Kərkük yenidən ayağa qalxdı: Şəhəri etiraz dalğası bürüyüb

“İraq parlamentinin və Federal Məhkəmənin qərarları yerinə yetirilmir”.

 

Bu fkirləri Yenicag.az-a açıqlamasında İraq parlamentinə seçkilərdə səslərin yenidən hesablanmasına dair qərarın icra vəziyyətini şərh edən Türkiyədə fəaliyyət göstərən Kərkük Kültür Dərnəyinin rəhbəri, şair-jurnalist Şəmsəddin Kuzəçi deyib.

 

Şəmsəddin Kuzəçinin sözlərinə görə, İraqın Mərkəzi Seçki Komissiyası (MSK) və bəzi siyasi partiyalar Kərkük vilayətində səslərin əllə sayılmasını əngəlləməyə çalışırlar:

“Kərkükdə davam edən etirazlardan sonra İraq parlamenti və Federal Məhkəmə bizim bölgədə səslərin əllə sayılması haqqında qərar verdi. Həmin qərara əsasən, 9 qazı (Komissiiya üzvü) seçildi və səslərin yenidən sayılması onlara həvalə edildi.

Lakin təəssüf ki, bu qurum verilmiş həmin qərarı icra etmək istəmir. Bunu bəhanə gətirirlər ki, yalnız etiraz bildirilən bölgələrdə səslər yenidən hesablanmalıdır. Əslində isə məhkəmə ölkənin bütün vilayətlərində – onların sayı 18-dir – səslərin əllə hesablanmasını qərara alıb.

Bundan narazı qalan Kərkük əhalisi dünəndən etibarən, şəhər valiliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiya bir neçə saatdan sonra yekunlaşsa da, etiraz tədbirləri davam etdiriləcək. Xalq çox narazıdır.

Təsəvvür edin, Mərkəzi Seçki Komissiyası Kərkükdə yaşayan 600 min seçicinin 44 faizinin səsvermədə iştirak etdiyini bildirir. Bu da aşağı-yuxarı 300 min seçici deməkdir. Elektron sistemdə isə Kərkük üzrə 470 min seçicinin səs verdiyi iddia olunur. Yəni o 170 min civarında olan səs saxtakarlıqla artırılıb.

Bütün bu işlərin arxasında isə Mərkəzi Seçki Komissiyasındakı korrupsionerlər və bəzi siyasi partiyalar dayanır. Onlar bu saxtakarlığın üzə çıxarılmasında maraqlı deyillər. Ancaq Kərkük ayaqdadır və biz İnşallah, öz tələblərimizi həyata keçirməyə nail olacağıq”.

A.Zeynalov

COP29