“Keşikçidağ”da növbəti gürcü təxribatı: “Onlara adekvat cavab verilməsə…” – İlham İsmayıl

“Hər dəfə “danışıqlar davam edir”, – deməklə, bu məsələnin də Dağlıq Qarabağ problemi kimi xeyli uzanmasına şərait yaratmamalıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan-Gürcüstan sərhədinin “Keçikçidağ” sahəsində bu gün baş vermiş məlum insidentə münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, Gürcüstanla sərhəd mübahisəsinin bu qədər uzanmasının bir səbəbi də Azərbaycanın ortaya qəti mövqe qoymamasıdır: “Bu məsələyə Azərbaycan tərəfdən yüksək səviyyədə münasibət bildirilmədiyi üçün gürcülər öz işlərini, təxribatlarını davam etdirirlər. Sərhədlərin müəyyənləşdirilməsi məqsədilə aparılan ikitərəfli danışıqların, aşağı ranqlı məmurların iştirakı ilə aparılması da Gürcüstanın qeyri-konstruktivliyinin göstəricisidir.

Vəziyyət belə davam etdikcə, Gürcüstandan bizə qarşı ərazi iddiaları və təxribatlar ara verməyəcək. Bu da nəticə etibarilə, münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq. Gürcüstanın Azərbaycana qarşı iddialarının qarşısını hər hansısa formada almaq lazımdır. Hər dəfə “danışıqlar davam edir”, – deməklə, bu məsələnin də Dağlıq Qarabağ problemi kimi xeyli uzanmasına şərait yaratmamalıyıq. Gürcülərin bu təxribatına adekvat cavab verilməsə, bu məsələ bir müddət sonra yenidən və daha kəskin formada alovlanacaq. Gürcü millətçiləri üçün çəkindirici bir amil yoxdur, onlar sərhədlərin toxunulmazlığı prinsipinə məhəl qoymurlar. Bu səbəbdən, gürcülər Azərbaycanın sərt üzünü görməlidir”.

Səxavət Məmməd