!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kiçik bir Ermənistanın bəyanatları heç vaxt İsraili yolundan döndərməyəcək" - Hərbi ekspert

!Reklam – Yazi

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İsrailin silah ticarətinin erməni xalqının məhvinə səbəb olduğunu, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyini dilə gətirib.

İsrailin Azərbaycana silah satışından narazılıq edən erməni nazir, Ermənistanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu da söyləyib.

Erməni nazirin səsləndirdiyi fikirlərə hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-da münasibət bildirib.

Ermənilərin sülh danışıqları görüntüsü yaratdığını deyən Tərlan Eyvazov bildirib ki, qarşı tərəf bunun üçün ciddi cəhdlər edir:

“Rusiya xarici işlər naziri Lavrovun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Bu görüşdən sonra hər iki tərəf fərqli bəyanatlar verməkdədir. İllər öncə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar zamanı müəyyən danışıqlar formatı formalaşıb. Ermənistan da bəzi məsələlərə razılıq verir. Ancaq erməni tərəfi vaxt keçdikcə bəzi məsələlər üzrə cığallıq edir və vaxtı uzadır. Ümumilikdə, Ermənistan rəhbərliyi problemin aradan qaldırılmasına razılıq verə bilər. Ancaq Ermənistanda olan silahlı terrorçular, digər xalq qruplaşmaları və xaricdə olan erməni lobbisinin fikri başqa cürdür. Onlar düşünür ki, işğal etdikləri ərazi gələcəkdə böyük Ermənistan ideyasının həyata keçirilməsində yardımçı olacaq. Onlar başa düşmək istəmirlər ki, indi vəziyyət başqadır. Bəlkə də, Qarabağ problemi ətrafında gedən danışıqlarda üç müxtəlif qütbdə dayanan ABŞ, Fransa, Rusiya kimi fövqəldövlətlərin başqa məsələdə fikirləri uzlaşmır, ancaq bu problemdə eyni hədəfə vururlar. Onların əsas fikri ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafında olan rayonlar verilməlidir. Dağlıq Qarabağın status məsələsi isə gələcəkdə gündəmə gəlməlidir. Ətraf ərazilərin geri qaytarılması prioritet olaraq hər üç ölkə tərəfindən dəstəklənir. Bütün bunlara baxdıqda görürük ki, Ermənistanın yeni rəhbərliyi yalnız manipulyasiya etməyə çalışır. Yalnız və yalnız danışıqları müxtəlif bəhanələrlə uzatmağı qarşılarına məqsəd qoyublar”.

Tərlan Eyvazovun sözlərinə görə, ermənilərin danışıqları uzatmaq bəhanələrindən biri də İsrail-Azərbaycan münasibətlərini misal gətirmələridir:

“İsrail-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edir. Ermənistan tərəfi indi də bildirir ki, erməni əsgərləri yalnız İsrailin Azərbaycana satdığı silahlarla öldürülür. Burada da Azərbaycan prezidentinin dediyi bir ifadə yerinə düşür – “erməni əsgərin Ağdamda, Füzulidə nə işi var ki, ölsün də”.

Azərbaycan tərəfinin öz arsenalını müasir silahlarla təmin etməsi heç kimi çəkindirməməlidir. Azərbaycan nəinki İsraildən, eləcə də Rusiya, Belarus, hətta ABŞ-dan da silah alır. Silah satan şirkətlər təbii ki, müştəri axtarırlar. Onlar Ermənistan kimi yalvarışla yox, Azərbaycan kimi nağd pulla silah alan dövlətlərlə iş görürlər. Azərbaycan öz arsenalını gücləndirmək və yeniləmək üçün silah alışına davam edəcək”.

Azərbaycanın İsraildən silah almasına Ermənistanın reaksiyasına gəldikdə isə hərbi ekspert qeyd edib ki, erməni tərəfi dəfələrlə İsraildən silah almaq istəyib:

“İsrail tərəfi ermənilərin təklif və təhdidlərinə məhəl qoymayıb. Ümumiyyətlə, ermənilər yəhudi dövlətinin atdığı addımlar kimi hərəkət etmək istəyirlər. Bu da İsrail dövlətində qıcıq yaradır. İsrail Azərbaycanla apardığı siyasəti ermənilərlə aparmaz, çünki onların Ermənistana antipatiyası var. Ermənistan istəyir ki, müsəlman ölkələri arasında olub, İsrail olsun, ancaq bu qeyri-mümkündür. Rusiya kimi ölkənin qarşısından qaçmayan, bütün ərəb dövlətlərinin qarşısında duruş gətirən İsraili kiçik bir Ermənistanın bəyanatları heç vaxt yolundan döndərməyəcək”.

Səxavət Məmməd

www.yenicag.az

3628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv