Kinomuzun Həcəri: “Atamla anam bir-birini Leyli-Məcnun kimi sevirdilər” – Xalq artistinin qızı

“Atamla anam bir-birini Leyli-Məcnun kimi seviblər. Atam anamı o qədər qısqanırdı ki, ailə qurandan sonra onu filmlərə çəkilməyə də qoymadı…”

Bunu bu gün doğum günü olan anası mərhum aktrisa Mömünat Qurbanova ilə bağlı xatirələrini bölüşərkən qızı Aytən Həsənova Yenicag.az-a açıqlamasında deyib.

O, anasının milli kinomuzda yaratdığı bənzərsiz obrazlarından, eyni zamanda keçdiyi həyat yolundan danışıb. Qızı Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı olan Mömünat xanımın film kimi böyük sevgisindən də söhbət açıb:

“Anam Buzovnada doğulub. O vaxt Buzovnada valideynlər qızlarının İncəsənət institutuna daxil olmasını istəmirdi. Anam öz sözünün üstündə durub və həmin təhsil ocağının tələbəsi olub. Anamı incəsənət aləminə sövq edən isə atama olan hədsiz sevgisi olub. Anam hələ orta məktəbdə oxuyanda atamın vurğunu olub. Arzulayıb ki, nə vaxtsa onu tapacaq və sevgisini izhar edəcək. Belə də olub.

Anam tələbə olanda “Dərviş Parisi partladır” filminə Şərəfnisə obrazına çəkilir. Həmin vaxt atam Ənvər Həsənov da o filmdə baş rol olan Şahbaz bəyi canlandırır. Elə həmin filmdə ilk tanışlıq yaranır və anamla atam arasında sevgi yaşanır. Filmdə nişanlı olan cütlük həyatda da nişanlanır və ailə qurur. Film kimi həyat yaşayırlar. Anam ailə qurduqdan sonra çox filmə çəkilmir. “Qaçaq Nəbi”də Həcər roluna çəkilmək üçün atamı güclə yola gətirirlər. Çünki çox qısqanc idi və anamın kinoya çəkilməsinə qarşı idi. Rejissorlar buna görə atama xahiş-minnət edirdilər, amma atam hər dəfə də buna etiraz edirdi. Amma anam buna görə narahat da deyildi. Çünki onun atama olan sevgisi o qədər böyük idi ki, onun yanında olması onu xoşbəxt edirdi”.

“Bu gün anamın yoxluğu mənim və atam üçün dəhşətli bir itkidir”, – deyən Aytən Həsənova atasının hələ də Mömünat Qurbanovanın y0xluğu ilə barışa bilmədiyini deyib.

Cəvahir