!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiprdə türk-yunan ittifaqı: 43 illik qarşıdurma aradan qalxır?

!Reklam – Yazi

1974-cü ildən bu yana türk və yunan hissələrinə bölünmüş Kiprdə vahid dövlət yaradılmasına dair çoxtərəfli müzakirələr hələ ki nəticə vermir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Cenevrədə təşkil olunan Kipr danışıqları adanın yunan hissəsi rəhbərliyinin müzakirələri tərk etməsi səbəbindən yenə yarımçıq qalıb.

Məlumata görə, ötən il noyabrın 7-11-i və 20-21-də İsveçrənin Mont Pelerin qəsəbəsində qarant ölkələrin – Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə Kiprin türk və yunan hissəsi rəhbərləri arasında başlayan danışıqlar bu il yanvarın 9-da Cenevrədə yenidən bərpa olunub. Danışıqlar Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mustafa Akıncı, Cənubi Kiprin prezidenti Nikos Anastasiadis, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Yunanıstan xarici işlər naziri Nikos Kosias və Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun iştirakı ilə baş tutub. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqının (Aİ) nümayəndələri də müzakirələrə qatılıblar. Qeyd olunur ki, Cenevrədə tərəflər “Təhlükəsizlik və təminat” adlı konfransın təşkili məsələsində razılığa gəlsələr də, əsas məsələ olan Kiprin vahid dövlət halında birləşdirilməsi üçün hələ uzun məsafə qət edilməlidir.

Cenevrə danışıqlarında praktik nəticə əldə edilməsə də, həmin müzakirələrdə adanın istər türk, istərsə də yunan tərəfinin rəhbərliyi öz mövqelərini daha konkret formada ifadə ediblər. Bu çərçivədə diqqəti cəlb edən əsas məqamlardan biri də Şimali və Cənubi Kipr tərəflərinin adanın birləşəcəyi təqdirdə, daxili sərhədlərin əks olunduğu xəritələri açıqlamalarıdır. Lakin həm türklər, həm də yunanlar qarşı tərəfin masaya qoyduğu xəritəni “qəbulolunmaz” adlandıraraq, rədd ediblər. Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mustafa Akıncı yunanların xəritə variantı haqqında bunları deyib:

“Bu, qəbul olunası bir xəritə deyil. Kipr türklərindən heç kim o xəritə ilə razılaşa bilməz”.

Türk tərəfinin danışıqlarda nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, yunanlar bu dəfə cığallıqlarından əl çəkməyərək, yanvarın 12-də müzakirələrdən yarımçıq çəkiliblər. Yunanıstan və Cənubi Kipr ada üçün müəyyən olunmuş qarant-dövlətlər statusunun ləğvini, o cümlədən Türkiyə hərbi kontingentinin çıxarılması tələbində israrlı olublar. Bu tələblərinin rədd edildiyini gördükdə isə əvvəllər də yol verdikləri davranışı – danışıqları tərk etmək yolunu seçiblər.

Danışıqların bərpa olunacağına ümid edən BMT-nin baş katibi Antonio Qutteresin fikrincə, tərəfləri ortaq məxrəcə gətirmək mümkündür:

“Təhlükəsizlik və təminat məsələsi ilə bağlı Türk və yunan tərəfinin narahatlığını başa düşürük. Aydındır ki, bu istiqamətdə qət olunası daha uzun məsafə və görüləsi çox iş var”.

Əslində, yunan tərəfinin qeyri-konstruktivliyi danışıqların lap əvvəlində özünü göstərdi və onların bu tərzi davam etdirəcəklərinə dair şübhələri bir az da qətiləşdirdi. Türkiyə və Şimali Kipr əlavə ajiotaj yaranmaması üçün danışıqların konkret müddəti əhatə etməsinin məqsədəuyğun olduğunu bildirdilər. Eyni zamanda, təklif etdilər ki, adanın birləşdirilməsi üçün federal ittifaq prinsipi əsas götürüləcəksə, bu məsələ qısa müddətdə öz həllini tapsın, əks halda, alternativ variantlar nəzərdən keçirilsin. Lakin yunanlar anlaşma üçün konkret müddət seçilməsinin əleyhinə çıxdılar.

