Kimlər Azərbaycanın ÜTT-yə üzv olmasını əngəlləyir? – Səbəblər

world-trade-organization-1-638“Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəmir. Açığı aparılan danışıqların mahiyyəti də üzv olmamaq və ya prosesi gecikdirmək üçündür. Bu da təəssüf doğurur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söylədi: “Azərbaycan bildiyiniz kimi, 1997-ci ildən, demək olar ki, qonşuluqda yerləşən ölkələrlə eyni zamanda, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı danışıqlara başlayıb. Ermənistanla, Gürcüstan 2004-cü, Rusiya 2013, Qazaxıstan isə 2014-cü ildə ÜTT-yə üzv oldu. Azərbaycan isə hələ də prosesi yubadır. Çünki, Azərbaycan ÜTT-yə üzv olarsa, gömrük və vergi qanunvericiliyini beynəlxalq standartlara uyğun hala gətirməlidir. Bundan udan isə ancaq Azərbaycan əhalisi olacaq. Çünki, bu halda ölkəyə ucuz və daha keyfiyyətli malların sərbəst axını ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Belə vəziyyət isə ölkədə qiymətlərin aşağı düşməsilə nəticələnə bilər ki, bu da məmur biznesmenləri, yerli inhisarçı dairələri qane etmir. Ona görə də hələlik hökumət quruma üzv olmaqdan daha çox olmamağa çalışır. Azərbaycan hökumətinin yeganə arqumenti odur ki, ÜTT-yə üzv olmaqla bu qurum kənd təsərrüfatına ayrılan subsidiyaların dayandırılması tələbini qoyacaq. Amma əslində bu belə deyil. ÜTT-nin qaydalarına görə də yeni üzv olan ölkələrə azı 10 illik keçid dövrü tanınır. Bu da kifayər qədər böyük bir zaman kəsimidir. Azərbaycan hökuməti isə bunu bəhanə edərək quruma üzv olmaqdan yayınır. Üzv olmaqdan yayınmaqda əsas səbəb isə hökumətin gömrükdə olan “oyun” qaydalarını dəyişmək istəməməsindən qaynaqlanır”.

 

ELÇİN