!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keyfiyyətli dondurmanı necə seçmək olar? - ARAŞDIRMA

!Reklam – Yazi

“Əhval yaxşı olmayanda dondurma yemək məsləhət görülür. Dondurmanın tərkibi vitaminlər, zülallar, müxtəlif elementlərlə zəngindir. Dondurmanı asta-asta yeyəndə heç bir xəstəlik yaranmır. Əksinə, ağız boşluğunun selikli qişası möhkəmlənir, immunitet artır. Dondurmanı dişləyərək yemək məsləhət deyil”. 

Yay aylarının nəfəs kəsən istisində canımıza həm sərinlik, həm şirinlik gətirən nədir? Əlbəttə, dondurma! Yəqin ki, tək-tük adam olar ki, dondurmanı sevməsin. O da, məncə, sevməmək deyil, ola bilər ki, səhhəti ilə əlaqədar yeməyələr. Dondurma  dadlıdır, kiçikdən böyüyə hamının sevimli qidasıdır. Bunun da öz səbəbləri var.  Məlumat üçün deyim ki, dondurma, tərkibində, əsasən, qidalandırıcı, dadverici, aromatik və emulsiyalaşdırıcı maddələr olan davamlı çalınma prosesindən alınan desert məhsuludur. Çoxları düşünür ki, dondurma ancaq həzz üçündür. Amma heç də belə deyil. Nəzərinizə çatdırım ki, dondurmanın xeyri də az deyil. Dondurmanın tərkibində olan yağda həll olunan vitaminlərdən A, beta-karotin, D, D3, E və K, suda həll olunan vitaminlərdən C, B1, B2, B3 (PP), B4, B5, B6, B9 və B12, minerallardan kalsium, dəmir, maqnezium, fosfor, kalium, sink, natrium, mis, manqan, selen, ftor  mövcuddur. Ona görə yaxşı, keyfiyyətli dondurma alın, yeyin, həm ürəyiniz sərinləsin, həm gözəl daddan zövq alın, həm də vitaminlənin. Hə, yeri gəlmişkən, soruşa bilərsiniz ki, “dondurmanın keyfiyyətlisini alın” deyirsən, bəs keyfiyyəti necə müəyyənləşdirək? Bu suala mən yox, qida mühəndisi Sevinc xanım Məhərrəmova cavab verəcək.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Bilin ki, keyfiyyətli dondurma… 

“Dondurma soyuducudan çıxararkən qırılırsa, deməli, keyfiyyətli məhsul seçmisiniz” deyir Sevinc xanım: “Məhsuldan kiçik bir parçanı qoparmaq onun keyfiyyətinin ən sadə sınağıdır, çünki yaxşı bərkidilmiş dondurulmuş kütlə həmişə sıx bir tutarlılığa malikdir. Buz kristalları ilə örtülübsə, bu, onun yenidən dondurulduğunu bildirir. Deməli, məhsulun dadı artıq korlanıb. Dondurma deformasiyaya uğrayıbsa, saxlama rejiminin pozulması və ya məhsulun saxlama müddətinin bitməsi ehtimalı var. İstehlak üçün təhlükəsiz müddətin sonunda dondurma şəklini itirməyə başlayır və “quruyur”.  Dondurmanın keyfiyyətini qiymətindən də bilmək olar. Baxın, bitki yağları olan dondurma daha ucuzdur. Çünki tərkibinə təbii qaymaq əvəzinə palma və ya digər bitki yağları əlavə olunur. Bundan başqa, keyfiyyətli dondurma deformasiyaya uğramamalıdır. Onun əriyib ikinci dəfə donması ehtimalı var. Bu cür dondurmanı yemək tövsiyə edilmir. Bununla bağlı deyə bilərəm ki, alıcılar diqqətli olsunlar: dondurma bərabər rəngdə olmalıdır. Tərkibində boyalar yoxdursa, sarımtıl ağ rəngdə olması, adətən daha yüksək yağ tərkibini göstərir. Dondurmanın qeyri-bərabər rəngdə olması isə onun istehsalda yaxşı qarışdırılmaması deməkdir. Şokoladlı dondurmaları da çox sevirlər. Burda da fikir vermək lazımdır ki, şokoladın üzərində ağ nöqtələr və ya lövhə olmasın. Bilin ki, keyfiyyətli dondurma qalın və qaymaqlı olmalıdır. Tərkibində yağ parçaları və ya buz kristalları olmamalıdır”.

Evdə keyfiyyət təyini

Qida mühəndisi ev şəraitində də dondurmanın keyfiyyətini təyin etməyi izah etdi: “Dondurmanı alıb evə gətirəndən sonra bir parça götürün, boşqaba qoyun və necə əriməsinə baxın. Əsl dondurma 10-15 dəqiqədən sonra yavaş-yavaş və bərabər şəkildə əriməyə başlayacaq. Dondurmada su və ya köpük görürsünüzsə, deməli, yaxşı dondurma deyil. Saxta dondurma uzun müddət öz formasını saxlayacaq. Buz əriyir, amma bitki yağı qalır”.

Başağrısı verən dondurma

Dondurmadan danışanda həm də onun sağlamlığa təsiri də bizi düşündürür. Bunu da Azərbaycan Tibb Universitetinin Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının müəllimi Şirazi İbrahimov cavablandıracaq. Həkim deyir ki, insanların çoxu dondurma yeyəndə angina olacağını düşünür: “Amma bu, əsasən, belə deyil. Dondurmanı asta-asta yeyəndə heç bir xəstəlik yaranmır. Əksinə, ağız boşluğunun selikli qişası möhkəmlənir, immunitet artır. Dondurmanı dişləyərək yemək məsləhət deyil. Çünki bu, həm dişlərə, həm də ağız boşluğunun selikli qişasına ziyandır. Gün ərzində çox yemək də olmaz. Çünki dondurmanı çox yedikdə selikli qişada da, damarlarda da daralma gedir. Bunun nəticəsində başağrısı ola bilər”.

Yaxşı əhval dondurması

Həkim deyir ki, dondurma desert qida sayılır: “Dondurma orqanizmdə serotonin hormonunu stimullaşdırır. Biz ona xoşbəxtlik hormonu deyirik. Yəni dondurma əhval-ruhiyyəni də yaxşılaşdırır. Və əhval yaxşı olmayanda dondurma yemək məsləhət görülür. Dondurmanın tərkibi vitaminlər, zülallar, müxtəlif elementlərlə zəngindir. Tərkibində şəkər – qlükoza olduğundan şəkər xəstələrinə yemək məsləhət deyil. Yeməsələr, daha yaxşıdır, amma yedikləri hallarda da mütləq dərmanlarını qəbul etməlidirlər. Bunu da qeyd edim ki, ümumiyyətlə, dondurma ac qarnına yeyiləndə iştahanı kəsir. Ona görə də, dondurmanı qida qəbulundan sonra yemək məsləhət görülür”.

Duzlu, göbələkli dondurma

Həkim müxtəlif növlü dondurmalardan da danışdı: “Biz dondurmanı şirin təsəvvür etsək də, xarici ölkələrdə duzlu, göbələkli və sairə dadlı dondurmalar da populyardır. Amma bizdə, əsasən, iki növ dondurmalar – adi və meyvəli dondurmalar var. Meyvəli dondurmaların tərkibində kalori daha çoxdur. Onlara xüsusi boyalar da vurulur. Bu cür dondurmalardan az istifadə etmək məsləhətdir. Dondurmanı yeyəndə boğazda acı tam hiss olunarsa, onun tərkibində kərə yağının olmadığını bilməliyik”.

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv