Kinoteatrlarda göstərilən xarici filmlərin çoxu rus dilinə dublyaj olunur. Amerika və ya İngiltərə istehsalı olan ekran işləri “Park cinema”, “Cinema plus” kimi kinoteatrlarda rus dilində olan səsləndirmə ilə yayımlanır, azərbaycan dilində isə alt yazı verilir. Lakin bu hal bəzi kinosevərlərin narazılığına səbəb olur. Belə ki, ölkəmizdə hər kəs rus dilini anlamır, həmçinin bəzi insanlar alt yazı ilə film izləməyi sevmir.
Bəs nəyə görə Azərbaycan kinoteatrlarında xarici filmlər öz dilimizə yox, ancaq rus dilinə tərcümə olunur? Burada hansı amillər rol oynayır? Ölkəmizdə filmlərin Azərbaycan dilinə tərcümə olunması üçün yetəri qədər maliyyə ayrılmır, yoxsa texniki baza zəifdir?
Bütün bu problemlərlə bağlı Yenicag.az-a açıqlama verən “Cinema Plus”un PR meneceri Nərmin Həsənova bildirib ki, bir neçə il öncə bu mümkün olsa da, indi alınmır: “Əvvəllər, biz Azərbaycan dilində dublyaj olunmuş filmləri nümayiş edirdik. Amma bu xidmət böyük xərclər tələb etdiyi üçün dayandırmaq məcburiyyətində qaldıq. Mədəniyyət Nazirliyi dublyaj üçün büdcə ayırmır”.
“Park cinema”nın PR meneceri Sabina Bağırova isə qeyd edib ki, filmlər hazır şəkildə təqdim olunur: “Xarici ekran işləri kinoteatrlara distribütor şirkətlər tərəfindən altyazıları və səsləndirmələr ilə hazır vəziyyətdə təqdim olunur və onların üzərində hər-hansısa bir dəyişiklik etmək kinoteatr olaraq səlahiyyətlərimizə daxil deyil. Əlbəttə ki, filmləri öz doğma dilimizdə nümayiş etdirməyi biz də çox istərdik. Bunu nəzərə alaraq, yerli filmlərə repertuarımızda daha çox yer veririk ki, izləyicilər həm azərbaycan dilində filmləri izləyə bilsinlər, həm də yerli kinomatoqrafiyanın inkişafına dəstək olsunlar”.
Digər tərəfdən isə, BDU-nun “Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmlinin fikirlərinə görə, Azərbaycan televiziyasında göstərilən hər bir film öz dilimizdə yayımlanmalıdır: “Kinoteatrlardan əlavə, televiziyada yayımlanan filmlər də ya Azərbaycan dilində olmalı, ya da alt yazı ilə verilməlidir. Dublyaj ilə bağlı ən böyük problemlərdən biri maliyyədir. Digər bir problem isə, yaxşı tərcümə edə bilmək məsələsidir. Bu gün xeyli sayda proqramlar var. Onlar vasitəsilə dublyajın çətinliklərini və incəliklərini anlaya bilərik”.
Şəhanə Paşa