!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kərkükdə nələr baş verir? - Türkman jurnalistlə müsahibə

!Reklam – Yazi

Kərkük türkmanlarının hazırki durumu, İraqda baş verən hadisələr və Türkiyənin türkmanlarla bağlı siyasəti ilə bağlı İraq Türkman Jurnalistlər Cəmiyyətinin sədri, araşdırmaçı jurnalist Şəmsəddin Kuzəçi suallarımızı cavablandırıb.

Yenicag.az Şəmsəddin Kuzəçi ilə müsahibəni sizə təqdim edir:

– Kərkükdə son vəziyyət necədir?

– Kərkükdə hazırda vəziyyət çox pisdir. Seçkilərdən sonra etirazlar oldu. Etirazlar olunca da, mərkəzi hökumət seçki komissiyasını ləğv edib, yerinə 9 hakim təyin etdi.

– Bu addım sırf Kərkükdəki vəziyyətə görə atıldı?

– Bəli. Çünki seçkilərdə ən çox qanun pozuntusu Kərkükdə olmuşdu. Kərkükdə sayılmamış 196 seçki qutusu var idi. Seçki komissiyası həmin bağlı sandıqları ləğv etdi.

– Səbəb?

– Dedilər ki, ən çox qanun pozuntusu Kərkükdə olub. 28 gün seçki qutuları millətin nəzarətində qalıb, bülletenləri dəyişdiriblər. Halbuki, həmin seçki qutuları möhürlənmişdi, heç kim də əl vurmamışdı. Vəziyyət belə olduqda İraq parlamenti qərar çıxardı ki, bütün seçki qutuları əllə və yenidən sayılsın. Bildiyiniz kimi, İraqda ilk dəfə bülletenlər elektronik cihazla sayılırdı. Məlum olub ki, cihazlara müdaxilə edilib və cihazlarla sayılan səslər kimlərinsə maraqlarına xidmət edib. Kərkükdə demək olar ki, əhalinin hamısı türkmandır, ancaq səslərə baxanda görürük ki, kürdlərə, xristianlara səslər çıxıb. Bu cür məsələlər ortaya çıxınca etirazlar oldu və İraq mərkəzi hökuməti bütün seçki qutularının əllə sayılmasına qərar verdi. Bögələrə isə hakim göndərdi. Ancaq Seçki komissiyası buna etiraz etdi və bildirdi ki, bütün seçki qutularını əllə saydırmayacaq, hansı seçki qutularında şübhə varsa, onları saydıracaq. Seçki qutularının 5%-i əllə sayıldı. Bu günə qədər İraqda, xüsusən də Kərkükdə seçkinin nəticələri açıqlanmadı. 12 mayda İraqda seçki keçirilib, ancaq indiyə qədər nəticə yoxdur. Hazırda İraqda keçmiş hakimiyyət və parlament fəaliyyət göstərir. Ancaq onların da rəsmi səlahiyyətləri yoxdur, qeyri-rəsmi fəaliyyət göstərirlər. Seçki komissiyası da dağılıb. Hazırda İraqda xaus hökm sürür.

– Əgər seçkilər düzgün keçirilsəydi, İraq parlamentində türkmanlardan deputatlar olacaqdı?

– Hazırda da var. İraqın 6 vilayətindən 12 deputatımız var, Kərkükdən isə 3 deputatımız vardı. Ancaq bu seçkilərdə Kərkükdən 6 deputatın çıxacağını gözləyirdik. Kərkükdə 13 deputat yeri var. 13 deputatdan 1-i suriyalılar üçün nəzərdə tutulub. 12 yer var, biz 5-6 türkman deputat gözləyirdik. Qanun pozuntusu olduğu üçün kürdlər 6, ərəblər 3, türkmanlar də 3 deputat yeri qazandı. Kərkükdə əhalinin böyük çoxu türkmandır, kürdlər qaçdı.

– Kərkükdə vəziyyətin pis olduğu bəllidir. Bölgədə neft və qazın olması maraqları da ortaya çıxarır. Kərkükdə hansı dövlətlərin maraqları var və onlar hansı işlər görürlər?

