“Kərkükün, Ərbilin adını dəyişməyə cəhd etdilər” – Mehmet Tütüncü

“Türk dünyasının bir arada olması üçün əlimizdən gələni etməliyik”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Kərkük” Panelində çıxış edən İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü Türk dövlətlərinin bir arada olmasında Türkiyənin oynadığı böyük rolu önə çəkib.

Mehmet Tütüncünün sözlərinə görə, Kərkükün Türk dünyasından qoparılmasına davamlı cəhdlər olur:
“Türk dünyasının dayağı olan Türkiyənin rolunu xüsusi qeyd etmək lazımdır. Türkiyə əslində, Türk dünyasının – Kərkük, Qarabağ və başqa dərdlərimizin dünyaya çıxarılması kimi mühüm görəv daşıyıcısıdır. Bu birliyimizi qorumaq üçün çox səy göstərməliyik.

Kərkükün, Ərbilin, İrəvanın adlarını dəyişməyə qalxdılar. Kərkük bayatısında da qəlbimizdəki üç yara – Kərkük, Krım, Qarabağ yaralarından geniş bəhs olunur. Bir daha qeyd edim ki, Türk dünyasının bir arada olması üçün əlimizdən gələni etməliyik”.