“Kərküklə əlaqələrimizin gücləndirilməsi lazımdır” – Qəzənfər Paşayev

“Kərkükdə tarixi dövlətlərimiz olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Kərkük” Panelində çıxış edən professor Qəzənfər Paşayev Kərküklə əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.

Professorun sözlərinə görə, bu məsələdə dövlət də öz dəstəyini əsirgəməməlidir:
“Belə bir tədbirin təşkili üçün Tənzilə xanıma, əməyi keçən hər kəsə təşəkkür edirəm.

İki il bundan əvvəl Türkiyədə bir konfrans keçirildi. Oradakı çıxışımda dedim ki, nə yaxşı, Türkiyə var, kiçik xalqların qayğısına qalan Türkiyə… Orada təklif səsləndi ki, Kərkük adına küçə verilsin.

Bir müddət əsarət altında olduğumuz üçün mənəvi dəyərlərimizə əhəmiyyət verə bilməmişik. O boyda nəhəng Nəsiminin məzarını 1960-cı ildə Rəsul Rza tapdı. Bundan on il sonra məlum oldu ki, Nəsiminin edam hökmü ədalətsiz elan olunub və ona bəraət verildi.

Ömrümün altmış ildən çoxunu Kərkük folkloruna həsr etmişəm, bu, təmənnasız bir xidmətdir. Şah İsmayıl Xətainin şeirlərində də türkman sözü işlənilir. Kərkükdə tarixi dövlətlərimiz olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var.

1968-ci ildə Rəsul Rza ilə mənim “Kərkük bayatıları” kitabımız çıxdı. Bu istiqamətdə müəyyən işlər görülür. Ancaq bizim Kərküklə, İraq türkmanları ilə əlaqələrimiz zəifdir. Bu məsələlərdə dövlət dəstəyinin olması vacibdir”.