– İraqda 2003-cü ildən sonra ABŞ-İran müharibəsi gedir. Hər iki dövlət İraq üzərindən müharibə aparır. İraq hökuməti tamamilə İranın nəzarətindədir. ABŞ Səddam Hüseyni devirdikdən sonra, hökuməti sünnilərə verdi. Sonra isə İran müdaxilə etdi. 2004-cü ildən etibarən hakimiyyət şiələrin, yəni, İranın əlinə keçdi. ABŞ İraqdan çəkildikdən sonra İran tam səlahiyyət əldə etdi. Türkiyə Şimali İraq kürdləri ilə işbirliyi içərisində idi. 1991-ci ilən 2003-cü ilə qədər Şimali İraq güvənlik bölgəsi idi. 36-cı paralel uçuşa da yasaq idi. Səddam Hüseyn Şimali İraqa girə bilməzdi. Bununla bağlı BMT-nin Körfəz müharibəsi ilə bağlı qərarı var idi. Türkiyə həmin bölgəyə çox dəstək oldu. 2003-cü ildən sonra Türkiyə də Şimali İraqdan kənarda qaldı. Buna səbəb Türkiyə parlamentinin 1 mart qanun layihəsini qəbul etməməsi oldu. ABŞ Türkiyə ilə birgə quru yolu ilə İraqa girməli idi, ancaq Türkiyə parlamenti bu qanun layihəsini qəbul etmədi. Buna görə də, ABŞ-la Türkiyə münasibətləri pisləşdi. ABŞ körfəzdən İraqa girdiyi üçün Türkiyə İraq məsələsindən kənarda qaldı. ABŞ kürdlərlə birgə hərəkət etdi və kürdləri buna görə mükafatlandırdılar. ABŞ İraqın yeni konstitusiyasını yazarkən kürdlərə çox haqq verdi. Türkmanlara heç bir haqq verilmədi və beləcə türkmanlərı cəzalandırdılar. ABŞ o zaman açıq-aşkar bildirirdi ki, Türkiyə bizə icazə vermədiyi üçün biz də sizi cəzalandırırıq.

– Türkiyəyə görə, İraq türkmanları cəzalandırıldı…

– Eynən elə oldu. İyul ayında türk əsgərinin başına çuval keçirildi. Eynən türkmanlrın də başına çuval keçirdilər. Türkiyə əsgərlərinin olduğu yerdən 50 metr kənarda Türkman radiosu var idi. Bizim türkmanların də başına orada çuval keçirildi. Bunların hamısı Cəlal Təlabaninin oğlu Pavel Təlabaninin oyunu idi. Başlarına çuval keçirilmiş əsgərlərin və türkmanların foto və videolarını Pavel Təlabani çəkirdi. Və bu foto və video mediada yayımlandı. O vaxt Türkiyə 1 mart qanun layihəsini qəbul etsəydi, türkmanlar da rahat yaşaya bilərdi. Hazırda İraqdakı müharibə ABŞ-la İran arasında gedir, rəsmi Vaşinqton kürdlərin tərəfindədir. ABŞ İranı İraqdan yox etməyə çalışıb. Türkiyə isə ortada qalıb. Türkiyə ancaq düşünməklə məşğuldur ki, türkmanları hansı formada müdafiə edə bilərik. Kürdlər referendum zamanı ABŞ və Türkiyə ilə münasibətləri tamamən korladılar. Onlar nə ABŞ-ı, nə İranı, nə də Türkiyəni dinlədilər. Hər kəs dedi ki, referendumun vaxtı deyil, ancaq Məsud Bərzani heç bir tərəfi dinləmədən bu addımı atdı. Kürdlərə tək bir dövlət – İsrail dəstək verdi. İsraildən bir heyət Ərbilə gəldi və Bərzani ilə görüşdü. Məsud Bərzani referendumu həyata keçirdi. Bundan sonra İraq dövləti referendumun ləğv edilməsini tələb etdi. Məsud Bərzani öncə vaxt istədi, sonra isə referendumun nəticələrini ləğv etdi. İraq mərkəzi hökuməti bununla da razı qalmadı və bildirdi ki, özü də istefa verməlidir. Məsud Bərzani istefa verdi. İraq mərkəzi hökuməti daha bir tələb irəli sürdü ki, problemli ərazilərdə peşmərgələr var, onları geri çəkməlisən. Məsud Bərzani bununla razılaşmadı, xüsusən də Kərkükdən çıxmaq istəmədi. Bundan sonra “Həşti Şabi”, İraq federal polisi Kərkükə girdi və peşmərgəni Kərkükdən çıxardılar. Nəticədə kürdlər də Kərkükdən köç etdilər.

