“Lazımi qaydalara diqqət edən vətəndaşların təhlükəsizliyi 99% təmin olunur”.
Bunu kibercinayətlə mübarizədə vətəndaşların üzərinə düşən vəzifələrdən danışan təhlükəsizlik üzrə ekspert Rəşad Rza Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, dünyanın hər bir yerində olduğu kimi Azərbaycanda da son vaxtlar kibercinayətkarlıqla sıx-sıx rastlaşırıq:
“Müxtəlif qurumların adlarından vətəndaşlara link göndərilərək məlumatlarının, sosial hesablarının oğurlanması halları tez-tez gündəmə gəlir. Dövlət kibertəhlükəsizliklə bağlı mühüm işlər görür. Bir müddət öncə kibertəhlükəsizlik forumu keçirildi.
Kibercinayət XXI əsrin ən geniş yayılmış kriminal fəaliyyətlər sırasındadır. İnsanların bir çoxu məlumatsızlıqdan qurbana çevrilir. Vətəndaşlar tam diqqətli olmalıdır. Naməlum zənglərə cavab verilməməli, mesajlara baxmamalı, göndərilən linklərə daxil olmamalıdır.
Bank işçisi, yaxud hansısa qurum nümayəndəsi adından edilən zənglər analiz edilməlidir. Məxvi kodlar paylaşılmamalıdır. Əlavə olaraq, təhlükəsizliyi təmin olunmayan saytlara daxil olmamalı, şəxsi məlumatları daxil etməməlidirlər. Bu kimi lazımi qaydalara diqqət edən vətəndaşların təhlükəsizliyi 99% təmin olunur”.
Nəsimi Ələsgərli