Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsəgərov bu gün Fəxri Xiyabanda mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edib.
Yenicag.az xəbər verir ki, “Tsn.az”-a açıqlama verən Vəli Ələsgərov həbsdən azad edilməsi məsələsinə də münasibət bildirib:
“Ailəmin hər bir fərdi adından möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm. Onlar mənə və ailəmə ikinci həyat bəxş edib. Mən ömrümün sonuna qədər Heydər Əliyev yoluna sadiq qalacaq, möhtərəm Prezidentimizin apardığı siyasəti hər zaman dəstəkləyəcəyəm”.
Sabiq nazir həbs edilməsinin səbəbləri ilə bağlı sualı isə belə cavablandırıb:
“Bu barədə geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, haqq nazilər üzülməz. Zamanla kimin kim olduğu ortaya çıxacaq. Kimin haqlı, kimin haqsız olduğu bilinəcək.
Ulu Öndərimizin belə bir müdrik kəlamı var: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Həqiqətən də ədaləti ədalətsizliklə bərpa etmək olmaz. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi ədalətli rəhbəri var. Belə bir Prezidenti olan dövlətdə günahsızın sona qədər cəzalandırılması sadəcə mümkün deyil. Mən hər zaman Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmuşam. Bir daha deyirəm, zamanla hər şey aydın olacaq”.
Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə həbs edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Vəli Ələsgərov azadlığa buraxılıb.