– Kərkükdə türkmanlar qaldı?

– Kürdlərdən də az sayda qalanlar oldu. Kərkükdə qalan kürdlər peşmərgələrlə əlaqələri olmayanlar idi. Hazırda Kərkükdə əhalinin böyük çoxluğu türkmanlardır.

– Türkiyənin Kərkükə müdaxilə gücü varmı?

– Kərkükdə Türkiyənin gücü yoxdur. Hazırda Kərkükdə İraq mərkəzi hökumətinin gücü var. Kərkük İraq mərkəzi hökumətinə bağlıdır. Ərbil, Süleymaniyə, Daxuq – üçü bir arada federal kürd bölgəsidir. Qalan 15 vilayət isə İraq mərkəzi hökumətinin nəzarəti altındadır. Kürdlər zorla Kərkükü alıb, öz bölgələrinə qatmaq və Kürdüstanı elan etmək istəyirdilər. Buna isə İraq, Türkiyə, İran, ABŞ qarşı çıxdı.

– Qarşı çıxmanın səbəbi nə idi?

– İllərdir ki ABŞ kürdləri dəstəkləyirdi. Ancaq bu dəfə Kürdüstana qarşı çıxdı.

– Niyə?

– Ortaya çıxdı ki, Məsud Bərzani strateji səhvə yol verib. Məsud Bərzani Şimali İraqda nəzarət etdiyi bölgələrin neft və qazının satılması üçün Rusiya ilə 50 illik müqavilə bağlayıb. Buna görə də, ABŞ, Türkiyə, İran Məsud Bərzaniyə qarşı çıxdı. Türkiyə o bölgənin inkişafı üçün əlindən gələni etdi. Hava limanı tikdi, parlament binası inşa etdi. Türkiyənin Ərbildə, Daxuqda 3500 şirkəti, firması, mağazası var. Ərbildə Türkiyənin 4 bankı var. Ancaq Türkiyə referendum etmə dedi, Bərzani dinləmədi. İran da referendum etmə dedi. İranın bunu deməsinə səbəb isə, neft və qazı sata bilməmə qorxusu idi. Bərzani Rusiyaya neft və qazı Türkiyə üzərindən yox, Suriya üzərindən satacaqdı. Bu isə heç bir dövləti qane etmirdi.

– İraqda İranın gücü daha çox görünür. ABŞ necə cavab verir?

– Son 2 həftədə ABŞ İraqda hərbi çevriliş etməyə cəhd göstərdi. Məqsəd İraqı yox etmək yox, İranı İraqdan çıxarmaqdır. Çünki İran İraqın böyük bir hissəsini ələ keçirib. Ötən həftə elektrik, internet kəsildi. Ölkədə demək olar ki, tam xaus hökm sürür. Bu saata qədər hərbi çevrilişin olacağı gözlənilir. Çünki İraqda hökumət yoxdur. Keçmiş hökumət qeyri-rəsmi fəaliyyət göstərir.

– İŞİD-in İraqa, xüsusən Kərkükə müdaxiləsi varmı? Yoxsa tamamən bitib?

– İŞİD-in İraqa müdaxiləsi mümkün deyil. İŞİD İraqda bitib. Səhralarda İŞİD qalıb, onların da gücləri yoxdur ki, şəhərlərə, rayonlara getsinlər. İraqda hazırda İŞİD yox, “Həşti Şabi” güclüdür.

– “Həşti Şabi” kimlərdir?

– “Həşti Şabi” İranın dəstəklədiyi milislərdir. Kürdləri Kərkükdən, Mosuldan “Həşti Şabi” çıxardı. Bundan sonra İraq mərkəzi hökuməti “Həşti Şabi”yə təklif etdi ki, dövlətlə müqavilə bağlayın, polis kimi fəaliyyət göstərin. Hazırda “Həşti Şabi” İraq dövlətinin müdafiə gücünün bir bölümüdür. Polis, əsgər, “Həşti Şabi”. “Həşti Şabi” dövlət məmuru oldu, dövlətdən maaş alırlar. “Həşti Şabi” Nəsr adlı mənası zəfər olan partiya yaratdı. Onların partiyası seçkilərdə ikinci yeri tutdu. Hadi Əl Amirini İran İraqda baş nazir görmək istəyir. Bunu isə digər partiyalar qəbul etmir. Ona görə də, hökumət qurulmur.

– Kərkük türkmanlarının vəziyyəti necədir?

– Kərkükdə həyat öz axarındadır. Ancaq Bağdada, Ərbilə olduğu kimi Kərkükə diqqət ayrılmadı. Kərkükdə evlərə enerji 5-6 saat verilir. İçməli su yoxdur. Bələdiyyə fəaliyyət göstərmir. Zibillər küçələrə yığılır, 2-3 gündən bir yandırılır. Hər küçənin başında generator qoyulur. O generatorlardan evlərə pulla işıq satılır.

– Çox bahalıdır?

– Bahalı deyil, sadəcə dövlət olduğu halda, niyə belə bir iş görülsün ki? Suyu da pulla alırıq. Kərkükdə hər kəs işləyir, kərküklülər işgüzardır. Kürdlər bizi çox sıxdı.

– Türkiyə Şimali İraqa investisiya qoydu. Burada türk şirkətləri, firmaları, bankları fəaliyyət göstərir. Niyə görə Türkiyə Kərkükə də investisiya qoymur?

– Türk iş adamları deyir ki, Kərkükdə təhlükəsizlik yoxdur.

– Suriyadakı türkmanların vəziyyəti necədir?

– Suriyadakı türkmanların vəziyyəti bizim vəziyyətimizdən daha pisdir. Türkiyənin vəziyyəti yaxşı olanda Suriya türkmanlarının da vəziyyəti yaxşı olur. Çünki suriyalı türkmanlar Türkiyə, türk ordusu ilə birgə hərəkət edirlər.

– PKK-nın türkmanlara bir təhlükəsi varmı?

– Kərkükdə PKK var. PKK-nın radiosu, büroları, təlim-tədris mərkəzləri var.

– Suriya türkmənları silahlandırıldı, ordu yaradıldı. Kərkük türkmanları niyə belə edə bilmədi?

– Bizdə bu mümkün deyil. Bizim ərazilər düzlükdür. Onlar dağa çıxıb mübarizə apara bilir, biz bunu necə edəcəyik? Kərkük türkmanları sakit insanlardır. Biz Səddam Hüseynə belə qarşı çıxmadıq. Ancaq ara yerdə biz əziyyət çəkdik. Düzdür, Türkiyə bizə maddi-mənəvi dəstək verir, ancaq biz siyasi dəstək istəyirik. İraq hökuməti qurulanda Türkiyənin təzyiqi ilə 3 türkman nazir var idi. Ancaq indi 1 nazirimiz belə yoxdur. Bu səbəbdən siyasi dəstək şərtdir. İraqın 70 ölkədə səfiri var, onlardan cəmi 3-ü türkmandır. Türk dünyası ölkələrinə türkman səfir göndərilməlidir.

– Türkiyə dövləti ilə əlaqələriniz varmı?

– Var. Biz sadəcə Türkiyədən kömək, dəstək istəmirik. Biz bütün türk dünyasından, xüsusən də Azərbaycan hökumətindən dəstək istəyirik. Ən azı Azərbaycan dövlətindən mənəvi kömək gözləyirik.

Səxavət Məmməd
Fotolar: Həşim Səhrablı

www.yenicag.az

3494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv