Keyfiyyətsiz yağların orqanizmdə yatdığı TƏHLÜKƏ: Alarkən bunlara diqqət etmək lazımdır – TÖVSİYƏLƏR

“Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında artıq ürək-damar xəstəliklərindən ölənlərin sayının çoxalması, Azərbaycanın da bu siyahıda yer alması ölkəmizdə keyfiyyətsiz yağların mövcud olmasının göstəricisidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keyfiyyətsiz yağ istifadəsinin orqanizmə zərərləri və yağ alarkən diqqət edilməsi lazım olan məqamlar haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, yağ 20-25 yaşa qədər olan insanların inkişafı üçün ən önəmli qida hesab edilir.

“Yağ insanın sağlam olması, daxili orqanlarının funksiyalarını yerinə yetirə bilməsi, xüsusilə, 20-25 yaşa qədər şəxslərin orqanizmin düzgün və sağlam inkişafı üçün lazım olan ən önəmli qida məhsullarından biri hesab edilir. Xüsusilə də tərkibi doymamış yağ turşularından, bir çox faydalı həll olunan vitaminlərdən ibarət olması, zənginliyi ilə insan orqanizmində ən önəmli və lazımlı funksiyaları yerinə yetirir. Mərkəzi beyin sisteminin daha düzgün çalışması, ürəyin daha düzgün şəkildə işləməsinə xidmət edir”, – deyə o bildirib.

Ekspert qeyd edir ki, mənşəyi bəlli olmayan yağlar müxtəlif xəstəliklrə gətirib çıxara bilir.

“Satışda mövcud olan bir çox mənşəyi bəlli olmayan, keyfiyyətsiz, insan orqanizminə zərərli olan yağlar var ki, bunları qəbul edən şəxslərdə həm müxtəlif xəstəliklərin yaranması, həm də inkişafdan geri qalma, ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Bu da Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında artıq ürək-damar xəstəliklərindən ölənlərin sayının çoxalması, Azərbaycanın da bu siyahıda yer alması ölkəmizdə keyfiyyətsiz yağların mövcud olmasının göstəricisidir. Bu həm bitki, həm də heyvan mənşəli kərə yağına da aid edilir”, – deyə mütəxəssis əlavə edib.

Mütəxəssis yağ alarkən diqqət olunması vacib olan məqamları da qeyd edib:

“Yağ alarkən mütləq şəkildə mənşəyi bəlli olan, keyfiyyətli olanını almaq lazımdır. Kərə yağı fəsilə görə dəyişərək, 20-25 litr süddən əldə olunur. Yağın rəngi isə yaz-yay aylarında daha sarı olur. Bu da süd alınan heyvanın təzə yaşıl otlarla qidalanmasının əlaqədardır. Soyuq aylarda isə bu rəng nisbətən açıq olur. Marketdən yağ alarkən etiket məlumatlarına diqqət yetirmək lazımdır. Yağın 70 faizini təbii maddələr, geri qalanını isə yardımçı maddələr təşkil etməlidir. Bu gün əksər hallarda kərə yağı adı altında satılan məhsulların tərkibinə baxsaq, burada digər trans yağlar, marqarin, kərə dadlandırıcı aromatizatorlardan da istifadə olunduğunu görərik. Bu da sağlamlıq üçün çox təhlükəlidir. Bitki yağı adı altında satılan yağlar heç də hamısı təbii və orqanizmə faydalı məhsul deyil. İnsanlar bitki sözünü gördükdə düşünür ki, bu, təbii məhsuldur. Xüsusilə bu, palma yağında özünü daha çox göstərir”.

İsmayıl Bakuvi

COP29