“Onların keçmişini araşdırmaq lazımdır” – Tərlan Əhmədovdan iddialara cavab

Xəbər verdiyimiz kimi, “Keşlə” klubunun iki futbolçusu Nizami Hacıyevlə Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İddialara görə, hər iki oyunçu “Neftçi” ilə matçın nəticəsini əvvəlcədən razılaşdırıb.

Məsələ burasındadır ki, Nizami Hacıyev ötən günlərdə “Neftçi”yə transfer olunacağını demişdi. Görəsən, səsləndirilən iddialara “Neftçi” tərəfinin münasibəti necədir?

Yenicag.az-a açıqlama verən bakılıların baş məşqçisi Tərlan Əhmədov iddialarla razılaşmayıb:

“Ağ yalandır. Bunu ortaya çıxardan adamlardan soruşmaq lazımdır. 7 oyun uduzanda heç nə eləmirlər, “Neftçi” ilə matçdan sonra danışmağa başlayırlar? Deməli, öz qəbahətlərini başqalarının üstünə atırlar. Getsinlər, 7 oyunu niyə uduzduqlarını araşdırsınlar. Nizami Hacıyevin “Neftçi”yə transferi üçün danışığımız olub. Yəqin ki, bu söz-söhbətlər də ona görədir. Onun oyundan öncə bizim kluba keçəcəyi ilə bağlı açıqlaması da olmuşdu. Məsələni “Neftçi” haqqında şişirdirlər.  İnsan faktlarla susdurulmalıdır. Mən bura gəlməmişəm ki, komandanın, yaxud da öz adımı ləkələyim. Niyə məhz “Neftçi” ilə oyundan sonra məsələni qabartdılar? Hər futbolçunun müqavilə müddətinin başa çatmasına 6 ay qalmış digər klublarla danışıq aparmağa haqqı var. Bu məsələni kim ortaya atıbsa, onların keçmişini araşdırmaq lazımdır. Görün ki, nədi, nə deyil. Mənim keçmişim təmizdir. İndiyədək heç kimə haram təklif etməmişəm. Mənim futbolçuya rüşvət təklif etməyim nə dərəcə inandırıcıdır?”

Emin Səfərov

COP29