Maraqlıdır ki, nüfuzlu “Politico” qəzetinin Avropa nəşri də danışıqların yarımçıq qalmasına görə yunanları günahlandırıb. “Politico”nun bu yanaşmasından qeyzlənən Yunanıstanın xarici işlər naziri Nikos Kosias həmin nəşri “Türk yiyələri”nə “işləməkdə” ittiham edib. Bundan başqa, “Politico” Kipr probleminin həllinin uzanmasında və Cenevrə danışıqlarının yarımçıq qalmasında Rusiyanın təsirinin olduğunu yazıb. Rusiya rəsmiləri də bu fikirlərə görə, “Politico”ya etirazlarını bildiriblər.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu danışıqlardan sonra verdiyi açıqlamada bu müzakirələrin sonsuza qədər davam etməsinin mümkünsüzlüyünü bəyan edərək, bunun üçün konkret təqvim müəyyənləşdirilməsinin vacibliyini bildirib. Çavuşoğlu əlavə edib ki, tərəflər arasında yaxın günlərdə bərpa olunması gözlənilən müzakirələrdən sonra qarant ölkələrin xarici işlər nazirləri arasında növbəti məsləhətləşməyə ehtiyac var.
Cenevrə danışıqlarının gedişi ilə bağlı fikirlərini açıqlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə yunanların yuxarıda qeyd olunan tələblərinə kəskin və qəti münasibət bildirib. O, Türkiyə hərbi kontingentinin Şimali Kiprdən çıxarılmayacağını bəyan edib:

“Şimali Kipr danışıqlarda səmimi mövqe tutur, lakin Yunanıstan… Türkiyə ilə müqayisədə bu qarant ölkənin başqa gözləntiləri var. Türk hərbçilərinin Kipri tərk etmələrindən söhbət belə gedə bilməz”.
Yunanların danışıqları yarımçıq tərk etmələrinə baxmayaraq, qarant ölkələr müzakirələrin bərpa olunması üçün səy göstərməkdədirlər. Məlumata görə, danışıqların yanvarın 18-də bərpa olunması artıq razılaşdırılıb və müzakirələr həm ikitərəfli, həm də qarant ölkə təmsilçilərinin iştirakı ilə davam etdiriləcək. Yeni müzakirələrdə müəyyən anlaşma əldə olunarsa, o halda danışıqlar daha yüksək səviyyəli təmsilçilərin iştirakı ilə növbəti mərhələyə keçəcək. Adada federal dövlətin yaradılması məsələsi də məhz həmin danışıqların əsas mövzusu olacaq.

Kipr danışıqlarının mümkün nəticələrini Yeniçağ.Az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, müzakirələr zamanı müəyyən ziddiyyətlərin ortaya çıxmasına baxmayaraq, tərəflərin bu dəfə razılığa gəlmək ehtimalı xeyli yüksəkdir:

“Kiprin birləşdirilməsi ilə bağlı Cenevrədə başlanmış danışıqlar yunanların iddiaları üzündən yarımçıq qalsa da, müzakirələrin yekununda ortaq məxrəcə gələcəkləri çox real görünür. Xüsusi qeyd etmək istərdim ki, hazırda istər Türkiyə ilə Yunanıstanın, istər Şimali və Cənubi Kiprin, istərsə də böyük dövlətlərin bu problemin öz həllini tapmasında maraqlı olduqları nəzərə çarpır. Hətta deyə bilərik ki, tərəflər bəlkə də ilk dəfədir ki, adanın birləşdirilməsi məsələsində mövqelərini bu qədər yaxınlaşdıra biliblər. Xatırladım ki, tərəflər 1997-ci ildə də BMT-nin o vaxtkı baş katibi Kofi Annanın planı əsasında adanın birləşdirilməsinə razılıq vermişdilər. Lakin Cənubi Kiprdə keçirilmiş referendumun nəticələri o planın həyata keçirilməsinə imkan vermədi. İndi isə vəziyyət fərqlidir. Danışıqların gedişində müəyyən çətinliklər ortaya çıxsa da, müzakirələrin davam etdirilməsi qərara alınıb və yekunda müsbət qərarın qəbul edilməsi gözlənilir. Şəxsən mən bu proseslə bağlı nikbin qənaətdəyəm.

Cenevrədə danışıqların yarımçıq dayandırılması məsələsində Rusiyanın əlinin olmasına dair fikirlər isə inandırıcı deyil. Çünki hazırda Türkiyə ilə Rusiya arasındakı əlaqələr çox yüksək səviyyədədir və Moskvanın Ankara ilə münasibətə mənfi təsir göstərə biləcək addımlar atması istisnadır. Əksinə, belə düşünürəm ki, Kipr böhranının həlli siyasi-iqtisadı planda Rusiyanın da maraqlarına uyğundur”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv