Kiber dələduzluq niyə bu qədər yayılır? – “Bu halda, şübhələnmək lazımdır”

“Bizdə isə onlayn ödənişə hələ keçmədiyimizə, ödənişlərin birbaşa kartdan-karta olduğuna görə, müəyyən mənada dələduzluq üçün imkan yaratmış olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında elan saytlarında bəzi dələduzluq halları barədə danışan İnformasiya Texnologiyaları üzrə ekspert Fərid Kazımov deyib.

Onun sözlərinə görə, ilk növbədə elan paylaşan şəxs “beh” istəyən zaman bunu artıq şübhəli olduğunu anlamaq lazımdır.

“Çünki öz malını xüsusilə istifadə olunmuş malını satan şəxsin satıcılıq qabiliyyəti olmalıdır. Qeyd edim ki, xarici analoji saytlarda hə bir satıcının reytinqi olur. Bu reytinqdə baxdıqda başa düşmək olur ki, qarşıdakı şəxs normal satıcıdır. Hətta Çindəki olan elan saytlarında satıcının həmin maldan nə qədər satdığı da görünür. Amma təəssüf ki, Azərbaycanda olan bəzi elan saytları qlobal internetdə 1990-cı illərin əvvəllərində olan bir səviyyədədir. Yəni heç bir reytinqə sahib deyil. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu istiqamətdə həmin platformaları idarə edənlər yanaşmanı dəyişməlidir. İstənilən halda, inam yoxdursa, insanlar da ondan istifadə etmək istəməyəcək. Tövsiyə edərdim ki, dünyadakı olan təcrübəni onlar götürsünlər”, – deyə o əlavə edib.

F.Kazımov qeyd edib ki, xarici saytlarda belə elanlar vasitəsilə olan ödənişlər birbaşa olaraq həmin saytlar üzərindən reallaşır.

“Bizdə isə onlayn ödənişə hələ keçmədiyimizə, ödənişlərin birbaşa kartdan-karta olduğuna görə, müəyyən mənada dələduzluq üçün imkan yaratmış olur. Əgər bu sayt üzərindən həyata keçirilərsə dələduz artıq həmin pulu əldə edə bilməyəcək. Azərbaycan bazarının hələ ki normal olmamasına görə belə dələduzluq problemləri yaranır. Bu sahədə müəyyən addımlar atılmalı, onlayn ödənişlərə keçid olmalıdır. Saytlarda satıcıların reytinqləri olmalıdır. Yəni bu qlobal təcrübəni ölkəmizə də gətirmək lazımdır. Bunlar olarsa, dəfələrlə dələduzların sayını azaltmış olarıq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29