!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəskin respirator virus infeksiyaları və antibiotiklər

!Reklam – Yazi

Amerika yazıçısı O.Henri “Üçüncü inqridient” əsərində yazırdı: “Həyatda elə şeylər var ki, hökmən bir yerdə olmağa məhkumdur. Məsələn, çəhrayı muslin və yaşıl qızılgül, ya da qızardılmış döş əti və yumurta, yaxud da irlandlar və iğtişaş kimi”.

Bir-biri ilə harmoniya yaradan soyuq qışı, bu soyuqda qarşıladığımız yeni ili və soyuğa davamlı virusun törətdiyi qripi də bura əlavə etsək, yəqin ki, məzmun dəyişməz. Əhalinin infeksion xəstəliklər strukturunda əsas rol yuxarı tənəffüs yollarının virus infeksiyalarına məxsusdur. 200-dən artıq infeksion agent kəskin respirator xəstəliklərin (KRX) səbəbi ola bilər ki, bu da onların diaqnozunu fövqəladə dərəcədə çətinləşdirir.

Qeyd etmək lazımdır ki, praktik həkimlər gündəlik fəaliyyətlərində eyni məna kəsb etməyən, həmçinin, əvəzedici də sayılmayan KRX ilə kəskin respirator virus infeksiyaları (KRVİ) anlayışlarına münasibətdə yanlışlığa yol verirlər. KRX tənəffüs yollarının kəskin iltihabi xəstəliklər qrupu olub, çoxsaylı müxtəlif etioloji agentləri (respirator viruslar, bakteriya, xlamidiya, legionella, mikoplazma, hətta göbələklər) özündə birləşdirən ümumi termindir. KRVİ dedikdə isə yalnız respirator viruslar tərəfindən törədilən infeksiyalar (qrip, paraqrip, adenovirus, rinovirus, reovirus, koronovirus, respirator-sinsitial) anlaşılır. KRX strukturunda lider mövqe tutan və bütün infeksion patologiyanın 90-95 faizini şərtləndirən KRVİ-dir. KRVİ-in sırasında isə epidemiya və pandemiya verdiyinə, əhalinin bütün yaş təbəqələrini zədələdiyinə, tez-tez ağırlaşmalarla cərəyan etdiyinə görə qripə tarixən daha çox diqqət yetirilir. Məhz qripdə ölümə cavabdeh olan ağırlaşmalar 15-20 fazi təşkil edir. Əksərən etioloji şərhsiz KRVİ diaqnozu qoyulur. Bütün hallarda etiologiyanı mümkün qədər tez müəyyən etmək lazımdır, çünki erkən diaqnoz etiotrop müalicənin də effektliliyini təmin edir. Başqa sözlə, bu, müalicəyə qədər veriləcək qərarlara təsir göstərə bilər. Məsələn, KRX, xüsusən yuxarı tənəffüs yollarının bakterial və mikoplazma mənşəli zədələnmələri antibiotikoterapiyaya yaxşı tabe olur. Əksinə, qripdə və digər KRVİ-də antibiotiklərin təyini yalnız tənəffüs traktında və bağırsaqlarda disbakteriozun inkişafina və nəticə etibarı ilə xəstəliyin daha da əlverişsiz gedişinə imkan yaradır.

Bu günə qədər qrip və digər KRVİ-in müalicəsi üçun radikal effekti təmin edən xüsusi effektli vasitələr olmadığına görə praktik həkimlər seçim preparatı problemi ilə qarşılaşır. Məhz bu səbəbdən dünya praktikasında KRVİ-in müalicəsində hələ də simptomatik və patogenetik terapiyaya üstünlük verilir. Qrip və digər KRVİ-in müalicəsi əsasən 3 istiqamətdə aparılır: simptomatik (əslində, bu, bazis terapiyadır), etiotrop virus əleyhinə və ciddi göstəriş olduqda antibiotikoterapiya. Simptomatik terapiyanı müalicə-qoruyucu rejim, vitaminlərlə zəngin sudlü-tərəvəzli pəhriz, bol maye qəbulu, iltihab əleyhinə və hərarətsalıcı, mukolitik və bəlğəmgətirici vasitələr, vitaminoterapiya, yerli müalicə (rinit, farinqit, tonzillit, larinqit, larinqotraxeit və inaq sindromunda), respirator allergozlarda antihistamin vasitələr təşkil edir. Etiotrop virus əleyhinə terapiyanı isə təmsil edir: neyraminidaza ingibitorları, amantadin törəmələri, hemaqqlütinin ingibitoru – arbidol, qripin ağır və hipertoksiki formalarında qrip əleyhinə spesifik immunoqlobulin, interferonlar və endogen interferonların induktorları. KRVİ-də antibiotiklərin təyinatına zərurət yoxdur, antibiotiklərin təyin edildiyi bütün hallarda isə göstərişin və seçim preparatının dəqiq əsaslandırılması vacibdir. Vaxtı ilə məşhur infeksionist Q.P.Rudnev antibiotikləri olduqca müsbət səciyyələndirir: “Antibiotiklər güclüdür, lakin hər şeyə qadir deyil”.

Bu baxımdan onlar müalicə tədbirlərinin bütün kompleksini əvəz edə bilməzlər. Bu tibbi tezis öz müasirliyini nəinki itirməyib, əksinə, antibiotiklərin tətbiqinin geniş vüsət tapdığı hazırkı zamanda daha da mühüm olub. Qeyd etmək vacibdir ki, antibiotiklərin tətbiq diapozunu bakterial infeksiyalarla məhdudlaşmır, virus infeksiyalarında da geniş istifadə edilir (bu ilk baxışda ziddiyətli məqam kimi görünən, lakin mahiyyətcə anlaşılandır). Bu zaman antibiotiklər viruslara təsir etmədiklərinə görə etiotrop vasitə sayılmırlar. Onların tətbiqi patogenetik əsaslandırılıb və virus infeksiyasının təsiri altında patogen və şərti patogen floranın sarsılmasına yönəldilib. KRVİ-də əksər hallarda ağır gediş və nəticə bakterial ağırlaşmaların qoşulması ilə müəyyən olunur. Praktik işdə istənilən KRVİ-də antibiotiklərin profilaktik məqsədlə (vərəm və tənəffüs sisteminin bir sıra xroniki xəstəlikləri istisna olmaqla) kifayət qədər əsas olmadan “hər ehtimala qarşı” təyin edirlər. Onların qoruyucu təsiri haqqında məişət fikirlərini yanlış qəbul etmək lazımdır. Bu, bəzən xəstəyə boyük zərər verə bilər, belə ki, antibiotiklərin təsiri çox hallarda olduqca ciddi müxtəlif patoloji reaksiyalarla müşayiət oluna bilər.

Antibiotikoterapiyanın qeyri-səmərəliliyi və yanaşı təsirlər, adətən antibiotikləri patogenetik terapiya kompleksindən xaric (dezintoksikasiya, rehidratasiya, allergiya əleyhinə,vitamin terapiyası və s.) təyin etdikdə qeyd edilir. Bir sözlə, KRVİ-də antibiotiklər yalnız laringit, larinqotraxeit, tonzillit, faringit, limfadenit, irinli bəlğəmlə bronxit, pnevmoniya kimi bakterial ağırlaşmalar, qripli xəstədə infeksiyaya şübhə, qripin ağır və ağırlaşmış formaları, bakterial infeksiyaların xroniki ocaqları, xüsusən onların kəskinləşməsi, immun defisitin klinik əlamətləri mövcud olduqda məqsədəuyğundur. Müasir mərhələdə bakterial ağırlaşmalarda beta-laktamlar, sefalosporinlər, ftorxinolonlar, xüsusən ilkin mərhələdə seçim preparatı kimi penisillinin sintetik preparatları (amoksisillin, amoksiklav), sefalosporinlər (sefotaksim), bakterial infeksiyaların profilaktikası üçün isə imudon, İRS 19 və s. istifadə edilir.

Elza ORUCOVA
ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru

www.yenicag.az

6258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv