Kirayə bazarında davam edən BÖHRANLI VƏZİYYƏT: “Ev sahiblərinin tələbləri də artıb”

“Kirayə bazarının bugünkü vəziyyəti tələbələr üçün böyük problem yaradıb”.

Bu sözləri kirayə bazarındakı mövcud vəziyyəti və pandemiyanın bu sahəyə mümkün təsirlərini dəyərləndirən rieltor Mülkədar Rüstəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son 3 illə müaqayisədə hazırda kirayə bazarında böhranlı vəziyyət müşahidə olunur:

“Bu, pandemiya dövrü ilə birbaşa bağlıdır. Əvvəllər tələbələr qalacaqları evi yay ayından tutur, hətta ev sahibi onlara 100 manat civarında endirim də edirdi. Lakin bu il vəziyyət tamamilə fərqli oldu. Pandemiya dövründə tələbələrin çoxu öz rayonlarına qayıtdılar. Nəticədə paytaxtda tutulan kirayə evlərin sahibləri mənzili başqa adamlara verməli oldu. Tədris ili başlayandan sonra paytaxta qayıdan tələbələrin həmin evlərə əlçatanlığı mümkün olmadı. Son iki ay ərzində kirayə ev üçün müraciət edənlərin əksəriyyəti tələbələrdir. Hətta hostellərdə qalan tələbələr də artıq ucuz kirayə ev axtarışındadılar. Tələbələr daha çox şəhərə yaxın ərazilərdən kirayə ev istəyirlər. Digər tələb qiymətin münasib olmasıdır. Çünki əksər tələbələr işləmirlər. Bu il kirayə verənlərin tələblərində də artım müşahidə olunur. Ev sahibləri qız tələbələrə və ailəli insanlara daha çox üstünlük verirlər. Bu isə tələbə oğlanlar üçün vəziyyəti daha da çətinləşdirir.

Pandemiyanın kirayə bazarına digər mənfi təsiri budur ki, əvvəllər hər il avqust-sentyabr aylarında Rusiyada yaşayan iş adamları Bakıdan ev alırdılar və həmin mənzili kirayə biznesi məqsədilə istifadəyə verirdilər. Bu il isə sözügedən məqsədlə bağlı paytaxta gələn iş adamların sayı azaldı”.

Gülşən Şərif