkükdə bununla bağlı etiraz aksiyaları keçirilir, xalq küçələrə axışıb. Bu gün saat 4-də daha genişmiqyaslı bir aksiya keçiriləcək.

Siz də baxın, məsələn, əhalisinin 99 faizi türkman olan Dakukda xristianların 178 səs qazandıqları iddia olunur. Belə bir şey mümkün deyil. Ərəblərin yaşadığı Havicada isə səslərin əksəriyyəti kürdlərə yazılıb. Eyni zamanda, əhalisi türkmanlardan ibarət olan Tuz-Xurmatuda da səslərin böyük hissəsi kürdlərə “verilib”.

Ona görə də, küçələrə çıxan xalqın əsas tələbi BMT nümayəndələrinin də iştirakı ilə səslərin yenidən və əllə hesablanmasıdır. Yəni tələbimiz qanunidir və Bağdaddan gözləntimiz bu məsələnin ədalətli həllidir. Tələbimizin yerinə yetirilməsini gözləyirik.

Kərkükdə kürdlərin durumuna gəldikdə deməliyəm ki, ötən ilin sentyabrında şəhəri tərk edənlər sadəcə, silahlı birliklər idi. Onlar burada öz siyasi təsirlərini saxlayıblar. Onlar 2003-cü ildən etibarən, dövlət qurumlarında yerləşdiriliblər, möhkəmləniblər. Kərkükdəki seçki komissiyalarının 80 faizinə nəzarət kürdlərin əlindədir. Ancaq onlar bundan öz qanunsuz əməlləri üçün istifadə etdilər.

Biz qanunlar çərçivəsində öz mübarizəmizi sona qədər aparacağıq. Bunu bütün dünyaya bəyan edirik. Xüsusilə, Azərbaycana səslənirəm və yanımızda olmalarını, dəstək vermələrini istəyirəm.

Mən Azərbaycan adına bir dastan yazdım. Ancaq təəssüf ki, bu proseslərdə Azərbaycandan hər hansı yardım görmədik. Məsələ tək bu işlərdə deyil. Bizim tələbələrimizin Azərbaycan universitetlərində oxumalarına şərait yaradılmadı. Media və ictimai birliklər bizim problemlərə yetərli diqqət ayırmadılar və sair.

Ona görə də, Azərbaycana, onun rəhbərliyinə, mediaya, qeyri-hökumət təşkilatlarına səslənərək deyirəm ki, biz sizdənik, türkük. Biz Qarabağda döyüşərək can verməyə hazır olduğumuz kimi, sizlərdən də Kərkükün problemlərinin həllinə dəstək istəyirik. Kərkükün yanında olmaq özünə türk deyən hər kəsin borcudur”.

A.Zeynalov

COP29