Хalq artistindən SƏMİMİ ETİRAF: “Odnolyub”am, 15 ildir…” – MÜSAHİBƏ

Bir çox həmkarları kimi, o da aylardır ki, yaradıcılıqdan uzaq düşüb. Nə çəkiliş var, nə də tədbir. Pandemiyada cəmi bir ürəkaçan hadisə ilə qarşılaşıb…

Xalq artisti, tanınmış aktyor Hacı İsmayılovun Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Aylardır ki, yaradıcılıqdan uzaq düşən bir aktyor kimi, əhval-ruhiyyəniz necədir?

– Koronavirus bütün işlərimizi alt-üst etdi. Mart ayından oturmuşuq evdə, yaradıcılıqdan uzaq düşmüşük. Martın 10-da Milli Teatr günü üçün gözəl planlarımız vardı. Aktyorlarımız üçün mükafatlar, fəxri fərmanlar hazırlamışdıq, gözəl mərasim təşkil edəcəkdik, heç birini təqdim edə bilmədik. Bütün tədbirlərimiz, tamaşalarımız təxirə düşdü.

– Teatrların açılmasını yəqin ki, səbrsizliklə gözləyirsiz?

– Çətin açılar, çünki teatr insanların kütləvi gəldiyi məkandır, yoluxma təhlükəsi ola bilər. Boş zala oynamaq da maraqsızdır. Yəqin oktyabrdan açılar.

– Seriallara necə çəkilirsiz?

– O qədər də çox dəvət almıram. Bir neçə dəvət oldu, xoşuma gəlmədiyi üçün imtina etdim. Vaxtilə çəkildiyim seriallar da var. Mən daha çox filmlərə çəkilmək istəyirəm. Pandemiya dönəmində ürəkaçan bir hadisə bu oldu ki, “Azərbaycanfilm”in çəkdiyi bir filmdə rol aldım. Obraz da çox ürəyimcə idi, kənd müəlilmini canlandırdım. Çox da ləzzət etdi.

– Bəs seriallarda aldığınız qonorar necə, qane edir sizi?

– Müqavilə əsasında alıram, qane edir.

– Hollivud aktyorları ilə müqayisədə Azərbaycanda aktyorların dolanışıq səviyyəsi çox aşağıdır. Sizcə niyə?

– Bizi Hollivudla müqayisə etmək düzgün deyil. Amerika aktyorlarının yaşam tərzi ilə bizimki arasında fərq böyükdür. Belə də ki, Amma aktyorlarımız da pis yaşamır. Prezident təqaüdü, mükafatı alırlar.

– Söhbət bahalı avtomobil kolleksiyası, villaları olan əcnəbi həmkarlarınızdan gedir…

– Lüks həyat yaşamaq bizlik deyil. Biz sənət üçün yaşayırıq və xalqımıza xidmət edirik.

– Məsələn, sizin üçün önəmlidirmi maşının markası, qiyməti?

– Qətiyyən maraqlı deyil. Bahalı maşınnı da dörd təkəri, bir sükanı var, ucuz maşının da. Əsas odur ki, səni bir məsafədən digər yerə aparsın ayağını yerdən götürsün. Mən 15 ildir eyni avtomobili sürürəm. Heç bahalı maşın sürmək arzusunda da deyiləm.

– Avtomobilinizin markasını deyərdizmi?

– “Fiat Albea”.

– Adam var eynilikdən bezir, avtomobilini tez-tez dəyişir. Eyni avtomobili idarə etməkdən bezmirsiz ki?

– Əksinə, mən “odnolyub”am. Bir köynəkdən xoşum gəlirsə, əynimdən çıxarmıram. Yaxud da kostyum, maşın, hər hansı bir əşya olsun, fərq etməz, xoşuma gəlirsə, əl çəkmirəm, daim istifadə edirəm, dəyişmirəm.

Cəvahir

COP29