Kim və Trampın görüşü – Pusquda duran Çin və Rusiya

ABŞ prezidenti Donald Trampla Şimali Koreya prezidenti Kim Çen İnin maraqla gözlənilən görüşü baş tutub.

Tramp və Kim Çen İn arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb. Sənəddə həmçinin tərəflərin bundan sonrakı ABŞ-Şimali Koreya münasibətlərinin inkişafı ilə bağlı geniş fikir mübadiləsini davam etdirmələri əks olunub.

Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbçilərin qalıqlarının axtarılması barədə də razılığa gəliblər.

Bir müddət öncə ABŞ-la Şimali Koreya arasında müharibə an məsələsi kimi görünürdü, ancaq bu iki dövlət başçısının bir araya gəlməsi və anlaşması bölgədə yeni dönəmin başlayacağının siqnallarını verir.

Tramp və Kim Çen İn arasında görüşün nəticələri və bölgədəki vəziyyəti politoloq Elşən Manafov Yenicag.az-a şərh edib:

“Görüş ərəfəsində müzakirə edilən məsələlər bəlli idi. Ağ ev Şimali Koreyaya nüvə çalışmaları ilə bağlı proqramından imtina edəcəyi,eləcə də Cənubi Koreya ilə münasibətlərin hər iki dövlətin maraqlarına cavab verəcək konteksdə bərpa edəcəyi təqdirdə bu ölkəyə tədbiq olunacaq sanksiyaların götürüləcəyini vəd etmişdi. Bundan əlavə, rəsmi Pxenyana maliyyə kredit dəstəyinin veriləcəyi, təbii ki, deportamentin qara siyahısından Şimali Koreyadakı rejimin çıxarıla biləcəyi də Tramp adminstrasiyasının vədləri arasında yer almışdı. Danışıqlar ərəfəsində Rusiyanın xarici işlər naziri Lavrovun Kim Çen İnlə görüşü baş tutdu. Həmin görüş əslində Ağ evdə və ABŞ prezidenti Trampda məyusluq, narazılıq yaratdı. Tramp Rusiya xarici işlər naziri Lavrovun həmin görüşdən sonra verdiyi bəyanatlara münasibətdə kəskin mövqe sərgilədi.

Əslində Şimali Koreya və ABŞ rəhbərlərinin görüşü ərəfəsində rəsmi Pxenyanın nüvə silahından imtina etməyəcəyinə dair ehtimal böyük idi. Biz Liviya rejiminin aqibətini xatırlayırıq. Qəddafi də ABŞ-ın təklif etdiyi şərtlərlə razılaşdıqdan sonra ABŞ-ın başçılığı ilə Qərb koalisiyası Liviyanı bombaladı. Nəticə etibarı iə bu hadisələr Qəddafi rejiminin devrilməsi ilə nəticələndi. İlk baxışda ABŞ Liviyaya, İraqa, Əfqanıstana demokratiya gətirəcəyi ilə bağı şirin vədlər verirdi. Ancaq bu ölkələrdə nəinki demokratiya bərqərar olmadı, həm də formal olaraq suveren dövlətlər kimi qalsalar da, faktiki olaraq həmin ölkələrin müstəqil dövlət kimi siyasət yeritməsi sual altına düşdü”.

Şimali Koreyanın ona ünvanlanan vədlərə şirniklənəcəyi təqdirdə Pxenyan rejiminin çökəcəyinin birmənalı olduğunu deyən politoloq qeyd edib ki, Kim Çen İn rejimi heç bir vəclə buna getməz:

“Koreya yarımadasında iki fərqli dövlət, iki fərqli iqtisadi və siyasi sistem məhz soyuq müharibə illərində yaranıb. 1950-53-cü illərin Koreya müharibəsi əslində Koreya yarımadasının 38-ci paralel üzrə ikiyə bölünməsinə səsəb olmuşdu. Cənubi Koreyada dəfələrlə dövlət çevrilişləri yaşanıb və həmişə ABŞ-ın dəstək verdiyi qüvvələr hakimiyyətdə olublar. Bununla bərabər Cənubi Koreyanın iqtisadi inkişafı göz qabağındadır. Şimali Koreya isə Çin və Rusiya ilə razılaşdırmadan ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməyə də bilər. Maraqlı məqam da ondan ibarətdir ki, Şimali Koreya rejiminin arxasında məhz Çin dayanıb. Çin gözəl başa düşür ki, Şimali Koreyadakı rejimin dəyişdirilməsi ABŞ-la yanaşı, onun əsas rəqiblərindən olan Yaponiyanın da maraqlarına cavab verir”.

Sonda Elşən Manafov vurğulayıb ki, Çin və Rusiya ilə ciddi razılıq əldə olunmayacağı təqdirdə Şimali Koreyadakı rejimin ABŞ-ın təklif etdiyi şərtlərə güzəştə gedəcəyini yaxın beş ildə gözləmək olmaz.

Səxavət Məmməd

COP29