“Tətbiq edilən güzəştlərin kinomuza ən pozitiv proqnozlarla sadəcə, beş faiz təsir göstərəcəyini təxmin etmək olar.”.
Bu fikirləri Azərbaycanda film istehsalının dəstəklənməsi üçün kinematoqrafiya müəssisələrinin vergidən azad olunmasının qeyd olunan sektora mümkün təsirlərini şərh edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu sahədə fəaliyyətin stimullaşdırılması üçün əlavə güzəştlərə də ehtiyac var:
“Tətbiq edilən vergi güzəştləri bir tərəfdən bizi sevindirir. Ona görə ki, bu, dövlətin kino sektoruna diqqətinin göstəricisidir. Amma tətbiq edilən vergi güzəştləri təəssüf ki, bir və ya iki şirkətə aid olacaq. Çünki güzəşt əsasən, əlavə dəyər vergisi ödəyicilərinə aiddir. Kinomuzda isə ƏDV ödəyiciləri yox səviyyəsində olmaqla yanaşı, onların rəsmi mənfəətləri də demək olar, sıfır həddindədir.
Bu səbəbdən, tətbiq edilən güzəştlərin kinomuza ən pozitiv proqnozlarla sadəcə, beş faiz təsir göstərəcəyini təxmin etmək olar. Kinomuzun inkişafı üçün elə vergi güzəştləri lazımdır ki, özəl yatırımçıları kinomuza cəlb edə bilək.
Bundan başqa, kinoda vergi güzəştləri mikrosahibkarlara aid olmalıdır. Çünki kinomuzda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti mikrosahibkar statusundadır. Bu cəhətdən vergi siyasəti üzrə məsul şəxslərin kinoya diqqət ayırması bizi sevindirir. Növbəti güzəştlərin mikrosahibkarlara aid olması çox arzuediləndir”.
Cəvahir