“Kimlərsə ayağımın altını qazmaqla məşğuldur” – Azər Həsrət

“Son bir neçə gündə qulağıma çatır ki, guya MŞ İdarə Heyətinə seçilmək istəmirəm”.

Yenicag.az xəbər verir ki, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Azər Həsrət özünün “Facebook” səhifəsində ona qarşı kampaniya aparıldığını yazıb.

Jurnalist paylaşdığı statusda MŞ İdarə Heyətinə seçilmək iddiasını açıq şəkildə bəyan edib:

“Dostlar və dostların dostları. Martın 10-da Mətbuat Şurasının (Azərbaycan jurnalistlərinin) VII qurultayı keçiriləcək. Qurultayda MŞ İdarə Heyətinin 17 üzvü, eyni zamanda onların arasından bir nəfər sədr seçiləcək.

Bəlli olduğu kimi, mən də MŞ qurucularından biri, eyni zamanda İdarə Heyətinin üzvüyəm. Qurultayda yenidən bu vəzifəyə iddia etmək fikrim var və dostlar sağ olsunlar ki, adımı namizədlər siyahısında göstərirlər.

Amma son bir neçə gündə qulağıma çatır ki, guya MŞ İdarə Heyətinə seçilmək istəmirəm. Yəni kimlərsə mənim ayağımın altını rəsmən qazmaqla məşğuldur. Eyni təbliğatı jurnalistlərə ev paylananda da etmişdilər. Məndən soruşmadan iddia etmişdilər ki, Azər Həsrət ev istəmir.

Ona görə də əziz dostlar, belə şayiə yayan ünsürlər olanda ağzının üstündən vurmaqdan çəkinməyin. Mən MŞ İdarə Heyəti üzvlüyünə iddialıyam və buna haqqım da çatır. O kəslər ki, məni ordan sıxışdırmaq istəyir, onların arzusunu birgə səylərlə ürəklərində qoymaq artıq bizim üçün bir vəzifə oldu!”

COP29