!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - Təşkilat sədrindən müxaliflərinə sərt sözlər

!Reklam – Yazi

“Türkiyə Universitetlərinin Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov Yenicag.az saytına müsahibə verib.

O, müsahibə zamanı keçiriləcək “Böyük Tələbə layihəsi – 25”-dən, eləcə də, bir sıra maraqlı məqamlardan söz açıb.

– Çingiz müəllim, söhbətimizə ilk olaraq “Böyük Tələbə” Layihəsindən başlayaq. Bu ideya necə ərsəyə gəldi?

– Türkiyə Cümhuriyyəti türk dövlətlərinə müəyyən layihələrin həyata keçirilməsiylə bağlı dəstək verən ölkələrdən biridir. Azərbaycan da müstəqilliyini elan etdikdən sonra qardaş ölkə ilə birgə əməkdaşlıq layihələri həyata keçirməyə başladı. Həmin layihələrdən biri də “Böyük Tələbə” layihəsi idi. Bu layihənin həyata keçirilməsindən sonra dünyanın bir çox türk dövlətləri, o cümlədən Azərbaycan da daxil olmaqla, ümumilikdə 10 mindən çox tələbəyə təhsil almaq imkanını yaratdı. Ölkəmizdən 929 nəfər gənc Türkiyəyə təhsil almağa göndərildi.

– Təhsil alan gənclərimiz üçün hansı şəraitlər yaradılırdı?

– Həmin şəxslər universitetlərdə pulsuz təhsil, təqaüd, geyim və yataqxanalarla təmin olunurdu. Həmçinin bələdiyyələrə gediş haqlarının pulsuz olması üçün təlimat verilmişdi. Yadıma gəlir, bir neçə müddətdən sonra Ulu öndər Heydər Əliyev Türkiyəyə səfər etmişdi. Burada tələbələr üçün yaradılan şərait, onların problemləri haqqında şəxsən özü maraqlanmışdı. Vətənə gedib-gəlmə probleminin olduğunu bildikdə isə aidiyyatı qurumlara həmin problemin aradan qaldırılması üçün tapşırıq da vermişdi. Məhz bundan sonra tələbələr ildə bir dəfə olmaqla Azərbaycana gedib-gələ bilirdilər.

– Məlumdur ki, hər bir tələbənin uğurlu karyera qurmaq üçün arzusu, istəyi olur…

– Təbii ki, hər birimizin arzusu tezliklə vətənə dönüb, uğurlu kadr kimi işləmək idi. Özüm də Türkiyədə Azərbaycanın diasporası kimi fəaliyyət göstərirdim. Bu müddət ərzində Türkiyə bizim üçün artıq ikinci vətən rolunu oynayırdı. Hətta onu da deyə bilərəm ki, bəzi gənclərimiz arasında evlilik həyatı quranlar da oldu. Bugünkü gündə də həmin gənclərin Azərbaycan dövləti üçün fərqli sektorlar üzrə xidmət etməsi çox sevindirici haldır və bizim uğurumuzdur. Çünki yeni qurulmuş dövlət üçün Türkiyə, demokratik ruhlu, müasir düşüncəli gənclər yetişdirərək kadr boşluğunun doldurulması üçün şərait yaratmışdı. Proyektimizə gəlincə, qeyd etmək istəyirəm ki, böyük və uğurlu bir layihədir. Bu layihə ilə yalnız Türkiyə vətəndaşları ilə deyil, Qazaxıstan, Özbəkistan, Tacikistan vətəndaşları ilə də əməkdaşlıq və dostluq edirdik.

– Göründüyü qədərilə, “Böyük Tələbə” layihəsi Azərbaycanda bir yox, bir neçə xətt üzrə inkişaf edir. Çünki “Türkiyə Universitetlərinin Məzunları” İctimai Birliyindən başqa da bu xətt üzrə yolunu davam etdirənlər var…

– Bu hal müsbət xətt üzrə gedirsə, alqışalayiq bir hərəkətdir. Bir neçə dəfə Bakı, İstanbul, Ankara, İzmir məzunlarının keçmiş günləri yad etmək üçün bir araya gələrək, qeyd etdiyini görmüşəm. Lakin buna baxmayaraq, təəssüf hissi ilə deyə bilərəm ki, həmin gənclərə siyasi maneələr, əngəllər törətmək istəyənlər də kifayət qədərdir. Onlardan siyasi düşüncələr üçün istifadə etmək istəyirlər.

– Tutaq ki, yeni bir birlik yaradıldı və tələbələr həmin çatı altında birləşdilər. Siz bunu qısqanclıqla qarşılayacaqsınız, yoxsa özünüzü alternativ görəcəksiniz?

– Xeyr, heç bir alternativ görmürəm. Siyasi partiyalar bir-birinə rəqib ola bilər, amma ictimai hərəkatlar, birliklər rəqib ola bilməz. Azərbaycan Konstitusiyasına, qanunlarına uyğun qurulan dərnəklərə mən də dəstək verməyə hazıram. Hazırda Milli Qeyri Hökumət Forumunun idarə heyətinin üzvüyəm. Türkiyədə təhsil alan gənclərin bir neçə təşkilatı ola bilər. Əksinə bu cür halları alqışlayıram. Məsələn, bizim idarə heyətinin üzvü olan Seymur Verdizadənin QHT-si var.

– Uzun müddətdir ki, TUMİB sədrisiniz. Bəs, nə zaman yerinizi gənclərə verməyi fikirləşirsiniz, yoxsa özünüzü hələ gənc sayırsınız?

– İnsan hər yaşda gəncdir. Məzunlar mənim yerimi tutmaq istəsələr, niyə də istefa verməyim? Bir yerdə çox qalası da deyiləm. Hər zaman istəmişəm ki, bizim təşkilatda digər təşkilatlardan fərqli olaraq, müxalif qüvvələr fəaliyyət göstərsin. Belə olduğu halda təşkilatın inkişafına çox böyük dəstək verir. Elə müxalif qüvvələr var ki, mətbuatda çıxış edərək mənə qarşı aqressiv münasibətlərini bildirirlər. Amma tədbirlərimiz olduqda yenə birləşərək bizim ətrafımıza toplanır və dəstək verirlər. Buna görə də ölkəmizdə fəaliyyət göstərən digər QHT-lərə də arzu edirəm ki, iki-üç nəfərdən ibarət olmasın, genişlənib böyük təşkilatlara çevrilsinlər. Çox istərdim ki, ölkəmizdə fəaliyyət göstərən tələbə təşkilatlarının sayı artsın. Bu, həm təhsil sisteminin formalaşmasına, həm də vətəndaş cəmiyyətinin inkişafına səbəb olur.

– Bir müddət öncə “Türkiyə Universitetlərinin Məzunları” İctimai Birliyinə yeni sədr üçün namizəd irəli sürülmüşdü. İndi isə alternativ tədbirə hazırlıq gedir. Sualın davamı olaraq qeyd edim ki, həmin şəxslər də bildiyimiz qədərilə ciddi bir maliyyə ilə bu işə girişirlər. Sizcə, bu proseslər təsadüfdür, yoxsa?

– Sosial şəbəkələr vasitəsilə hansısa namizədin reklamını aparmaq yeni metoddur. Ola bilər dünyanın əksər yerində bu metoddan istifadə edirlər. Mən özlərini namizəd görən dostlarıma hələ o zaman bildirdim ki, öncə təşkilata üzv olmalısınız. Əks təqdirdə bu düzgün olmaz. Zaman keçdikcə gənclərimiz keçirilən qurultaylar zamanı təşkilatın rəhbərliyinə gələ bilər. Bunu da heç kim əngəlləmir. Alternativə qaldıqda isə mən belə hesab etmirəm. Hansısa bir pullu şəxsin, oliqarxın ortaya çıxıb, Türkiyə məzunlarının əlli, yüz nəfərinə qonaqlıq verməsi kimi hesab edirəm. Pulları var deyə, bina tikir, müəyyən işlər görürlər. Çox istərdim ki, ölkəmizin ticarət qatqısı ilə yanaşı, ictimai həyatında da fəal olsunlar. Lakin bizim təşkilata dəstək verərək, onun loqosu, adı ilə tədbir keçirsəydilər, daha yaxşı olardı. Bununla həm bizim bütövlüyümüzü qoruyardılar, həm də özləri üçün yaxşı olardı. Mən sadəcə, keçirilən o tədbiri yeyib-içmək tədbiri hesab edirəm.

Elvin Paşazadə

www.yenicag.az

4466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv