Kıbrıs Türklərinin əfsanəvi müstəqilliyi…

Ümidsiz idilər…Aralıq dənizində yerləşən adada onların başına gətirilənlərdən dünyanın xəbəri yox idi. Kim bilir, bəlkə də xəbərləri var idi ,susurdular?!

Bir an öləcəklərini – yer üzərindən silinmə siyasətinin qurbanı olacaqlarını düşünmüşdülər. Qan qoxuyan şəhərlər onların qətl edildiyindən xəbər verirdi…

Onlarınsa günahı Türk olmaqlarında idi…

Bilirəm, bu günki məqaləmlə barışmayanlar olacaq, amma barışmayanlar bilsinlər ki, bu Ümumi Türk tarixində türk xalqlarından olan Kıbrıslı Türk qardaşlarımızın başlarına gətirilənlərin acı həqiqətidir…

Sürix və London Müqaviləsi haqqında qısa arayış…

Vikipedia ensklopediasında da göstərildiyi kimi, 1959-cu ildə imzalanmış Surix və London müqaviləsinə əsasən Kipr adasında Kipr Federasiyası elan olunacaqdı. Müqavilənin şərtlərinə əsasən qurulan yeni ölkədə yaşayan yunan sakinlərini Makaryos, Kıbrıs Türklərini isə Dr. Fazıl Küçük təmsil edəcəkdi. Kıbrıslı Türklər Fazıl Küçükü “Cəmiyyət Lideri” də adlandırırlar.

1960-cı ildə qurulan Kipr Cümhuriyyəti konstitusyon hüququyla adada yaşayan türklərlə bərabər idarəçilik sistemində qurulmuşdu.

Kıbrıs Barış Hərəkatının başlama səbəbi və nəticəsi…

Türk Silahlı Qüvvələrinin rəsmi qaynaqlarından da göründüyü kimi, 1963-1974-cü illərdə Kıbrıs Türklərinin adada sıxışdırılmağa başlanmış və bunun nəticəsi olaraq üç faiz adada məskunlaşmağa başlamışlar. Türk Silahlı Qüvvələrinin məlum qaynağında araşdırmalar zamanı məlum oldu ki, 1974-cü ildə Makariusu devirən Sampson adanın yunan əsgərləri vasitəsi ilə Yunanıstana birləşdirməyə çalışır. Cunta hakimiyyəti zamanında isə əsgərlər buna qarşı gələn adadakı Yunanları və Kıbrıs Türklərini qətlinə başlamışlar. Sürix və London anlaşmasının 4-cü maddəsi ilə Türkiyənin Kıbrıs Türklərinə yönəlik zəmanət rolunu rəhbər tutan Türkiyə qan qoxuyan adada qırılan Kıbrıs Türklərinin imdadına gəlir…

Rəhmətlik Bülent Ecevitin baş nazirliyi zamanında ümidsiz xalqa köməyə və barışa gələn qardaş Türkiyə əsgərləri adadakı qan qardaşlarını qurtarmaq və barışı gətirmək məqsədi ilə paraşütlərlə adaya pənah gətirmişdi…

Məhz tarixdə birinci və ikinci Kıbrıs Barış Hərəkatı adını daşıyan bu əfsanəvi gəliş onların müqəddəratını həll edəcəkdi…

Bu gəlişdə də rəsmi Ankara ilə əlaqələrin qurulmasında qurucu prezident rəhmətlik Rauf Denktaşın böyük rolu olmuşdur. Mərhum həyatını xalqı üçün təhlükəyə atmış və bunun nəticəsi olaraq haqqında adaya giriş qadağası qoyulmuşdu…

Sonradan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası bu gəlişi “beynəlxalq təhlükəsizliyə və sülhə zidd” kimi məlum qərarında qeyd edəcəkdir.

Ada ikiyə bölünür: hətta paytaxt Lefkoşa da…

İndi anaların göz yaşları silinmişdi. Türk ordusunun bu əfsanəvi gəlişi qan qoxuyan adaya sülh və əmin əmanlıq gətirmişdir. Əsir olanların qorxusu, insan fəryadlarının ahı kəsilməkdəydi bu adada… Kim bilir bəlkə də bu əfsanəvi gəliş olmasaydı, indi biz onları yer üzündə görə bilməyəcəkdik…

Türk ordusunun gəlişi ilə ada ikiyə bölünür, sərhədlər çəkilir. Kipr Respublikasının paytaxtı o zaman Nikosiya adlandırılan şəhər də tən sərhədlə ikiyə ayrılır. Sərhəd telləri ilə iki ayrı xalq iki dövlətdə yaşamalı olur. Sonradan rəsmi Türkiyə bu bölünüşü adada sülhün bərqərarı kimi qiymətləndirdi. Kıbrıslı Türklər adanın cənubundakı yunanlara (rumlara) məxsus ölkəni “Güney Kıbrıs Rum Kesimi” (Cənubi Kipr Respublikası) adlandırır. Kıbrıs Türkləri isə öz respublikalarını 1983-cü ildə elan edirlər. Elan olunmuş bu respublika “Kuzey Kıbrıs Türk Cumhuriyyəti” (Şimali Kipr Türk Respublikası) adlandırılır. Qardaş Türkiyə Cümhuriyyəti ölkənin müstəqilliyini tanısa da Birləşmiş Millətlər hələ də bu ölkənin müstəqilliyini tanımamaqdadır. Zamanın BMT baş katibi Kofe Annan tərəfindən məlum “Annan” (2004) planı kimi tanınan ümumi adada sakinlərinin referendum səsverməsi özünün müsbət nəticələrini də verə bilmədi ki, bu günə qədər də tarixdə Kipr problemi həll edilə bilməməməkdədir. Cənubi Kipr tərəfdə qalan paytaxt hissəni onlar Nikosiya adlandırırlar. Bizim Şimali tərəfdəki paytaxt hissə isə Lefkoşadır.

Bu gün Kuzey Kıbrısta bayramdır…

Bu gün Kuzey Kıbrıs Türk Cumhuriyyətində milli bayram günü kimi qeyd olunur. Çünki Kıbrıs Türkləri millət olaraq mübarizə və əzim veriblər. Türk dövlətlərinin ən kiçik, amma şah əsəri olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1974-cü ilin bu günü öz talelərini həll etmişdir. Belə ki, Şekspirin təbiri ilə desək “olum ya ölüm” dolusu bir tarixin imtahanından varlıqları ilə – mübarizələrində varlıqlarını təcəssüm etdirərək qalib gəliblər. Bu gün Türkiyə ordusunun gəlişini onlar Milli Müstəqillik Günü kimi qeyd edirlər.

Biz də öz sıramızda qardaş Kipr Türklərinin bu müstəqillik bayramını təbrik edirik…

Elçin Süleymanov