“Kimsə buna cəhd etsə, nəinki Azərbaycanı, Türkiyəni də…” – Ərdoğanın Şuşaya tarixi SƏFƏRİ – ŞƏRH

“Hadisələr baş verəndən əvvəlki Türkiyə bu məsələdə ehtiyatlı davranırdı. Ərdoğan hakimiyyətə gələndən sonra da, Rusiya ilə yaxınlaşmağa başladılar. Ancaq Ərdoğanın da ilk dövrlər Qarabağ məsələsində iştirakı yox idi”.

Bu fikri Yenicag.az-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri və səfər ətrafındakı söz-söhbətlərə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.

Tərlan Eyvazov bildirib ki, istər Suriyada, istər İraqda, istər Liviyada baş verən proseslərdən sonra Türkiyə dünyada bir gücə çevrildi:

“Hər kəsə məlumdur ki, Suriyada, İraqda, Liviyada Türkiyə ordusu birbaşa Rusiya ordusuna qarşı əməliyyatlar keçirirdi. Çünki Bəşər Əsəd demək, elə Suriya deməkdir. Bütün bunlardan sonra ağıllı bir şəkildə iradə ortaya qoyuldu və 44 günlük Vətən müharibəsi baş verdi. Türkiyə burda bütün dünyanı və Azərbaycanı da heyrətləndirdi. Türkiyə açıq şəkildə bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edərkən üçüncü bir ölkə müdaxilə edərsə, Türkiyə bütün gücü ilə müharibəyə qatılacaq. Türkiyənin Azərbaycana dəstəyi açıq idi. Ancaq Ermənistana heç bir dövlət açıq şəkildə dəstək vermədi. Baxmayaraq ki, Ermənistanın Rusiya kimi, Fransa kimi yaxın müttəfiqləri var, ancaq onlar tərəfindən açıq dəstək nümayişi olmadı. Türkiyə ortaya iradə qoydu. Bunun nəticəsində Azərbaycan işğalda olan torpaqlarını azad edə bildi. Ən əsası Şuşanı işğaldan azad edə bildik. emrənilər özləri də bildirir ki, Şuşaya kim hakimdirsə, regiona, Qafqaza hakimdir.

Müharibədən sonra da, Türkiyənin Azərbaycana dəstəyi artan xətlə getməkdədir. Buna ordu quruculuğu, ərazilərin minalardan təmizlənməsi və Rusiya ilə birgə monitorinq mərkəzində yer almasını deyə bilərik. Türkiyə və Azərbaycan tərəfi istəyirdi ki, sülhməramlıların tərkibində də Türkiyə ordusu təmil olunsun, ancaq Rusiya və Fransanın etirazlarından sonra bu məsələ monitorinq mərkəzi tərkibində öz həllini tapdı. Nədənsə, hansısa baş verən proseslər nəticəsində, Ərdoğanın Bakı səfəri gecikdi, Şuşada tikiləcək məktəb ətrafında da söz-söhbətlər yarandı. Hansısa proseslərin getdiyi hər kəsə məlum idi. Kimlərsə, hansısa güclərsə çox böyük maneə törədirdi. Azərbaycana çox ciddi təzyiqlər var idi. Bayden ABŞ prezidenti seçildi və Ərdoğanla münasibətləri aydınlaşdırdı. Nə ABŞ, nə də NATO Türkiyə kimi bir tərəfdaşını itirmək istəməzdi. Bütün bu hadislərin fonunda, NATO-nun zirvə görüşü keçirildi və Ərdoğan ordan bəyan etdi ki, Füzuli və Şuşaya səfər edəcək və İlham Əliyevlə birgə futbol izləyəcəyik”.

Hərbi ekspert qeyd edib ki, Ərdoğanın Şuşa səfəri tarixi hadisədir:

“Bəlkə də bu gün biz bunu o qədər yaxşı dərk edə bilmirik. Zaman lazımdır ki, biz bunun necə mühüm hadisə olduğunu dərk edək. Bunun necə mühüm hadisə olmasını bilmək üçün tarixə baxmaq lazımdır. 18-ci əsrin əvvələrində Azərbaycan xanlıqları (onlar da feodal dövlətlər idi) işğala məruz qalırdı, onların müttəfiqi olan Qaçar hakimiyyəti lazımi dəstək göstərə bilmirdi. O zaman Qarabağ xanı İbrahimxəlil xan Osmanlı sultanına nümayəndə heyəti göndərmişdi ki, ondan yardım alsın, ancaq bu baş tutmadı. Həmin hadisələrdən 200 ildən çox vaxt keçib, Türkiyənin yardımı indi reallaşa bildi. Ona görə də, bu çox böyük hadisədir. Bir şeyi başa düşmək lazımdır ki, bundan sonra torpaqlarımız işğal altına düşməyəcək. Biz işğaldan azad etdiyimiz Şuşamızda, Qarabağımızda möhkəmlənəcəyik. Bundan sonra da, Azərbaycan dövlətçiliyi möhkəmlənmə və qonşularla dinc yaşama yönündə addımlayacaq. Kimsə buna cəhd edəcəksə, qarşısında nəinki Azərbaycanı, eləcə də Türkiyəni görəcək”.

Səxavət Məmməd