“Kino rəhmətə gedib” deyən məşhur aktrisaya Xalq artistindən CAVAB

“Kimsə kinoya çəkilmirsə, bu, o deməkdir ki, kino rəhmətə gedib?”

Əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqovanın “Azərbaycan kinosu rəhmətə gedib, heç başsağlığı verən də yoxdur”, fikri kino cameəsində müzakirələrə səbəb olub.

Yenicag.az-a açıqlama verən Xalq artisti, tanınmış aktyor Şamil Süleymanlı bu fikirlə razılaşmadığını bildirib.

Xalq artisti filmlərin bu gün də çəkildiyini deyib:

“Zemfira xanımı çox istəyirik, gözəl aktrisamızdır. Yəqin əsəbiləşib, bu sözü deyib. Onu başa düşürəm, “Dəli Kür” filmi kimi əzəmətli bir filmə çəkilib. İndi, əlbəttə, o filmlərdən yoxdur. Axı indi Ələddin Abbasov, Həsən Turabovu haradan tapaq, yoxdurlar. Zemfira xanım kinonun ən gur vaxtlarında filmlərə çəkilib. Həmin gözəl günləri haradan tapaq? Zemfira xanımı nəzərdə tutmuram, mən də eşidirəm, tez-tez belə fikirlər səslənir ki, Azərbaycan kinosu rəhmətə gedib. Razı deyiləm bu fikirlə. Kimsə kinoya çəkilmirsə, bu o deməkdir ki, kino rəhmətə gedib? Bu düşüncəylə götürsək, hər sahədə o qədər çatışmazlıqlar var ki… Bəs “Dolu”, “Yarımçıq xatirələr” filmi film deyil? Mən indi filmə çəkilməyə gedirəm. Böyük məmnuniyyətlə o çəkilməyə gedirəm. Bəlkə də Zemfira xanımın dediyi filmdən olmayacaq, amma kino var, çəkilir”.

Cəvahir