İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin “Kərkükdən səsləniş” kitabı təqdim olunub.
Yenicag.az xəbər verir ki, təqdimat mərasimi Bakı Yunus Emre İnstitutunda baş tutub. Kərküklü soydaşlarımızı layiqincə təmsil edən, onların yaşadığı sıxıntıları dünyaya çatdırmağı özünə borc bilən araşdırmaçı-jurrnalist, şair Şəmsəddin Kuzəçinin qələmə aldığı kitab oxucuların böyük marağına səbəb olub. Mərasimdə tanınmış yazıçılar və ictimai xadimlər də iştirak edib.
Kitabın redaktoru Əkbər Qoşalı kitabın ərsəyə gəlməsinin türk dünyası üçün böyük əhəmiyyətə malik hadisə olduğunu deyib.
Tədbirdə çıxış edən TÜİB sədri, iş adamı Hüseyin Büyükfırat isə doğulub boya-başa çatdığı Urfa vilayətinin Kərkük və Azərbaycanla yaxın əlaqələrinin olduğunu söyləyib. Büyükfırat qeyd edib ki, hazırda Urfada Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var:
“Bizləri ortaq soy-kök, ortaq tarix birləşdirir. Daha əvvəl də bu əlaqələrimizi gücləndirmək üçün müxtəlif layihələr həyata keçirmişik. Fürsətdən istifadə edərək Şəmsəddin qardaşımızı kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm”.
Çıxışının sonunda Hüseyin Büyükfırata türkmən ödülü təqdim edilib.
İş adamından sonra kürsüyə çıxan millət vəkili Hikmət Babaoğlu isə, Şəmsəddin Kuzəçinin öz adının haqqını verərək ziyasını, işığını ətrafa saçdığını deyib:
“Şəmsəddin Kuzəçi şeirlərində Kərkükün faciəsindən, türkman qardaşlarımızın yaşadığı ağrılı-acılı günlərdən bəhs edir. Onun əsərlərində vətənə qarşı ülvi məhəbbət öz əksini tapıb. O, Kərkükü sadəcə romantik nəzərlərlə təsvir etmir, həm də Kərkükün həqiqətlərini dünyaya çatdırır”.
Türk Dünyası Gəncləri Birliyinin sədri, keçmiş millət vəkili Əkrəm Abdullayev isə çıxışı zamanı bildirib ki, Kuzəçi öz yaradıcılığı ilə ətrafına yüzlərlə dəyərli insan toplayıb:
“Şəmsəddin bəy ilk dəfə olaraq 2002-ci ildə bizim qurultayımızda iştirak etmək üçün Bakıya gəlmişdi. İlk gündən öz düşüncə tərzi ilə, nizamlı davranışlarıyla bizi özünə heyran etdi. Şəmsəddin Kuzəçi 3 ölkənin – Türkiyə, Azərbaycan və İraqın əlaqələrini gücləndirən nadir insanlardandır”.
Bəstəkar Sevinc Tofiqqızı isə onun şeirlərini mahnıya çevirmək üçün hər zaman hazır olduğunu deyib.
Qeyd edək ki, Kuzəçinin “Səni unutdum” adlı şeiri Tofiqqızı tərəfindən bəstələnib, müğənni Çinarə Məlikzadə tərəfindən isə ifa olunub.
Kitabın müəllifi Şəmsəddin Kuzəçi göstərilən diqqətə görə iştirakçılara öz minnətdarlığını bildirib.
Tədbirin sonunda çıxış edənlərə müxtəlif plaketlər, iştirakçılara isə “Kərkükdən səsləniş” kitabı təqdim olunub.