Kilsənin Paşinyana qarşı etiraz aksiyalarının PƏRDƏARXASI: Baş nazir bu addımları atmağa hazırlaşır

“Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə baş verən etiraz, yaxud kilsənin təşkil etdiyi yürüş fonunda istefa edəcəyini düşünmürəm”.

Bu sözləri Yenicag.az-az açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

O, erməni Qriqoryan kilsəninin Paşinyan hakimiyyətinə qarşı başlatdığı etiraz aksiyalarının pərdəarxası məqamlarına toxunub.

E. Şahinoğlu xatırladıb ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra 1 ay davam etirazlar belə Paşinyanı istefaya məcbur etmədi, nəinki bir neçə minlik yürüşün Paşinyanı nəyəsə diktə edəcəyi mümkün görünmür.

“Proses davam edir, sərhədlər müəyyənləşir, dirəklər basdırılır, sadəcə, Paşinyan imkan verir ki, radikallar bir az çığırıb bağırsınlar. Amma bir müddət sonra onların bağırış-çığırtıları heçə enəcək. Çünki yürüş və etiraza qatılanların sayı on minlərlə deyil. Elə olsaydı, baş nazir bunu nəzərə alıb, hər hansı bir addım atardı – istefa, yaxud qorxusundan sərhədlərin müəyyənləşməsi prosesinə fasilə verərdi. Amma radikalların hələlik cəmiyyətdə hər hansı bir böyük dəstəyi yoxdur. İrəvanda da böyük mitinqlər keçirmirlər. Bu mənada, onların sərhəddə həyata keçirəcəyi etiraz aksiyasının ümumi prosesə mane olacağını zənn etmirəm”, – deyə o bildirib.

Qeyd edək ki, erməni tarixində daim hakimiyyətə və xalqa təsir gücünə malik olan kilsə bu dəfə də baş verən hadisələr fonunda təşəbbüsü ələ almaq niyyətindədir. Lakin İrəvanda hesab edirlər ki, Ermənistanda bütün rıçaqları əlinə alan baş nazir Nikol Paşinyan müxalifəti zərərsizləşdirdiyi kimi, onun kilsənin də fəaliyyətində maneələr yaradacağı istisna edilmir.

Rafi Müslümov

COP29