“Film yalnız yaradıcılıq, sənət üzərində dayanmır, bunun üçün pul-para, maddiyyat lazımdır”.
Bu fikirləri “Azərbaycanın Vətən müharibəsindəki zəfərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, deyilən mövzuda niyə hələ də keyfiyyətli filmlər çəkib, dünya arenasına çıxara bilmirik” sualını cavablandıran tanınmış aktyor və rejissor Kamran Yunis Yenicag.az-a açıqlamasında deyib.
O, bu məsələdə maliyyə amilinin həlledici təsirini ən əsas səbəb kimi dəyərləndirib:
“Film yalnız yaradıcılıq, sənət üzərində dayanmır, bunun üçün pul-para, maddiyyat lazımdır. “Vətən, vətən”, – deyə danışmaq azdır. Vətən üçün kimsə nədənsə keçməlidir. Biri günündən, saatından, dəqiqəsindən, biri canından-qanından, sağlamlığından…Hərə bir şeyi qurban verməlidir.
“Pullu əmilər” də pulundan keçməlidir ki, Vətən, Qarabağ, zəfərimiz, qəhrəmanlarımız haqqında dəyərli filmlər araya-ərsəyə gəlsin. Bu olmadığı halda, elə dediklərimiz də söz olaraq qalacaq, vəssalam.
Qaldı ki, dövlət dəstəyinə, fikrimcə, dövlət dəstəyi ilə film olmaz. İqtisadiyyat elə bir səviyyəyə çatmalıdır ki, heç “pullu əmilər”i də axtarmaq lazım gəlməyəcək. Çünki azad iqtisadiyyat şəraitində zəngin adamlar özləri gələcəklər ki, imkan yaradın, film çəkək, nəsə iş görək”.
Cəvahir